Ramiz
və Əyyub Quliyevlər Novosibirskdə konsert verib
Xalq artisti Ramiz Quliyev
oğlu, dirijor Əyyub Quliyevlə birgə Novosibirskdə
konsert proqramı ilə çıxış edib. Bu barədə APA-ya məlumat verən Ə.Quliyev konsertin
uğurla baş tutduğunu deyib. Onun sözlərinə
görə, Novosibirskdə tar ilk dəfə olaraq
səslənib. Konsertin Novosibirsk Dövlət
Filarmoniyasında keçirildiyini bildirən Ə.Quliyev
həmin gecədə Novosibirsk Filarmoniyasının Orkestrinin
də iştirak etdiyini bildirib. Konsertin "V ritme tansa"
("Rəqs ritmində") adı altında
keçirildiyini deyən dirijor I hissədə dünya
bəstəkarlarından - Dvorjak, Straus, Bize, Prokofyev, Borodin,
Musorqski və başqalarının əsərləri ifa
olunduğunu deyib. II hissədən öncə rusiyalı
musiqişünas Marina Yakuşeviç səhnəyə
çıxaraq, Azərbaycan musiqi mədəniyyəti, onun
tarixi və Ramiz Quliyevin yaradıcılığı haqda
dinləyicilərə geniş məlumat verib. II
hissədə isə Ramiz Quliyev Novosibirsk Filarmonik Orkestri
ilə birgə Azərbaycan və Qərb
bəstəkarlarının ən məşhur
əsərlərini ifa edib. Proqrama F. Əmirov, A.
Əlizadə, H. Rzayev, A. Rzayev, Şubert, Rossini, Motsart, Brams,
Rubinşteyn və digər bəstəkarların
əsərləri daxil edilib. Anşlaqla baş tutan konsertin
sonunda dinləyicilər ata və oğlu yenidən
səhnəyə dəvət ediblər. Ə.Quliyevin
sözlərinə görə, tarzən proqramın
yarısını təkrar ifa edib.
Noyabrın 18-dən 25-dək isə Ramiz və Əyyub
Quliyevlər Podlaziya (Polşa) Dövlət Opera və
Filarmoniyasının dəvəti və
təşkilatçılığı ilə Polşaya
səfər edəcəklər. Noyabrın 22-23-də isə
Belostok şəhərində Podlaziya Filarmonik orkestri ilə
konsert keçiriləcək. Orkestrə dirijorluq etmək
Əyyub Quliyevə həvalə olunub. Ə.Quliyev bildirib ki,
həmin konsertlərdə ilk dəfə olaraq Polşada
Azərbaycan klassik musiqisi, milli
bəstəkarlarımızın əsərləri ifa olunacaq
və milli alətimiz olan tar ilk dəfə olaraq
səslənəcək. Konsertdən öncə Podlaziya
Dövlət Filarmoniyasında Polşanın
tanınmış musiqişünasları
tərəfindən "Azərbaycan musiqi
mədəniyyəti, onun inkişafı və Azərbaycan
milli aləti-tar" adlı məruzə oxunacaq. Konsert
proqramında isə görkəmli Azərbaycan
bəstəkarları H.Xanməmmədov, H.Rzayevin tar
üçün yazılmış iri həcmli
əsərləri, eyni zamanda R.Straus, P. Çaykovski və
M.Oginskinin simfonik əsərləri ifa olunacaq.
Xalq cəbhəsi.- 2007.- 17 noyabr.- S. 14.