Salmanov R.
Muğamsevər tamaşaçıların
böyük maraqla izlədikləri "Muğam-2007"
televiziya müsabiqəsinin Hacı Mail
qəzəllərinə həsr olunmuş növbəti
həftəsi başa çatdı. Müsabiqə haqqında
yazımızda muğam televiziya müsabiqəsinə
dünyanın bir çox ölkələrində yaşayan
soydaşlarımızın böyük maraq
göstərdiyindən və bu səbəbdən
Azərbaycan televiziyasının, eləcə də
redaksiyamızın ünvanına gələn
minnətdarlıq dolu məktub və teleqramlardan söz
açmışdıq. Klassik muğam
irsimizə, televiziya müsabiqəsinə olan marağı
nəzərə alan Azərbaycan Televiziyası ilk öncə
özünün internet saytını və peyk vasitəsilə
verilişlərin izlənməsi üçün
kordinatlarını, eləcə də müsabiqənin elektron
ünvanını muğamsevər xalqın diqqətinə
çatdırdı.
Respublikanın xalq artisti mərhum Əbülfət
Əliyev bir vaxtlar demişdir.
- “Mən istəyirəm indi
baxçaya gedən körpə balalarımız
muğamı sevsin. Böyüyəndə
onu başa
düşsün. Arxiv malı olmasın muğam”.
Bəşər musiqisinin tacı sayılan muğamata
heç vaxt bugünkü qədər həssas
münasibət və qayğı göstərilməyib. Ustad
xanəndə Əbülfət Əliyevin dedikləri
artıq həyata keçir. Muğam – 2005, 2007 televiziya
müsabiqələri neçə-neçə gənc
istedadı üzə çıxardı. Pərvaz
İbrahimli, Elməddin İbrahimov kimi kiçik yaşlı
istedadların özlərindən xeyli
böyüklərlə müsabiqəyə qatılması
Əbülfət Əliyevin vaxtilə arzu etdiyi günlərin
gəlib çatdığından xəbər verir. Bunun
üçün ilk növbədə gələcəyimiz
naminə bu gözəl şəraitin yaradılmasına
dəstək olan mədəniyyətimizin hamisi Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri millət vəkili Mehriban
xanım Əliyevaya, gənclərimizə bu sevinci bəxş
edən müsabiqə layihəsinin müəllifi –
Azərbaycan Mədəniyyətinin Dostları Fonduna (AMDF) və
bu işdə yaxından köməklik edən
Mədəniyyət və Turizm Nazirliyinə minnətdar
olmalıyıq.
Muasir poeziyamızda öz sözü və dəst-xətti
ilə seçilən Hacı Mail dahi Füzuli irsinə
böyük maraq göstərmişdir. Füzuli irsini
dərindən tədqiq edən, elmi əsərlər yazan
Hacı Mail bir şair kimi qəzəl janrında da öz
qüvvəsini sınayaraq gözəl nümunələr
yaradıb. Bu gün də qəzəlləri oxunursa, xalq
tərəfindən sevilirsə, demək şair
yaşayır.
Ötən müsabiqə həftələrində olduğu
kimi bu həftənin də yaddaqalan bir çox anları oldu.
Güllü Muradovanın son dərəcə uğurlu
çıxışını qeyd etmək lazımdır.
Onun oxuduğu “Zabul-segah” o gecə təkcə münsiflər
heyətinin deyil, zalda əyləşən və bu
müsabiqəni canlı olaraq izləyən
tamaşaçıların sürəkli
alqışlarından da görmək oldu. Bu gözəl
ifadan doymadıq – deyən münsiflər heyətinin
üzvü televiziya müsabiqəsinin
təşkilatçısı, əməkdar
incəsənət xadimi Nadir Axundov bu alqışları
nəzərə alaraq Güllü Muradovanın bir daha
oxumasını xahiş etdi. Bu həftə
iştirak edə bilməyən münsiflər - xalq
artistləri Əlibaba Məmmədov,
Ağaxan Abdullayev, Mənsum İbrahimov, eləcə də
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
icraçı direktoru İbrahim Quliyev də yəqin ki,
həmişə olduğu kimi, Güllünün bu
çıxışına da həmkarları kimi ən
yüksək bal verərdilər. Digər yaddaqalan məqam da
iki iddiaçının Rəna Qafarova və
Qızılgül Babayevanın münsiflər
tərəfindən eyni miqdarda bal almasıdır.
