Həmişəcavan korifey
Mən 35 ildən artıqdır ki, doğmə vətənimdən
uzaqlarda - Rusiyada yaşayıram, çoxdandır
ki, Rusiya vətəndaşıyam. Lakin
bütün bu illər ərzində ana vətənim Azərbaycandan cismən ayrı düşsəm də, ruhən həmişə onunla bir yerdə olmuşam. Vətən sevgisi mənə həmişə yar olub. Onun dərdlərinə
acımışam, uğurlarına
sevinmişəm. Azərbaycanın
incəsənət dünyasının
cahangiri saydığım
Habil Əliyevin 80 illik yubiley tədbirinin
iştirakçısı olmağa
həmişə tələsmişəm.
Yubileydə iştirak
edib xoş sözlər söyləmək
arzusu ilə yaşamışam. Amma obyektiv və subyektiv səbəblərdən
istəyimə nail ola bilməmişəm. Bir qədər gec olsa da,
nəhayət, ana vətənimə gəlmişəm.
Təntənəli yubiley
gecəsində deyə
bilmədiklərimi indi
demək imkanı qazanmışam. Əgər
Günəşdən, Aydan,
uca dağlardan nəsə yazmaq mümkündürsə, deməli,
Habil haqqında da ürək sözlərini yazmaq mümkündür. Günəş
təkdir, yeganədir.
Habil də yeganədir, Azərbaycan xalq musiqimizin, Şərq dünyasının
ifaçılıq sənətinin
günəşidir, ən
uca, əlçatmaz sənət zirvəsidir. Hələ ötən əsrin 60-cı illərinin axırlarında,
70-ci illərin əvvəllərində
Boris Geropyanlar, Nevton Qriqoryanlar çalan kamançaya nənələrimiz, babalarımız
"züy-züy" deyərdilər.
Mənim rəhmətlik
Güləndam nənəm
deyərdi: "Ədə,
sən allah, o rədionu söndür, yenə ermənilər züy-züydə çalır".
Doğrudan da, Azərbaycanın milli kamanı onların əlində cansıxıcı
səslənirdi. Habil
sənət aləminə
gələndən sonra
biz bildik ki, kaman nədir,
kaman nə cür səslənərmiş,
kaman nə cür dillənərmiş,
kaman nə cür nalə çəkərmiş! Habil müəllim
bütün muğamları,
sənət əsərlərini
özünəməxsus bir
tərzdə, özünün
yaratdığı bir
yolla, Habil dünyası yolu ilə ifa edir.
50 ildən çoxdur
ki, bu xətt,
bu yol dəbdən
düşmür və
əksinə, getdikcə
müasirləşir. Əfsanələr
böyük şəxsiyyətlər haqqında,
dahilər haqqında yaranır. O illərdə
Habil haqqında da əfsanələr yaranırdı. Deyirdilər
ki, görəsən,
Habil kamana neyləyir ki, onun kamanından könül oxşayan səslər çıxır.
Amma əzizlərimiz bilmirdilər
ki, kaman həmin kamandır, simlər həmin simlərdir, o qeyri-adi səs isə kamanı çalarkən gözlərini
yumub, qəlbi ilə, ürəyi ilə, köksü ilə onu dilləndirən
Habilin ruhunun səsidir, sehrli, şirin, ləzzətli barmaqlarının səsidir.
Hamımıza yaxşı
məlumdur ki, "ça", "çə"
şəkilçiləri kiçildici
şəkilçilərdir. Habil kamanımıza yaraşmayan "ça"
şəkilçisini kamandan
götürdü. Kamança
kaman oldu, böyüdü, yüksəldi.
Ona Habil Kaman dedilər. Diqqət edin: Kaman Habil yox,
Habil Kaman. Kaman təslim oldu, Habilin arxasınca
getdi, Habilə güvəndi, hiss etdi ki, sənətkar
əlindədir. Ana bütün balalarını,
övladlarını eyni
məhəbbətlə sevir,
hamısı ondan ötrü eyni dərəcədə əzizdir.
Amma ana övladlardan hansısa birini, lap bir
zərrə qədər
də olsa, o birilərdən artıq istəyir. Azərbaycanın bütün
muğamları da xalqımızdan ötrü
eyni dərəcədə
əzizdir, eyni dərəcədə sevilir.
