Nəzakət

 

Hacıbəyovların musiqi dünyası təqdim olundu

 

Yeni nəşrlər musiqisevərlərə layiqli töhfədir

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Dövlət İncəsənət Muzeyində ölkəmizdə musiqi mədaniyyətinin inkişafında əvəzsiz xidmətləri olan Hacıbəyovlar nəslindən bəhs edən kitabların - "Hacıbəyovların musiqi dünyası", "İsmayıl Hacıbəyov" və bəstəkarın kamera musiqisindən ibarət 7 not kitabının, həmçinin, diskinin təqdimat mərasimi keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova tədbiri açaraq Hacıbəyovlar nəslindən bəhs edən kitabların işıq üzü görməsi münasibətilə müəllifi - Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanı təbrik edib,, yeni nəşrləri musiqisevərlərə layiqli töhfə kimi dəyərləndirdi.

Tədbirdə çıxış edən natiqlər kitabların məziyyətlərindən, Hacıbəyovlar nəslinin və onların musiqi dünyasının oxuculara daha yaxından tanıdılmasındakı əhəmiyyətindən ətraflı danışdılar. Azərbaycan musiqi sənəti tarixindəki Hacıbəyovlar irsinin tarixi əhəmiyyətinə aydınlıq gətirildi. Novatorluğu ilə seçilən sənətkarların milli musiqimizə bəxş etdikləri əsərlərin hər biri klassikliyi ilə seçilən nümunə kimi diqqət mərkəzində olmuşdur.

Təqdimat mərasimində Ülviyyə Hacıbəyovanın müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artist Gülnaz İsmayılova, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin laureatı Fəridə Məmmədova, Bülbül

adına orta ixtisas məktəbinin şagirdləri Vurğun Vəkilov və Əli Məmmədov Üzeyir, İsmayıl, Niyazi, Zülfüqar Hacıbəyovların əsərlərindən parçalar ifa etdilər.

 

Səs.- 2007.- 29 noyabr.- S. 12.