Müsabiqənin şərtlərinə görə, belə
olduqda sonda hər iki iddiaçıya yenidən
müsabiqədə qalıb-qalmaması şansı verildi.
Və bu yarışmada Rəna Qafarova az xal toplayaraq
müsabiqəni tərk etməli oldu. Yarışı isə
həqiqi istedad sahibləri zəhmətdən
çəkinməyən, daim öz üzərində
çalışan, ustad sözündən faydalananlar davam
etdirməli olacaqlar. Həftənin qalibləri Aida Əliyeva –
I, Nişanə Baxışova – II, Elməddin İbrahimov –
III, Ehtiram Hüseynov – IV, Vüsal Zamanov – V, Nasir Ətapur –
VI, Abgül Mirzəyev – VII, Güllü Muradova – VIII yeri
tutdular. Televiziya müsabiqəsinin Şəhriyar
qəzəllərinə həsr olunmuş növbəti
həftəsi noyabrın 20-si və 22-də olacaqdır.
Söz verdiyimiz kimi, tamaşaçıların bəzi
rəylərini sizlərə çatdırırıq.
Semyon İxiilov, Azərbaycan
Dağ yəhudiləri icmasının
sədri:
- Azərbaycan dünya
miqyasında bəlkə də yeganə dövlətdir ki,
öz toletrantlığı, qonaqpərvərliyi, adət
və ənənəsi, eləcə də
incəsənətilə seçilib tanınır.
Tolerantlıq təkcə çoxmillətlilik deyil, həm
də ölkədə yaşayan bütün
millətlərin adət və ənənəsinə,
mədəniyyətinə olan doğma münasibətdir. Bu
gün məni bu müsabiqəyə gətirən də ulu
muğam sənətinə olan doğma münasibətimdir.
Mənim atam, babam Azərbaycanda doğulub boya-başa
çatıblar. Bir-iki dəfə bu verilişdə
iştirak etməyimlə dünyanın hər yerindən bu
müsabiqənin maraqla izləndiyinin şahidi oldum. Bunu mənə
edilən telefon zənglərindən bildim.
müsabiqədə çoxlu gənc istedadlar gördüm.
Sevinirəm ki, nə vaxtsa bu gənclərimiz
böyüyüb tanınmış incəsənət
xadimləri olanda mən də bu günü xoş xatirə
tək yad edəcəyəm. Gənclərimizə bu gözəl
şəraiti yaratdığına görə ilk
növbədə çox hörmətli millət vəkili
Mehriban xanım Əliyevaya, televiziya müsabiqəsinin
təşkilatçısı Nadir Axundova öz dərin
minnətdarlığımı bildirirəm.
Kamil Cəlilov, xalq
artisti:
- Sevindirici haldır ki,
çoxsaylı şou proqramların bolluğuna baxmayaraq, bu
gün ulu muğam sənətinə maraq
günü-gündən artmaqdadır. Klassik muğam
proqramına xalqımızda hər bir zaman maraq olub. Lakin
heç vaxt bugünkü qədər
incəsənətimizə dövlət səviyyəsində
qayğı və diqqət göstərilməyib. Bunun üçün ilk növbədə
ölkəmizin başçısı, möhtərəm
Prezidentimiz İlham Əliyevə, mədəniyyətimizin
hamisi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevaya, bu gözəl layihənin müəllifi
Azərbaycan Mədəniyyətinin Dostları Fonduna,
eləcə də onu bütün dünyaya
çatdıran AzTV rəhbərliyinə, televiziya
müsabiqəsinin təşkilatçısı Nadir Axundova
öz dərin təşəkkürümü bildirirəm.
Xalq qəzeti.- 2007.- 18 noyabr.- S. 7.