Lakin
"Segah" muğamı
öz şirinliyi ilə, öz incəliyi ilə o biri muğamlardan
bir az seçilir
və daha çox ifaçılıq
məharəti, lirik ifaçılıq incəliyi
və hissiyyatı tələb edir. 100-150 il ərzində minlərlə ifaçı,
minlərlə müğənnilər
tərəfindən ifa
olunan "Segah" heç kəsin adını öz adı ilə bağlamadı, heç kimə "təslim" olmadı. Ona yalnız "Habil-segah" dedilər. Segah da dağ
kimi Habilə söykəndi. Segah Habilə, Habil isə Segaha yüksəklik verdi. Görkəmli xanəndə, mərhum
sənətkarımız, böyük
muğam ustası Yaqub Məmmədov möhtəşəm "Çahargah"
muğamının "Mənsuriyyə"sini ayrıca olaraq qeyri-adi bir ustalıqla oxuyurdu. 35-40 il bundan öncə məhz Habil müəllimin müşayiətilə
oxunan bu "Mənsuriyyə" hələ
də öz şöhrətini qoruyub saxlayır, xalqımız tərəfindən,
musiqi biliciləri tərəfindən yüksək
qiymətləndirilir. Muğamlarımızdan, xalq mahnılarımızdan
və bəstəkar əsərlərimizdən başqa
Avropa və dünya musiqisi Habilin ifasında necə də möhtəşəm və
ifaçılıq məharəti
ilə səslənir!
Çünki onlara Habil çalarları verilir, Habil şirinlikləri verilir.
Görkəmli bəstəkarımız
Qəmbər Hüseynlinin
məşhur "Cücələrim"
mahnısı Habilin ifasında sənət əsərinə çevrildi,
dünya səhnələrində
tamaşaçıları heyran etdi. Habil
qəhrəman sənəkardır,
mübariz sənətkardır.
Koroğlu öz qılıncı
ilə sözünü
dedi, Fərhad külüng çaldı,
dağ yardı, insanlara su çəkdi,
onları aydınlığa
çıxardı. Habil
bu qəhrəmanlıqlara
öz kamanı ilə imza atdı.
Azərbaycan muğamlarının
getdikcə unudulmağa
başladığı bir
dövrdə Habil sinəsini qabağa verdi, öz kəsərli tənqidi çıxışları
ilə, öz yazıları ilə, televiziyadakı (çıxışları)
görüşləri və
tənqidi çıxışları
ilə də Azərbaycan muğamına,
yeni bir həyat verdi. Azərbaycanın birinci xanımı,
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın qayğısı
sayəsində daha parlaq həyata vəsiqə alan, əsrlərin sınağından
çıxmış muğamlarımızın
yenidən geniş meydan tutması həmişəcavan kaman ustadı Habil müəllimin yaradıcılığını daha
da rövnəqləndirdi.
O, özünü azad və müstəqil
vətəninin ən
xoşbəxt sənətkarı
saydı. Azərbaycandan
8000 kilometr aralıda,
Rusiyanın bir şəhərində işlə
əlaqədar olan bir azərbaycanlılar məclisində "Azərbaycan
adəti" üzrə
bir nəfər məndən soruşdu:
"Haralısan?" Cavab
verdim ki, ağdaşlıyam. Bir ağsaqqal ayağa durdu və dedi:
"Oğlum, sən fəxr et ki,
böyük Habil Əliyevin yerlisisən".
Mən o anda həqiqətən fəxr etdim. Fəxr etdim ki, ömrünün
təqribən 60 ilini
sənətə həsr
edən, Azərbaycanın
bənzərsiz kamanını
bütün dünyaya
tanıtdıran, musiqi
ifaçılığı məkanında yüzlərlə
ifaçıya müasirlik
zəminində yeni ifaçılıq yolu açan korifey sənətkarımız
Habil Əliyevlə bir əsrdə yaşayıram və onun sənəti qarşısında baş
əyirəm! Habil müəllim, 80 yaşınız
mübarək!
525-ci
qəzet.- 2007.- 14 noyabr.- S. 7.