Salmanov R.
Münsiflər
ifaçıya qiymət verir, tamaşaçılar hər
ikisinə
“Muğam-2007"
televiziya müsabiqəsinin S.Ə.Şirvani
qəzəllərinə həsr olunmuş daha bir
həftəsi noyabrın 1-də başa çatdı. Gənc
istedadların ifasında klassik poeziyamızın
təkrarsız nümunələrini eşitdik. Böyük
şairimizin ölməz misraları bu məclisdə
səsləndikcə müdrik söz ustadının poetik
dünyasına bir daha səyahət etdik. Bu həftə unudulmaz
sənətkarlarımız Əbülfət Əliyev və
Qulu Əsgərovun ifasında muğam və təsnifləri
dinləyib ruhlarına rəhmət dilədik. Hər
həftə olduğu kimi bu həftənin də yaddaqalan
gözəl ifalarla yanaşı dəyərli
münsiflərin bəzi iddiaçılara iradlarını da
eşitdik.
”Şirvan şikəstəsi"lə böyük
tamaşaçı auditoriyasının dərin
rəğbətini qazanmış Abgül Mirzəliyev bu
həftə də respublikanın xalq artisti, ustad
xanəndə Əlibaba Məmmədovdan sonra bir kimsənin
cürət edib oxumadığı “Dəşti” muğam
və təsnifi ilə hamını heyran qoydu. Bu sözləri
həftənin ən yüksək bal toplamış
Elməddin İbrahimov, Güllü Muradova, Rəvanə
Ərəbova, Könül Tağıyeva, Ehtiram Hüseynov,
Nasir Ətapur haqqında da demək olar. Doğrudur,
xanəndəlik sənətində səs əsas
şərtdir. Lakin xalq musiqisini dərindən bilmədən,
klassik muğamlarımızın texnikasına
yiyələnmədən, dinləyicilərin tələbi
səviyyəsində zövqlü oxumağın
mümkünsüzlüyünü yaxşı bilən
dəyərli münsiflərimiz bəzən
iddiaçılara öz iradlarını da deyirlər. Bu da
təbiidir. Nöqsanları görməyənlər,
özünə qarşı tələbkar olmayanlar,
ədəbiyyatı, şeiri, sənəti dərindən
öyrənməyə çalışmayanlar heç vaxt
inkişaf edib yüksələ bilməzlər.
Bəzən münsiflər heyətini kiməsə
qarşısa qeyri-obyektivlikdə suçlayanlar da olur. Lakin
belə qənaətdə olanlar bir həqiqəti unudurlar ki,
istedadı olmayana verilən ən yüksək bal ilk
növbədə münsifin öz dəyərini
aşağı sala bilər. Xalq onları seçib,
inanıb, ustad deyib. Odur ki, münsifin səhv etməyə,
nəyinsə xətrinə kiməsə yüksək bal
verməyə, ən azı mənəvi haqqı yoxdur.
Çünki münsiflər iddiaçılara qiymət
verir, tamaşaçılar isə hər ikisinə. Odur ki,
belə söz-söhbətlərin heç bir əsası
yoxdur. Həftənin ən yüksək xal toplamış
iddiaçıları Nasir Ətapur (I), Ehtiram Hüseynov (II),
Könül Tağıyeva (III), Rəvanə Ərəbova
(IV), Abgül Mirzəliyev (V), Elməddin İbrahimov isə VI
yeri tutmuşlar.
Onlardan hər biri öz gözəl ifalarıyla o gecə
təkcə münsifər heyətinin deyil, müsabiqəni
böyük maraqla izləyən çoxmilyonlu televiziya
tamaşaçıları, eləcə də canlı olaraq
zaldan izləyən tamaşaçıların sürəkli
alqışlarından da görmək olardı. Yeri
gəlmişkən, onu da deyim ki, tamaşaçıların
çoxu da məhz muğam həvəskarı,
respublikanın tanınmış ziyalı və
sənətçiləridir.
Həftənin ən yadda qalan ifası Abgül Mirzəliyevin
oxuduğu “Dəşti” muğam və təsnifi oldu.
