Qarabağlı S.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə M.Maqomayev
adına Dövlət Filarmoniyasında respublikanın
əməkdar incəsənət xadimi, tanınmış
bəstəkar Rauf Əliyevin anadan olmasının 60
illiyinə həsr edilmiş yaradıcılıq gecəsi
keçirildi.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi,
musiqişünas, professor Ramiz Zöhrabov görkəmli
bəstəkarın 60 illik yubileyi münasibətilə ona
ünvanlanan təbriki oxudu və Rauf Əliyevin
yaradıcılığına ekskurs edərək,
sənətkara yeni uğurlar arzuladı.
Rauf Əliyev çox məhsuldar musiqi xadimidir. O,
müxtəlif janrlarda əsərlər yazır.
Simfoniyaları, konsertləri, xor və kamera
əsərləri, mahnıları, kino musiqisi geniş
ictimaiyyətə yaxşı tanışdır. R.Əliyev
30-a yaxın çeşidli kinofilmlərə bir-birindən
maraqlı musiqilər bəstələmişdir. Azərbaycan
Dövlət Milli Konservatoriyasının rektoru Səyavuş
Kərimi tanınmış bəstəkarın
yaradıcılığına yüksək qiymət
verərək qeyd etdi ki, Rauf Əliyev uzun illərdir
C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının baş musiqi redaktorudur. O, bir çox
filmlərə gözəl musiqilər yazmışdır. Özü
də bu musiqilərin hamısı simfonik orkestrin ifasında
səslənmişdir. Hər bir bəstəkar yaxşı
bilir ki, bu nə qədər çətin və zəhmət
tələb edən prosesdir. Amma buna baxmayaraq R.Əliyev
çox da asan olmayan işin öhdəsindən
məsuliyyətlə və bacarıqla gəlir.
Konsertdə yüksək professionallıqla səslənən
"Ata yurdum - Azərbaycan" odası, "Türk oğlu
irəli" marşı, Qarabağda həlak olan
şəhidlərin xatirəsinə həsr olunmuş
"Memorial - Qarabağ" əsərləri
bəstəkarın böyük
sənətkarlığından, vətənə, torpağa,
millətə bağlılığından,
tükənməz vətənpərvərliyindən
xəbər verir.
Xalq musiqisini dərindən bilən sənətkar həm
də simfonik orkestrə yaxşı bələddir. O,
orkestrdə simli, zərb və nəfəs alətlərinin
yerini çox gözəl bilir. Bu alətlərin hər
birinin səsini incəliyinə qədər duymağı
bacarır. Buna görə də R.Əliyev
əsərlərini məharətlə orkestrləşdirir.
Rauf Əliyevin yaradıcılıq konsertinin ikinci
şöbəsində onun böyük həcmli
əsərləri "Simfoniya"sı və simfonik orkestr
üçün "Konsert"i səsləndi. Hər iki
əsər, xüsusilə simfonik orkestr üçün
"Konsert" özünün forma və məzmunu etibari
ilə qeyri-adi təsirə malikdir. Burada bəstəkarın
virtuozluğu aydın hiss olunur. Təbii ki, virtuoz
əsərlər yaradan, istedad və hünər sahibi olan
hər bir bəstəkarın daxili aləmi də çox
zəngin olmalıdır. Rauf Əliyev məhz belə sənətkarlardandır.
Zəmanəmizin böyük sənətkarlarından biri,
sağlığında klassik bəstəkar titulunu
qazanmış professor Arif Məlikov yubilyar haqqında belə
deyir: "Rauf Əliyev gözümüzün
qarşısında püxtələşmiş
bəstəkardır. O, yeganə sənətkarlardan biridir ki,
sənəti və şəxsiyyəti həmişə
yüksək səviyyədə olmuşdur".
Görkəmli bəstəkarın yaradıcılıq
gecəsinin yüksək səviyyədə keçməsinin
əsas səbəbkarlarından biri də sənəti və
sənətkarlığı ilə hər zaman qürur
duyduğumuz, dünyanın müxtəlif
ölkələrində Azərbaycan, türk və Avropa
bəstəkarlarının əsərlərini öz
interpretasiyasında ustalıqla idarə edən sevimli
dirijorumuz Fəxrəddin Kərimov idi. Məhz onun
zəhməti nəticəsində Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri və
Dövlət Xor Kapellası öz məharətlərini
göstərdilər, əsərləri çöx
gözəl ifa etdilər.
Azərbaycan xalqı hər zaman böyük
sənətkarları ilə fəxr etmişdir. Bu gün
də gözəl ənənə davam edir. Sözün
əsl mənasında qürur duyulası
sənətkarlarımız var və onların dəyərini
layiqincə bilməliyik. Arzu edərdik ki, belə konsertlər
mütəmadi olaraq keçirilsin. Rauf Əliyev kimi
bəstəkarın əsərlərini, Fəxrəddin
Kərimov kimi dirijorun sənətini mədəniyyət
ocaqlarının səhnələrindən canlı olaraq
tez-tez eşidək və görək. Çünki
yüksək mədəniyyətə və intellektə sahib
olan sənətkarların yaradıcılığına
xalqımızın çox ehtiyacı var. Dahi
bəstəkarımız Üzeyir bəy Hacıbəyov
ənənələrinin qorunub saxlanması bu gün həmişəkindən
daha çox lazımdır və vacibdir
Azərbaycan.- 2007.- 9 noyabr.- S. 7.
.