AzərTAc xəbər
verir ki, noyabrın 6-da Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Muzey
Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamları ilə təltif olunmuş
mədəniyyət və incəsənət
işçilərinə orden və fəxri adların
təqdimatı mərasimi keçirilmişdir.
Mükafat alanları ölkəmizin Prezidenti adından
təbrik edən mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev son il yarımda mədəniyyət
sahəsində görülən işlər, həyata
keçirilən tədbirlər barədə ətraflı
məlumat vermişdir. Nazir bildirmişdir ki,
mədəniyyət və incəsənət
işçilərinə ulu öndərimiz Heydər
Əliyevin diqqət və qayğı
ənənələrini bu gün Prezident İlham Əliyev
uğurla davam etdirir. Ölkəmizdə yeni
mədəniyyət ocaqları tikilir, mövcud olanlar əsaslı
təmir edilir. Natiq vurğulamışdır ki, Azərbaycan
Prezidenti təkcə son il yarımda ölkəmizdə
mədəniyyət və incəsənətin inkişafı
ilə bağlı 50-yə yaxın sərəncam
imzalamışdır.
Prezidentin 4 illik uğurlu fəaliyyətindən danışan
nazir diqqətə çatdırmışdır ki,
ötən dövrdə ölkəmiz dünya miqyasında
təkcə iqtisadiyyatı ilə deyil, həm də
mədəniyyəti ilə yaxşı mənada
tanınmışdır. Ümumi daxili məhsulun
həcminə görə dünyanın qabaqcıl
dövlətləri sırasında xüsusi mövqe tutan
ölkəmiz mədəniyyətimizin, mənəvi
dəyərlərimizin təbliğində də
yüksək fəallıq göstərmişdir. Ə.Qarayev
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Dünya Mədəni
İrsi Siyahısına salınmasını buna əyani
sübut kimi göstərmişdir. Natiq respublikamızda
mədəniyyət işçilərinə göstərilən
diqqətin nəticəsi olaraq 2008-ci ildə
keçiriləcək prezident seçkilərində
onların yekdilliklə İlham Əliyevə səs
verəcəklərinə inamını ifadə etmişdir.
Tədbirdə nazir "Şöhrət" ordeni, "Xalq
artisti", "Əməkdar incəsənət xadimi",
"Əməkdar artist", "Əməkdar mədəniyyət
işçisi" fəxri adlarının
sənədlərini sahiblərinə təqdim etmişdir.
Fəxri ad alanlar əməklərinə verilən
yüksək qiymətə görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildirmiş,
Azərbaycan mədəniyyətinin inkişafı və onun
beynəlxalq aləmdə təbliği istiqamətində
bundan sonra da yüksək fədakarlıqla
çalışacaqlarına söz vermişlər.
Azərbaycan.- 2007.- 7 noyabr.- S. 5.