Azəri N.

 

Musiqi irsimizin ümumi kataloqu hazırlanır


Abutalıb Səmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının davranışları bizi qane etmir

 

 Bir zamanlar siyasi səhnədə müəyyən fəaliyyətləri ilə yadda qalan bəzi partiyalar hazırda sanki qeybə çəkiliblər.
Bəzi müşahidəçilərin fikrincə, onlardan bəziləri daxili parçalanmalara tuş gəlsələr də, digərlərinin fəaliyyətinin hiss edilməməsi rəhbərlərinin başqa işlərə daha çox vaxt ayırması ilə bağlıdır. Azərbaycan Naminə Alyans Partiyasını da ikinci sıraya aid etmək olar. Təsadüfi deyil ki, həmin partiyanın sədri Abutalıb Səmədovun Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyinatından sonra siyasi qurumun fəaliyyəti görünmür. Abutalıb Səmədovla söhbətdə, təbii ki, ilk sualımız onun rəhbərlik etdiyi dövlət qurumu ilə bağlı oldu.

- Müəllif Hüquqları üzrə Dövlət Agentliyinə müraciət şikayətlər çox olurmu?
- Xeyr. Mən deyərdim ki, daxili müraciətlər yox dərəcəsindədir.
- Son vaxtlar Azərbaycanda yeni bəstəkar mahnıları ortaya çıxır. Lakin həmin bəstəkar mahnılarının böyük əksəriyyətinin notunun olmadığı söylənilir. Ümumiyyətlə, siz bununla maraqlanmısınızmı?
- Bizə qeydiyyat üçün müraciət edən müəlliflər müəyyən prosedurlardan keçirlər. Daha doğrusu, qanunun tələblərinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq onlardan lazımi sənədlər götürülür. Eyni zamanda, biz həm Bəstəkarlar İttifaqından, həm ekspertlərdən rəy alırıq. Yəni, onlar bizdə bu şəkildə qeydiyyatdan keçirlər. Ancaq həvəskar bəstəkarlar var ki, not yaza bilmirlər onlar qeydiyyat üçün bizə müraciət etmirlər.
- Bəs, mahnıların studiyalar tərəfindən oğurlanması ilə bağlı faktlar qeydə alınıbmı?
- Belə müraciətlər almamışıq. Studiyalar arasında müəyyən mübahisələr olur. Biz çalışırıq ki, onları həll edək.
- Bəs, beynəlxalq arenada bədhax qonşularımızla mübarizə hansı səviyyədədir?
- Mən bu quruma rəhbərliyə gələndən sonra bununla bağlı hər bir fakta çox çevik operativ reaksiya veririk. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə çox sıx əlaqədə işləyirik. dəfələrlə səfər edərək, hər bir fakta görə çalışırıq ki, məsələ qaldıraq, bədxah qonşularımızın bu əməllərinin qarşısını alaq. Mən hesab edirəm ki, hər halda son dövrlərdə bu istiqamətdə müəyyən işlər görülüb.
- Bəs, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının buna münasibəti necədir? Orada da məsələyə ikili yanaşma varmı?
- Şübhəsiz ki, var. Amma onlar bəzən başqa fakta söykənirlər. Daha doğrusu, bizə deyirlər ki, bütün qonşu dövlətlər arasında belə problemlər var. Ona görə bu məsələdə çox ağır hərəkət edirlər. Onların davranışları şəxsən bizi qane etmir. Bu yaxınlarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı baş direktorunun müavini Azərbaycana gəlmişdi. Mən ona da dedim ki, müraciət edirik, lakin sizin reaksiyanız bizi qane etmir. Təəssüflər olsun ki, onun da cavabı fərqli olmadı. O da "bütün əksər qonşular arasında bu məsələlər olur. Ona görə bizi başa düşün" cavabını verdi.