Görünür, Abgül Mirzəliyevin bu muğama
müraciət etməsi sanki nəyə qadir olduğunu bir
daha nümayiş etdirmək arzusundan irəli gəldi.
Sürəkli alqışlar, münsiflər heyətinin
yüksək bal verməsi ilk növbədə onu
hazırlayan ustad xanəndə Əlibaba Məmmədova
və səs sahibinə olan rəğbətdən irəli
gəlirdi. Müsabiqə isə hələ davam edir. Bundan
sonra da çox istedadların, qəlbləri riqqətə
gətirən səslərinin şahidi olacağıq.
Hələlik isə müsabiqənin şərtinə
görə ən az bal toplamış Aysel İsmayılova
müsabiqəni tərk etdi. Qəzetimizin ötən saylarından
birində redaksiyamıza daxil olan çoxsaylı məktub
və telefon zənglərindən, tamaşaçı
rəyindən söhbət açacağımıza söz
vermişdik. Onlardan bir neçəsi ilə sizləri
tanış edirik.
Hafiz PAŞAYEV, Azərbaycan Xarici İşlər nazirinin
müavini, Diplomatik Akademiyanın rektoru: — İllərdən
bəri xalqdan uzaq düşmüş ulu muğam
sənətimiz nə yaxşı ki, yenidən xalqa
çatdırıldı. Muğamın milli varlığımızın,
həyatımızın ayrılmaz hissəsi olduğunu
qürbətdə — ABŞ-da Azərbaycan səfiri
işlədiyim dövrdə daha dərindən hiss etdim. Xalqın
dərd-sərini, sevinc və kədərini yalnız
muğamatımız özündə cəm edə bilər.
Onu heç bir sənətlə müqayisə etmək olmaz.
Atam Mir Cəlal Paşayev hər həftə bazar günü
radioda səslənən muğam konsertlərinə
diqqətlə qulaq asıb sözlərin mənasını
mənə başa salmağa çalışardı.
Uşaq olduğum üçün muğam sənətinə
bir o qədər bağlılığım yox idi. Yaşa doldum, onun nə
kimi sirli bir aləm olduğunu
hiss etdim. Məhz bu səbəbdən
də gənc muğam ifaçılarına
canlı olaraq qulaq asmağı qət etdim. Bu gözəl imkanı
yaratdığına görə
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili çox hörmətli Mehriban xanıma dərin təşəkkürümü
bildirirəm.
Cefri VERBOK, ABŞ vətəndaşı,
muğamsevər: — Məndən
sonruşanda ki, muğamatı niyə sevirsən, cavab verə bilmədim. Azərbaycanda bu qədər
istedadlı xanəndə
və musiqiçilər
olduğu halda mənim ifama bu qədər maraq göstərirlər
— onu da bilmirəm. Azərbaycanla 15 ildən artıqdır
ki, əlaqəm var. Həyat yoldaşım da azərbaycanlıdır.
Azərbaycana köçməməyimin başlıca səbəbi
ən azı yarım faiz də olsa, amerikalılara
ölməz muğam sənətinizin nümunələrin
çatdırmağımdır.
Fərhad QƏRİBOV, millət
vəkili: Muğamat bizim soy kökümüzdür.
Məncə, onu sevməyən,
bu gözəl müsabiqəni izləməyən
bir kəs tapılmaz. Bir-iki dəfə bu
verilişdə iştirak
etmişəm. Rusiyada,
Türkiyədə, hətta
Misirdə yaşayan dostlarım mənə zəng edərək müsabiqəni böyük
maraqla izlədiklərini
deyirlər. Mən də öz
növbəmdə musabiqə
təşkilatçılarına başda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya öz dərin təşəkkürümü
bildirirəm. Bu gün respublikanın ən ünlü, adlı-sanlı ustad xanəndələri münsiflər
heyətinə daxil olmaqla müsabiqəni daha sanballı edir. İstedadlı gənclərimiz çoxdur. Demək, ulu muğam
sənətimiz bundan sonra da ürəkləri
fəth edəcəkdir.
Xalq qəzeti.-2007.- 4 noyabr.- S. 8.