Qaliboğlu E.


Musiqi dövlətin ən önəmli mənəvi silahlarından biridir"
Aqşin Əlizadə: "Gərək ortada görkəmli əsər olsun ki, onu yaradana da - "görkəmli bəstəkar"- desinlər"

Tanınmış Azərbaycan bəstəkarı Aqşin Əlizadə bu gün də yazıb-yaradır. Deyir ki, özünü bir gün də olsun, yaradıcılıqsız təsəvvür edə bilmir. Onunla sənət, yaradıcılıq problemləri mövzusunda söhbət etdik.

- Sənətin insana verdikləri çoxdur, aldıqları da...
            - Əlbəttə, hər an sənətə təsəvvürəgəlməz bağlılıq səbəbindən ömrünü itirə də bilərsən. Vaxtilə müəllimlərim Cövdət Hacıyev, Qara Qarayev bu və ya digər dərəcədə sənətdə zərbələr alıblar. Hər halda sənətim mənə dözüm, mübarizə əzmi verdi. Məni sənətlə bağlı narahat edən məqamlar da var. Narahatlığım odur ki, bugünkü professional musiqimizi təmsil edən orta nəsildə belə hissləri o qədər də görmürəm. Hər halda bu, məni qane edəcək ənənə deyil, əgər buna ənənə demək olarsa. İndiki orta nəsil daha çox çalışır ki, imzası, populyarlığı artsın, amma gərək ortada sənət olsun axı? Baxırsan, o, "görkəmli"dir, bu, "görkəmli"dir. Gərək ortada görkəmli əsər olsun ki, onu yaradana da görkəmli desinlər. Məni narahat edən odur ki, indiki yaradıcı gənclərimiz tez ad almağa çalışırlar.
- Maraqlıdır, sizin üçün səslərin birliyi, əsər necə yaranır?
- Bəlkə də duyğularımı sözlə tam çatdıra bilmirəm, amma belədir ki, hər gün qətrə-qətrə yığılan səslər sonda bir yerdə müəyyən bir ahəngi ifadə edir. Özü də bu səslər bayaq dediyim kimi bilaixtiyar gəlir və çox maraqlıdır ki, heç kəs əvvəlcədən bunun qəlibini yaratmır, yarada bilməz də. Çünki yaradıcılıq sırf fərdi məsələdir. Yazıçıda, bəstəkarda, şairdə, həmçinin rəssamda və başqa yaradıcı adamlarda təb, ilham sözün əsl mənasında gərgin zəhmətin bəhrəsi kimi meydana çıxır. Gərgin olur ki, axtarırsan, uzun müddət aydınlığa çıxmırsan. Amma gərək başını itirməyəsən. Səsin bir çalarını indi tapırsan, bir çalarını isə sonradan kəşf edirsən. Məndə belə yaradıcılıq məqamları olur. Mənim aləmimdə iri həcmli musiqi əsəri gərək bir müddət sənin yaradıcılıq rəfində qalsın, zaman-zaman ona yenidən qayıtmalısan, cilalamalısan. Bəstəkarın ilk dinləyicisi onun özü olmalıdır. Heç vaxt tələsməmişəm, illərlə gözləmişəm. Sonuncu üçüncü baletimi 3-4 ildir ki, gözləyirəm, tələsmirəm. Bu, "Qəmli vals" adlanır. Hazırda teatrda bu əsər üzərində iş gedir. Əsər XX yüzilin əvvəllərində Bakıda baş verən hadisələrdən bəhs edir. İki gəncin sevgisi fonunda baş verən hadisələr həmin dövrün ictimai-siyasi həyatına da güzgü tutur. Bu əsərin ümumi ruhu ağlımda çoxdan var idi. Nə qədər qəribə olsa da, bir çox məqamlar 30 il əvvəldən başımda səslənirdi.
- "Babək" baleti haqqında danışaydınız: bu, necə yarandı?"
