Hüseynzadə X.

 

Təyyar Bayramov: Qarabağın işğalı həm də musiqimizə böyük zərbə oldu

 

Deyirlər ki, şöhrət uca qayadır, ilan o qayanı sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla fəth edir. Televiziya muğam müsabiqəsinin qalibi Təyyar Bayramov məhz qalib olmaqla bu zirvəni qartal kimi fəth etmək iqtidarında olduğunu sübuta yetirdi... Təyyar Bayramov gənc xanəndə olmaqla yanaşı olduqca ziyalı, intellektual səviyyəli, savadlı bir gəncdir. Əsl insani keyfiyyətlər istedadla vəhdət təşkil edəndə bütün bunların sahibi cəmiyyətinə daha çox fayda verən bir insana, ümumxalq sevgisi qazanan şəxsə çevrilir. İstedadlı xanəndə Təyyar Bayramov belələrindəndir. Çox sadə, səmimi bir xanəndə olan Təyyarla söhbətimizin səmimi alınmasında onun bütün bu xüsusiyyətləri ilə yanaşı gözəl nitq mədəniyyətinə sahib olması da önəmli rol oynadı... Təyyar Bayramov 1976-cı ildə Ağdam rayonunda anadan olub. Naxçıvan Universitetinin hüquq fakültəsini və Asəf Zeynallı adına musiqi kollecini bitirib. Hazırda Milli Konservatoriyanın 3-cü kurs tələbəsidir. Muğama uşaq vaxtlarından maraq göstərib. İlahi vergisi olan istedadı və muğama böyük sevgisi onu bu sənətin sirlərinə daha dərindən yiyələnməyə vadar edib. A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3-cü yeri tutub. 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsi Təyyarın diqqətini çəkib və həmin müsabiqəyə qatılmağa qərar verib. Müsabiqənin şərtlərinə görə, iştirakçıların yaş həddi 25-ə qədər nəzərdə tutulubmuş. T.Bayramov bu yaş həddini keçdiyindən müsabiqəyə qatıla bilməyib. Həmsöhbətim özü də söhbətə elə onu muğamsevərlərə tanıdan və sevdirən həmin müsabiqəyə necə qatılmağı ilə başladı: "Həmin vaxt 28 yaşım var idi. Seçimə qədər münsiflər heyəti tez-tez müsabiqənin şərtləri ilə bağlı xalqı məlumatlandırırdılar. Həmin ərəfədə münsiflərdən birinin müsahibəsindən oxudum ki, iştirakçıların yaş həddi 30-a çatdırılıb. Beləliklə, müsabiqəyə qatıldım." İfa etdiyi "Mirzə Hüseyn segahı" və "Şahnaz" muğamı ilə 20-liyə qatılan Təyyar Bayramovun həyatında Televiziya Muğam Müsabiqəsi çox böyük dəyişikliklər edib. Böyük əmək sərf olunan və gözlənildiyindən artıq tamaşaçı auditoriyası qazanan Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutan Təyyar Bayramov müsabiqədən əvvəlki və sonrakı həyatını belə müqayisə etdi: "Bu müsabiqə mənimlə bərabər digər iştirakçıların da həyatında böyük dönüş yaratdı. Birdən-birə tanınmaq, məşhurlaşmaq hətta bizim münsiflər heyətində əyləşən böyük sənətkarlarımıza da qismət olmamışdı. Onlar nə qədər çətinliklə, əziyyətlə bu sənətə gəliblər, tanınıblar, seviliblər. Buna görə mən, fürsətdən istifadə edib, bizim çox hörmətli həmin sənətkarlarımıza və müsabiqənin təşkilatçısı - Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Xalq artisti, sənətinə çox böyük rəğbət bəslədiyim aktyor Rasim Balayev bir dəfə məclislərin birində mənə dedi ki, mən də sizin kimi meydana partlayış edərək gəlmişəm. Bu meydan hünər meydanıdı ki, hərəkətlərini tənzimləyib duruş gətirə biləsən. Mənə elə gəlir ki, populyar olsa da, sadəliyini itirməməlidir. Ətrafındakı insanlara qarşı qayğı, sadəlik deyərdim ki, populyar insanları xalqa sevdirmək üçün tələb olunan zəruri şərtlərdəndir". Həmsöhbətim sənətə bir az gec gəlməyinin səbəbini xarakterindəki müəyyən komplekslərlə izah etdi: "Ağır təbiətli olmağım, çəkingənliyim məni çox sevdiyim bu sənətə bir az gec gəlməyə məcbur etdi. Ümumiyyətlə, bir işi görməzdən əvvəl həmişə çox götür-qoy edirəm. Sevinirəm ki, Televiziya Muğam Müsabiqəsinə qatılmaqla uduzmadım, əksinə çox ağır zəhmətim hesabına 1-ci yerə çıxdım. Bu, mənim həyatımda ən böyük uğurum idi. Muğam sənəti çox qiymətlidir, xalqımızın ən zəngin mədəni xəzinəsidir. Eyni zamanda muğam ağır bir musiqi janrı olduğundan ifaçıdan da ağır təbiət, ağayanalıq tələb edir". Təyyar deyir ki, istedadlı olmasına rəğmən, o təbiəti etibarı ilə yalnız muğam ifaçılığını seçə bilərdi: "Muğam ifaçısı geyiminə, oturuşuna, danışığına, ifa zamanı mimik hərəkətlərinə diqqətlə fikir verməlidir. Muğam ifaçıları cəmiyyətdə ən nümunəvi sənət adamlarıdır. Müsabiqə