- Elə isə belə bir variant mümkündürmü ki, siz Azərbaycana məxsus olan oğurlanma ehtimalı mümkün sayılan bütün musiqilərin ümumi bir kataloqunu hazırlayıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatında qeydiyyatdan keçirəsiniz?
- Bu, çox böyük bir işdir. Bununla belə, dediyiniz istiqamətdə gedir. Biz o işə başlamışıq.
- Abutalıb müəllim, siz eyni zamanda bir partiya sədrisiniz. Maraqlıdır, rəhbərlik etdiyiniz partiya prezident seçkilərində iştirak etmək niyyətindədirmi?
- Təbii ki, iştirak etmək fikrimiz var. Amma seçkilərə hələ bir il qaldığına görə konkret fikir bildirmək tezdir.
- Yəni, seçkilərdə sizin partiyanız iştirak edəcək, yoxsa, siz özünüz namizəd kimi iştirak edəcəksiniz?
- Partiya bu ya digər formada seçkidə mütləq iştirak edəcək. Ancaq namizədin kim ola biləcəyini indidən söyləmək mümkün deyil.
- Ümumiyyətlə, sizin vəzifəyə təyinatınızdan sonra ANAP-ın fəaliyyət baxımından "ölü partiyaya" çevrildiyi iddia olunur. Bu fikirlərə münasibətiniz necədir?
- Azərbaycanda indi qədər "diri" partiya var ki? Adətən, partiyalar seçkilər ərəfəsində fəallaşır. Biz əsasən bütün seçkilərdə fəal şəkildə iştirak edən partiyayıq. Ancaq indiki dövrdə siyasi partiyaların fəaliyyəti, biz müxalifət partiyaları daxil olmaqla, çox aşağıdır. Ölkədə ən fəal siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdır. Ona görə "ölü"ləri saysaq, mənə elə gəlir ki, siyahı böyük olar.
- Yəqin sizdən başqa partiyada digər rəhbər şəxslər var?
- Bəli, bütün partiyalar kimi, ANAP-ın da rəhbər strukturları var.
- Bəs, heç olmasa, onlar rayonlara səfər edib, yerli təşkilatlarla görüşlər keçirirlərmi? Ümumiyyətlə, rayonlarda təşkilatlanmanız hansı vəziyyətdədir?
- Əgər mərkəzdə belədirsə, təbii ki, bu, rayonlarda özünü daha bariz şəkildə göstərir. Ona görə rayon təşkilatları da zəif fəaliyyət göstərir. Biz cür işləyiriksə, onlar da o cür işləyirlər. Ancaq seçkilər ərəfəsində kifayət qədər aktivləşəcəyik. Bir daha təkrar edirəm ki, ümumiyyətlə, partiyalar əsasən seçkilər ərəfəsində işləyirlər. Bizlərin bəzilərində belə bir təsəvvür var ki, fasiləsiz olaraq işləməli, yeri gəldi-gəlmədi, görüntü yaratmalıdırlar.
- Elə isə təxminən neçə rayonda yerli təşkilatınız var?
- Bizim son seçkilərdə təxminən 30 rayonda nümayəndələrimiz vardı. Lakin son dövrdə araşdırma aparmamışıq. Ancaq fəaliyyətdən razılıq edə bilmərəm.
- Yaxın gələcəkdə siyasi partiyalar haqqında yeni qanunun qəbul olunması gözlənilir. bu qanunun qəbulundan sonra bir çox partiyaların birləşməsi labüd olacaq. Bəs, ANAP həmin ərəfədə hansısa partiya ilə birləşə bilərmi?
- Bu ola bilər. Tamamilə mümkündür ki, bir neçə partiya birləşsin. Həm rəhbərlərinə, həm partiyalarına hörmət etdiyimiz, bizə doğma olan partiyalar var.
Növbəti parlament seçkiləri ərəfəsində bu partiyalarla birləşməyimiz tamamilə mümkündür

 

Xəzər.- 2007.- 3 noyabr.- S. 15.