Quliyev T.

 

Milli-mənəvi dəyərlərimizin ölməz nümunəsi

 

Muğam sənəti təkcə şifahi ənənəyə deyil, həm də ciddi nəzəri bünövrəyə əsaslanır.
Son zamanlar ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində dövlət səviyyəsində görülən mühüm işlər ictimaiyyət, xüsusən də elmi və yaradıcı ziyalılar arasında çox yüksək qiymətləndirilir. Bu işlər sırasında ümumdünya mədəni irs siyahısına daxil edilmiş ölməz muğam sənətimizin inkişafına göstərilən qayğını xüsusi qeyd etmək lazımdır. Ziyalılar yaxşı başa düşürlər ki, bu sahədə görülən tədbirlər dövlət başçısının yürütdüyü mədəni siyasətin tərkib hissəsi olmaqla bərabər, həm də Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi diqqətinin nəticəsidir.
Bu gün respublikamızda muğam sənətinin inkişafı ilə əlaqədar müxtəlif müsabiqələr keçirilir, beynəlxalq səviyyəli görüşlər, konsertlər və festivallar təşkil olunur. Bu praktik işlərlə yanaşı müğam sənəti ilə bağlı elmi-nəzəri konfranslar keçirilir, tədqiqat əsərləri və kitablar da nəşr olunur. Muğam sənətinin tarixi və mahiyyəti ilə daha dərindən maraqlanan insanları xüsusilə cəlb edən bu araşdırmalar içərisində ötən əsrlərin görkəmli mütəfəkkirlərinin ölməz musiqi irsimizin incəliklərinə həsr olunmuş dəyərli tədqiqatları da var.
Belə kitablar sırasında adı bütün Şərq dünyasında yüzillər boyu musiqi elminin ən nüfuzlu nümayəndəsi kimi çəkilən böyük Azərbaycan alimi Səfiəddin Urməvinin “Şərəfiyyə risaləsi”, “Kitabül-ədvar”, Fətullah Şirvaninin “Musiqi məcəlləsi” əsərlərini xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu ilə birgə “Muğam-irs” layihəsi çərçivəsində nəşr olunan bu əsərlər təkcə Azərbaycan yox, ümumən Şərq musiqi elminin inkişafında ayrıca bir mərhələ təşkil edən abidələrdir.
Şərqdə musiqi
elminin tarixi olduqca qədim və zəngindir. Üzü Xəlil ibn Əhməd, Farabi, İbn Sina, Nəsirəddin Tusi, Əbdülqadir Marağaidən bu yana neçə-neçə böyük Şərq alimi, filosofu, musiqi nəzəriyyəçisi bütövlükdə musiqi ilə bərabər, eyni zamanda muğamların elmi-nəzəri əsasları ilə də məşğul olmuş, onların təkcə şifahi ənənə deyil, həm də ciddi elmi-nəzəri əsaslar üzərində inkişaf etməsinə səbəb olmuşlar. Məhz bu abidələr bir daha sübut edir ki, bu gün sevə-sevə dinlədiyimiz muğamlar bizə şifahi ənənə şəklində gəlib çatsa da əslində onlar ciddi elmi-nəzəri əsaslara söykənirlər ki, Şərq alimləri də uzun əsrlər boyu məhz bu məqamın öyrənilməsinə xüsusi diqqət ayırmış, Şərq musiqisinin, muğamların elmi-nəzəri əsasları haqqında cild-cild əsərlər yazmışlar.
Orta əsrlərdə musiqi haqqında yazılmış elmi-nəzəri əsərlərə nəzər saldıqda aydın olur ki, Şərq alimləri musiqi və onun nəzəri əsaslarına iki mövqedən yanaşmışlar. Birinci, fəlsəfi-estetik, ikincisi isə sırf musiqişünaslıq baxımından. Birinci istiqamətə Farabi, İbn Sina kimi müəlliflərin əsərlərini aid etmək olar. Bu istiqamətin nümayəndələri əsasən musiqinin insana təsirini, onun fəlsəfi mahiyyətini, estetik xüsusiyyətlərini araşdırmışlar. İkinci istiqamətin nümayəndələri isə daha çox musiqinin nəzəri əsaslarına, ayrı-ayrı əsərlərin lad quruluşlarının araşdırılmasına meyl etmiş, bu məsələlərin öyrənilməsini ön plana çıxarmışlar.
Bu iki istiqamət uzun müddət hər bir Şərq mütəfəkkirinin zövqünə, tədqiqat meylinə uyğun olaraq, ayrı-ayrılıqda paralel şəkildə inkişaf etmişdir. Lakin Səfiəddin Urməvi kimi elə dahi şəxsiyyətlər də olmuşdur ki, onlar bu iki istiqaməti öz əsərlərində birləşdirərək Şərq musiqisinin həm fəlsəfi-estetik, həm də musiqişünaslıq baxımından nəzəri əsaslarını öyrənməyə nail olmuşlar. Belə ki, biz Səfiəddin Urməvinin təkcə elə “Şərəfiyyə risaləsi”nin fəsillərinin adlarına nəzər salsaq dediklərimizi əyani şəkildə görə bilərik: “Birinci fəsil səs və onunla bağlı başqa məsələlər və eləcə də səs haqqında başqa müəlliflərin söyləmiş olduqları bəzi şübhəli məqamlar barəsində. İkinci fəsil ədədlərin bir-birinə nisbətləri, intervalların alınması, onların miqdarlarının nisbətlərindən əldə edilən nisbətlər, intervallardakı konsonans və dissonanslar və onlara xas olan adlar barəsində. Üçüncü fəsil intervalların birinin digərinə artırıla bilməsi, onların bir-birindən çıxılması və orta intervallardan ”cins"lərin əldə edilməsi qaydaları barədə. Dördüncü fəsil ən böyük intervalları təşkil edən oktavalarda cinslərin tərtibi, onların nisbətləri və onlara aid olan ədədlər barəsində. Beşinci fəsil ritmlər, onların nisbətlərinin dairələri, əməli üsulla melodiya bəstələmək qaydalarına dair göstərişlər barədədir".