zamanı, Opera və Balet Teatrında sınaq müddəti keçdiyimiz vaxt mənə "Leyli və Məcnun" operasında İbn Səlam rolu verilmişdi. Həmin rolu uğurla ifa etdiyimə görə müsabiqədən sonra məni Opera və Balet Teatrına solist kimi qəbul etdilər. Eyni zamanda müsabiqədən sonra Milli Konservatoriyanın rəhbərliyi mənim həmin təhsil ocağında ikinci musiqi təhsili almağıma şərait yaratdı. Bütün bu nailiyyətlərimdə mənə yaxından köməklik göstərmiş hər kəsə, o cümlədən hörmətli Səyavuş Kərimiyə dərin təşəkkürümü bildirirəm. Öz uğurumu da, digər iştirakçıların əldə etdiyi uğurları da dövlətimizin muğama qayğısı kimi qiymətləndirirəm". Təyyarın səsindəki məlahət, şirinlik muğamsevərləri öz sehrinə sala bildi. Doğma Qarabağımızın yetirdiyi möcüzələrdən olan bu ecazkar səs neçə-neçə dinləyicini ovsunladı. Tamaşaçılar məhz bu səsin, bu ecazkar sənət nümunəsinin sehrinə düşdüyü üçün Təyyarı müsabiqənin birincisi etdilər. Bəs, Təyyar özü hansı sənətkarın səsinin sehrinə düşür, kimləri daha çox dinləyir, hansı sənətkarın sənətindən bəhrələnir? Özü bu barədə bunları dedi: "Daha çox dinlədiyim, səsinin, sənətinin vurğunu olduğum xanəndələr Şahmalı Kürdoğlu, Arif Babayev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Mənsum İbrahimov və digərləridir. Ağdamda yaşayarkən babam həmişə böyük muğam ustadlarının vallarına qulaq asardı. O zamanlar uşaq olsam da, mən də həmin valları, kasetləri böyük maraqla dinləyirdim. Yeri gəlmişkən, məndə muğama həvəs elə həmin vaxtlardan yaranıb. Bu sənətlə məşğul olmağımda isə xalq artisti, istedadlı xanəndəmiz Mənsum İbrahimovun çox böyük rolu olub. Muğamın sirlərini Mənsum İbrahimovdan öyrənmişəm. Sənətə gəlişimi, opera ifaçısı olmağımı müəllimim Mənsum İbrahimovun adı ilə bağlayıram". İndi qarabağlı olmaq həm xoşbəxtlikdir, həm də bədbəxtlik. Xoşbəxtlikdir ona görə ki, Qarabağ kimi səfalı, yurdumuzun dilbər bir guşəsinin havası, suyu ilə böyümüsən. Bədbəxtlikdir ona görə ki, doğulub boya-başa çatdığın doğma torpağın indi düşmən tapdağı altındadır. Təbii ki, bu, hər birimizin dərdi, yaşadığı ağrı-acıdır. Amma etiraf edək ki, nə qədər bu ağrını yaşasaq da, bu dərdi çəksək də öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımız kimi bu yükün ağırlığını çiynimizdə daşıya bilmərik. Təyyar da öz doğma yurd-yuvasından didərgin düşüb. Təyyarın digər gənc muğam ifaçılarından fərqli bir özəlliyi də ondadır ki, ona Qarabağın havasını udub, suyunu içmək qismət olub. Deyərdim ki, səsindəki qeyri-adi şirinlik, məlahət də burdan qaynaqlanır. Bəs, gənc xanəndə özü qarabağlı olmağın xoşbəxtliyini və bədbəxtliyini necə yaşayır? "Təbii ki, biz hər birimiz gördüyümüz işlərlə, sənətimizlə, dövlətimizə vətənimizə xidmət edirik. Lakin hər kəsin doğulub boya-başa çatdığı bir məkan var. O məkan ona bir az da yaxındır, doğmadır. Vətənimə hədsiz bağlı, yurd-yuvasının, el-obasının təəssübünü çəkən, sevən bir insan olduğumdan Qarabağ itkisinin, Ağdam həsrətinin mənimçün necə bir itki olduğunu sözlə təsəvvür etməyə çətinlik çəkirəm. Qarabağ düşmən tapdağında olmasaydı musiqi mədəniyyətimiz də daha gözəl inkişaf edərdi. Kim bilir, necə istedadlı uşaqlar yetişərdi. Qarabağın işğalı həm də musiqimizə böyük zərbə oldu",- bunları da həmsöhbətim dedi. Maraqlıdır, Təyyar Bayramov gənc xanəndə kimi özünü bu sənətin hansı pilləsində görür? O, bu sualımızı belə cavablandırdı: "Bir dəfə mənə belə bir sual verdilər ki, hansı sənətkar gələndə mən məclisi tərk edirəm? Cavab verdim ki, elə bir xanəndə yoxdur ki, o gələndə durum gedim. Əgər bu, meydandırsa, meydandan qaçmaq kişi işi deyil. Bu əzmkarlıq bəlkə də idmançı olmağımdan irəli gəlir. Əgər həmin xanəndə əsl sənətkardırsa, oturub ona diqqətlə qulaq asıb, ondan nəsə öyrənməliyəm. Həmişə ustad sənətkarlarımızla bir məclisdə, tədbirdə olarkən sevinirəm ki, onlardan nəsə öyrənirəm. Amma getməklə heç nə qazanmaq olmaz... Sənətdə özümü hələ çox aşağı pillələrdə görürəm. Zirvəyə qalxmaq üçün öz üzərimdə daim çalışmalı, muğamlarımızın sirlərinə daha yaxından bələd olmalı və pillələrdən zirvəyə qalxmalıyam".

 

525-ci qəzet.- 2007.- 16 noyabr.- S. 7.