- Mənim başlıca qaydam heç vaxt tələsməməkdir. 1979-cu ildə "Babək" baleti qəbul olundu. O dövrdə Azərbaycanın görkəmli bəstəkarları bu əsər haqqında çox böyük söz söylədilər, razılıqlarını bildirdilər. Amma əsərin müəllifi olaraq mən onun birbaşa tamaşaya qoyulmasına razılıq vermədim. 7 il bir igidin ömrüdür. Bu müddət ərzində əsər üzərində işlədim, onu yenidən təkmilləşdirdim. Məsələn, bir döyüş səhnəsi xoşuma gəlmədi, o səhnəni yenidən yazdım. Anlayırdım ki, bu, xalqımız üçün son dərəcə gərəkli bir mövzudur, ona görə də əsəri tələsik səhnələşdirməyə tələsmirdim. Gərgin çalışmalardan sonra "Babək" baleti samballı bir əsər kimi meydana çıxdı. Təsadüfi deyil ki, bu gün "Babək" baleti Azərbaycan musiqisi tarixində önəmli yer tutur. Bu yaxınlarda bir Moskva qəzetində oxudum ki, - "Niyə Moskvada "Babək" baleti göstərilmir?". Hər halda bu, bizim biganəliyimizdəndir.
- "Babək" baleti neçə il səhnədə oldu?
- Bir neçə il səhnədə oldu. Ondan sonra vəziyyət qarışdı, aktyorların çoxu teatrdan köçüb getdilər. Amma indi vəziyyət artıq düzəlib. Məncə, bu baletin tamaşasını yenidən bərpa etmək olar. Hər halda indi belə tamaşaları bərpa etmək o qədər də asan deyil. Çünki böyük ifaçıların yerini tutmaq çətindir. Bu gün operamız məncə, yaxşı vəziyyətdədir. Adətən həmişə bizdə yüksək səviyyəli əsərlər səhnələşdirilib. Zəif əsərlərin səhnələşdirilməsi yer tutur, vaxt alır. Şübhəsiz, dinləyicinin zövqünü də pozur. Belə əsərlərə yer vermək olmaz. Gərək teatr bəstəkara desin ki, əsərin filan yeri yaxşı deyil, onu yenidən işləmək lazımdır. Teatr əsəri uzun müddət məşq edir, amma təəssüf ki, o qədər də maraqlı alınmır. Bədii şuralar daha ciddi fəaliyyət göstərməlidir.
- 70 yaşlı Aqşin Əlizadə üçün ömrün-günün hansı vədəsidir?
- Hər halda gerçəklik odur ki, özümdən razı ola bilmərəm. Daxilən rahatam, çünki ortada meydana qoyduğum əsərlər var. Özümə bu sualı demək olar, vermirəm. Halım təkmilləşir, o deməkdir ki, musiqi duyumum da təkmilləşir. Deyirlər ki, insan əsərlərində özünü yazır. Əsas odur ki, əsərdə səviyyə olsun. Əgər səviyyə yoxdursa, o zaman bütün yazdıqların havaya gedir. Mən həmişə orkestlərə yetkin əsər vermişəm. Hərdən yadım düşür ki, bizim dövrün müəllimləri heç vaxt bizi tərifləmirdilər. Musiqi dövlətin ən önəmli mənəvi silahlarından biridir. Əgər musiqi xarabalığa dönürsə, o zaman deməli, dövlətdə böyük qüsurlar baş verir. Amma təəssüf ki, bu gün telekanallarımızda yeni-yeni "bəstəkarlar" meydana çıxıb, səhərdən axşamacan belələrini göstərir.
Prezident təqaüdü alıram. Bütün hallarda öz yolumda möhkəməm, heç kəs məni çaşdıra bilməz. Heç vaxt sözümə xilaf çıxmamışam. Yubileyimdə tələbələrimin fərəhini gördüm, onların şəxsində gəncliyimi müşahidə etdim. Biz hər yerdə Azərbaycanı təmsil edirik. Azərbaycanı "Cip"lərdə gəzən oğlanlar tanıtmır. Biz xaricilərə 5 "Mersedes" göstərərik, onlar bizə 50-sini göstərərlər. Amma bir Azərbaycan baletini göstərərsiniz, deyərlər ki, Azərbaycanda sənət var imiş.
