Ramiz Quliyev Novosibirsk Dövlət Filarmoniyasından yeni təklif alıb

 

Xalq artisti Ramiz Quliyevin oğlu Əyyub Quliyevlə Novosibirsk Dövlət Filarmoniyasında filarmoniya orkestrinin iştirakıyla bu günlərdə gerçəkləşdirdiyi konsert uğurlu keçib. Solist qismində tarzən Ramiz Quliyevin çıxış etdiyi gecədə orkestrə Ə.Quliyev dirijorluq edib. Ə.Quliyevin "Olaylar"a verdiyi məlumata görə, sözügedən orkestr ilk dəfə olaraq Azərbaycan musiqisini ifa edib. "V ritme tansa" adlı konsertin birinci şöbəsində dünya bəstəkarlarının bu janrda yazdığı müxtəlif əsərlər səsləndirilib. İkinci şöbədə isə öncə rusiyalı musiqişünas Marina Yakuşeviç səhnəyə çıxaraq Azərbaycan musiqi mədəniyyəti, onun tarixi və R.Quliyevin yaradıcılığı haqqında məlumat verib. Daha sonra R.Quliyev Novosibirsk filarmoniya orkestri ilə Azərbaycan və Qərb bəstəkarlarının ən məşhur əsərlərini ifa edib. Konsertdə Almaniyanın Novosibirskdəki konsulu, Azərbaycan diasporasının rəhbərliyi və nümayəndələri, rnüxtəlif təşkilatların üzvləri, tanınmış sənət adamları və mədəniyyət xadimləri də olub. Konserti təşkil edən Novosibirsk Dövlət Filarmoniyasının rəhbərliyi R.Quliyevlə oğlunu yenidən həmin şəhərdə konsert verməyə dəvət edib.

 

Palitra.- 2007.- 14 noyabr.- S. 13.