"Zirvə" mükafatı üçün sənəd qəbulu elan edilib

 

Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində "Zirvə" mükafatı üçün sənəd qəbulunu elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarhq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair geniş planlı proqramlar və layihələr üzrə yaradılmış əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat hər biri 5000 (beş min) manat həcmində teatr sahəsi üzrə  dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar, musiqi sahəsi üzrə  bəstəkar, ifaçı, musiqişünas, təsviri sənət üzrə  rəssam, heykəltəraş, dekorativ sənət, sənətşünas, kino sahəsi üzrə ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa, "Debüt" bölməsi  teatr, musiqi, təsviri sənət və kino sahəsində çalışan gənclər üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Zirvə" mükafatı teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Mükafat mütəmadi olaraq hər il yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təsis olunduğu əlamətdar gün münasibətilə Mükafat Komissiyasının təqdimatı ilə Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən verilir. Mükafata təqdimatlar noyabrın 30-na qədər teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.

 

Səs.- 2007.- 10 noyabr.- S. 16.