- Yaradıcı adamlar arasında intriqalar həmişə olub, bu gün də var. Hər halda belə çəkişmələrin zərbəsi sonda milətə dəyir. Yaradıcı şəxs yeni əsər yaratmalı olduğu halda enerjisini didişmələrə həsr edir, ya da belə davalara çəkilir.
- Bəli, intriqalar həmişə olub, amma mən belə şeylərə qarşıyam. Bilirəm ki, kimsə tutalım, kiminləsə münasibətimi pozmaq istəyir. Belə şeyləri ən yaxşı halda görməməzliyə qoyuram, onunla da məsələ həll olunur, gedir. Hər şeyə reaksiya versən, onda ömrün qalmaz ki? Görürsən, biri
əsərini tənqid edir, bu da onunla düşmən olur. Mütləq deyil ki, sənin yazdığın hamının xoşuna gəlsin. İntriqalara qoşulan adamlar yaradıcılıqlarına böyük ziyan vermiş olurlar. İntriqaların tarix boyunca böyüklərimizə vurduğu ziyanları da gördük. Şəxsən mənim yanımda heç kəs deyinmir, intriqa aparmır. Belə şeylərə imkan vermirəm.
- Musiqi həmişə insanı ideal üstə kökləyir, idealı ifadə edir. Adamların sifətində gündəlik müşahidə etdiyiniz kədərli məqamlar sizə nə deyir?
- Təbii ki, çox pis təsir edir. Mən həmişə xalqın arasındayam. İşə marşrutla gedib-gəlirəm. Adamları çox görürəm, müşahidələr aparıram. Adam kənd yerində özünün kim olduğunu gözəl görür. İnsanların sifətinə baxanda onların nə düşündüklərini çox gözəl sezirəm. Kimdəsə kobudluq görəndə birbaşa onun xisləti kimi qəbul etmək olmaz, çünki kimində bu hal sonradan, qayğılar nəticəsində yaranıb. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada çox gərgin hallar yaşanır. Hər halda bu, qarnın aclığına-toxluğuna o qədər də dəlalət edən məsələ deyil. Deyə bilmərəm ki, bu gün çoxlu ac adamlar var. Hamı pis-yaxşı çörək tapır. Gərginlik tamam başqa şeylərlə bağlıdır. Onillərlə qana keçən milli qayğılarımız var, necə təsirsiz ötüşsün? Torpaqlarımızda düşmənin gəzdiyi bir vaxtda kim rahat ola bilər? Adamlar yurd-yuvasından didərgin düşüblər. Bu gün bizimlə yaşayan soydaşlarımızın qayğılarını istər-istəməz dərindən hiss etməyə bilmərik. Bu, mənim xalqımdır. Dərdi-səri də mənimdir.
- Şüvəlandan ayrı yaşaya bilməməyinizin səbəbi pünhanlıqlamı bağlıdır?
- Artıq öyrəncəli olmuşam. Şəhərdə də evim var. Amma Şüvəlanın yeri başqadır, orada özüm üçün iş otağı da düzəltmişəm. İlin altı ayını bağda qalıram. Uşaqlıqdan o ağaclara öyrəşmişəm, görməyəndə darıxıram. Sanki o ağaclar mənim qohumlarımdır. O ağacları özüm əkmişəm, indi mənimlə yaşıd olanı da var. O bağ mənim üçün çox əzizdir. Əsərlərimin hamısı Şüvəlanda yaranıb. Ağacların ömrü neynəyəsən ki, insan kimi uzun olmur, hərdənbir onları təzələyirəm. Çox sevdiyim ağac ağ tutdur, əsl bizim yerlərin təbiətinə uyğundur. Qara tut 20-30 ilə gəlib yetkin ağac olur. Şam ağaclarını da çox sevirəm, yay-qış səninlədir.
Köhnə bağ hasarım var, çoxdan çəkdirmişəm. Özümü bağda çox gözəl hiss edirəm. Qonşularımdan da razıyam, onların babaları da qonşum olub. Heç kəs burada mənə mane ola bilmir

 

Xalq cəbhəsi.- 2007.- 8 noyabr.- S. 14.