Gördüyümüz kimi, Səfiəddin Urməvi öz risaləsində Şərq musiqisinin, muğamların əslində bütün problemlərinə toxunmuş və onları həll etməyə çalışmışdır. Lakin bizim üçün bu gün, muğam ifaçılığına xüsusi qayğı göstərildiyi günlərdə bu əsərin beşinci fəsli daha çox əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu fəsil əslində Şərq musiqisi ilə əruz vəzninin , başqa şəkildə desək muğam üstündə oxunan qəzəllərin vəzni arasında olan qarşılıqlı və qırılmaz əlaqələr haqqındadır. Səfiəddin Urməvi “Şərəfiyyə risaləsi”ndə yazır: “Şeir və ritm arasında müəyyən dərəcədə əlaqə, mütənasiblik vardır. Dərin zəkaya, həqiqətləri çevik qavrama qabiliyyətinə malik bir çox insanlar, elə olur ki, təhriflərə yol verməklə kor-koranə şeir oxuyurlar. Belə hal onların sənətkarlıq xüsusiyyətlərindən, təbiətlərində olan çatışmazlıqdan və s. digər səbəblər üzündən baş verə bilər. Eləcə də elə bir hal yarana bilər ki, iti ağıla, düşüncəyə malik, müxtəlif elm sahələrindən xəbərdar olan insanlar ritmlərə qulaq asdıqda müxtəlif bədən üzvlərini, başa düşər-düşməz, ölçüsüz-biçimsiz şəkildə, guya ritmə uyğun şəkildə hərəkət etdirirlər”. Bu sətirlərdən də aydın olur ki, həqiqətən də, qəzəlin ritmilə, muğamın, musiqinin ritmi arasında olduqca böyük bir əlaqə vardır. İstər Urməvinin, istərsə də digər müəlliflərin əsərlərinin böyük bir hissəsi məhz bu əlaqənin öyrənilməsinə həsr olunmuşdur.
Ümumiyyətlə, aparılan tədqiqatlardan məlum olur ki, Şərq elmi-nəzəri fikrində musiqi ilə ritm məsələlərinə ilk dəfə toxunan böyük ərəb filoloqu, əruz elminin yaradıcısı Xəlil ibn Əhməd (718-791) olmuşdur.
Güman olunur ki, Xəlil ibn Əhmədin bizə gəlib çatmayan “Kitabül nəğəm” əsəri məhz bu məsələlərin öyrənilməsinə həsr edilmişdir. Amma bu əsərin əldə olub-olmamasından asılı olmayaraq da, məlumdur ki, əruz vəzni özü başdan-başa ritmə, ölçüyə, musiqiyə əsaslanan bir vəzndir. Hətta Xəlilin əruzu yaratmasıyla bağlı bir rəvayətdə də bu məsələyə toxunulur. “Belə ki, bir gün Xəlil ibn Əhməd Bəsrə küçələrindən keçərkən misgərlərin çəkicindən çıxan səsləri sistemləşdirir: dadaq-daq, dadaq-daq - fə’Ulün fə’Ulün (mütəqarib bəhri) ; daq-dadaq, daq-dadaq - fA’ilün fA’ilün” (mütədarik bəhri) (V.Məmmədəliyev). Bu fakt bir daha göstərir ki, əslində ritm və əruz bir-birindən ayrılmaz məfhumlardır. Yəni əruz vəznində yazılmış hər hansı bir şeirin birinci misrası hər hansı bir zaman ərzində ifa olunubsa, sonrakı misraları da mütləq həmin zaman ərzində tələffüz edilməlidir. Bu baxımdan musiqi də ölçüyə, zamana əsaslanan səslər sistemi olduğuna görə, əruzla musiqinin, ritmin qırılmaz əlaqəsi öz-özlüyündə məlum olur.
Bu səbəbə görə klassik tədqiqatçılar muğam ifaçılarından həmişə muğam üstündə məhz əruz vəznində yazılmış əsərin oxunmasını tələb etmişlər. Böyük Azərbaycan alimi N.Tusi “Miyarül-əşar” əsərində əruzu “özündə məntiq elminə aid olan təxəyyülü və musiqi elminə aid olan ritmi birləşdirən bir sənət” adlandırırdı. Bu baxımdan Səfiəddin Urməvinin də qeyd etdiyi kimi, xanəndə əruz vəznində yazılmış əsəri ifa edərkən əruzun mahiyyətini, qəzəlin vəznini düzgün anlamalı, onu düzgün ifa etməli və əslində ifa etdiyi muğamın ritminə uyğun olaraq əruzun hər hansı bir bəhrində yazılmış əsəri yox, məhz həmin muğamın ritminə uyğun gələn bəhrdə yazılmış əsəri tapıb oxumalıdır. Bu elmi fikir dahi Azərbaycan bəstəkarı Üzeyir bəyə qədər də inkişaf etmiş və o, öz əsərlərində muğam ifaçılığı zamanı əruzun rolunu olduqca yüksək qiymətləndirmişdir. Belə ki, o, hətta ermənilərin də tar, kamança çaldığını söyləmiş, lakin muğamın vokal ifaçılığına əruzu bilmədikləri və onu düzgün ifa etmədikləri üçün girişmədiklərini söyləmişdir. “ Bizim öz musiqimizdən hasil etdiyimiz təsirata erməni və gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edən mahir ustaları dəxi çoxdur. Ermənilərdə gözəl tar və kamança çalanlar çox olduğu kimi, gürcülərdə də zurna və balaban çalanları məşhurdur. Bunlarda ancaq xanəndələr az bulunur, buna da səbəb odur ki, erməni və ya gürcü xanəndəsi bizim əruz vəznilə yazılmış şeirlərimizi müvafiqi-vəzn oxumaq və bir para səslərimizi dürüst tələffüz etməkdə çətinlik çəkir”.

Hamıya məlum olan faktdır ki, muğam əslində musiqi və qəzəlin vəhdətindən ibarətdir. Əgər hər hansı bir muğam üstündə müəyyən bir şeir parçası ifa olunmazsa, şübhəsiz ki, həmin muğamın emosional təsiri az olar. Məhz bu səbəbdəndir ki, istər muğamın elmi-nəzəri əsasları ilə məşğul olan alimlər, istərsə də ustad muğam ifaçıları həmişə söz sənətinə yüksək qiymət vermiş, ifaçılar həmişə gözəl qəzəllər ifa etməyə , əruzun normalarına düzgün riayət etməyə çalışmışlar. Lakin təəssüf ki, bəzən bu normalar unudularaq arxa plana keçir. Bu isə bütövlükdə muğam sənətinə ciddi ziyan vuran amillərdəndir.
Sonda isə bir daha qeyd etmək istəyirik ki, böyük Azərbaycan alimi Səfiəddin Urməvinin və digər mütəxəssislərin əsərlərindən də gördüyümüz kimi, istər muğamlarımızın özü, istərsə də onların əruzla qarşılıqlı əlaqəsi ciddi elmi-nəzəri əsaslara söykənən elm sahəsidir. Azərbaycan muğam sənəti təkcə şifahi ənənəyə söykənmir. Yazılı ənənəni isə daha dərindən öyrənmək və ölməz milli-mənəvi dəyərimiz olan muğamatı bu zəmində təbliğ etmək lazımdır.

Xalq qəzeti.- 2007.- 30 noyabr.- S. 6.