Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın çıxışı
– Hörmətli
ülyahəzrət!
Hörmətli iştirakçılar!
Hörmətli dostlar, xanımlar və cənablar!
Mən İslam Konfransı
Təşkilatının Dialoq və Əməkdaşlıq
Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu
tərəfindən təşkil olunmuş gənclərin
yüksək səviyyəli tədbirində – “Gənclər
sivilizasiyaların alyansı naminə” konfransında
bütün iştirakçıları salamlayıram. Bu konfransda iştirak etmək üçün
dəvətimizi qəbul etdiklərinə görə
Qətərin birinci xanımı ülyahəzrət Şeyxa
Mozaya, BMT Baş katibinin Sivilizasiyaların İttifaqı
üzrə yüksək nümayəndəsi zati-aliləri
cənab Jorj Sampayoya və İSESKO-nun baş direktoru
zati-aliləri cənab Əbdüləziz bin Osman
əl-Tüveycriyə xüsusi
minnətdarlığımı bildirmək istəyirəm.
Mən Azərbaycana gəlmiş bütün
qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm
və bu gün burada bizimlə olduqlarına görə onlara
təşəkkür edirəm. İttifaqın gənclər
düşərgəsinin iştirakçılarını və
gənc liderləri yeni qlobal gənclər
hərəkatının qurulması məqsədi ilə
dünən öz işlərini əla nəticələrlə
başa çatdırmaları münasibətilə təbrik
edirəm.
Bu cür əhəmiyyətli konfransın Azərbaycanda
keçirilməsi böyük rəmzi xarakter
daşıyır. Təqribən 50 ölkənin gənc
liderləri, beynəlxalq təşkilatların
təmsilçiləri, siyasətçilər, alimlər
və ictimai xadimlər yeni beynəlxalq hərəkatın
təsis edildiyi yerə – Bakı şəhərinə
toplaşmışlar. Hələ qədim vaxtlardan Azərbaycan
müxtəlif mədəniyyətlərə və
dinlərə hörmətlə yanaşma və
dözümlülük ənənələri ilə
tanınmışdır. Biz uzun illər ərzində
əmin-amanlıq şəraitində yan-yana
yaşamışıq.
Azərbaycan tarixən çoxmillətli ölkə
olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli
azlıqlar bərabər hüquqlara malikdirlər və bir
ailə kimi yaşayırlar. Dini və etnik
dözümlülük bütün nailiyyətlərimizin
əsas elementlərindən biridir. Biz bundan çox
fərəhlənirik.
Məlumdur ki, Heydər Əliyev Fondu təhsil, elm,
mədəniyyət, səhiyyə və sosial sfera kimi
prioritet sahələrdə iş aparır. Fondumuz həmin
sahələrdə bir çox genişmiqyaslı
layihələri həyata keçirmişdir. Bu gün biz
gənclərin təhsilinə xüsusi diqqət yetiririk.
“Yeniləşən Azərbaycana yeni məktəb”
proqramımız çərçivəsində
ölkədə 200-dən çox yeni məktəb binası
tikilmişdir. Bizim təşəbbüsümüzü
hökumət dəstəkləmişdir və son üç
il ərzində ölkəmizdə 1200 yeni məktəb
inşa edilmişdir.
Fondumuzun beynəlxalq təşkilatlarla – YUNESKO,
İSESKO, BMT-nin İnkişaf Proqramı və digər
təşkilatlarla güclü əlaqələri var. Ümid
edirəm ki, gələcəkdə biz Sivilizasiyalar
İttifaqı ilə
əməkdaşlığımızı
möhkəmləndirəcəyik və bunu çox
faydalı, vaxtına düşən bir
təşəbbüs kimi qəbul edirik.
Mən bu cür vacib konfransın Bakıda təşkil
olunmasını ölkəmizin nailiyyətlərinin
tanınması kimi və ölkələr, xalqlar, dinlər
arasında ittifaqın qurulması yolunda mühüm bir
nailiyyət kimi hesab edirəm. Hazırda biz çox
mürəkkəb və ziddiyyətli dünyada
yaşayırıq və bəzən burada anlaşma, etimad
və bir-biri haqqında obyektiv biliklər
çatışmır. Son vaxtlar ksenofobiya, xilafi fikirlər,
mənfi stereotiplər geniş yayılmışdır. Sosial
ədalətsizlik və qeyri-bərabərliklə
yanaşı, bu, zorakılıq, münaqişə ilə
nəticələnə və beynəlxalq sabitliyi poza
bilər.
Bu gün dünya bir dilemma
qarşısındadır: ya dinlər və
mədəniyyətlər arasında dialoq,
tərəfdaşlıq və
əməkdaşlığın qurulmasına doğru
addımlamaq, yaxud da qeyri-dözümlülük,
bölünmə və gərginliyə
sürüklənmək. Sivilizasiyalar
İttifaqının məqsədi etimad qurmaq, dialoq yaratmaq,
etnik mədəni dəyərləri,
bəşəriyyətin müxtəlifliyini tanımaq və
ona hörmətlə yanaşmaqdan ibarətdir. Mədəniyyətlər
arasında ideya mübadiləsinin böyük fayda verməsi
ilə bağlı tarixdə bir çox misallar olmuşdur.
İslam və dünyanın digər böyük dinləri
arasında bir çox ümumi əsaslar və
dəyərlər mövcuddur. Həmçinin
həqiqətdir ki, bu gün dünyanın
üzləşdiyi terrorçuluq, qlobal istiləşmə
və QİÇS kimi problemlərin bir ölkə
tərəfindən həll olunması həddindən
artıq çətindir. Ona görə biz
irəliləyiş üçün səylərimizi
səfərbər etməliyik.
Əminəm ki, indiki mühitdə sivilizasiyaların
ittifaqı uğrunda həmin qlobal gənclər
hərəkatını təsis etmək labüddür.
Dünyada baş verən hadisələr, əsasən,
hər bir müasir cəmiyyətdə gənclərin işi
və davranışından asılıdır. Bu gün
gənclər sosial qüvvə, müsbət sosial
dəyişikliyə aparan qüvvədir. Bu gün gənc
liderlər əhalinin ən fəal hissəsidir və onlar
mütərəqqi ideyalara daha açıqdırlar.
Gənclər öyrənmək və
təcrübədən keçirmək arzusundadırlar. Bu
səbəblərə görə gənclər sivilizasiyalar
ittifaqının ideyaları, prinsipləri və dəyərlərinin
təşviqində böyük rol oynamalıdırlar.
Qeyri-dözümlülüyə və ekstremizmə qarşı
mübarizədə gənclərin səylərinin
birləşdirilməsi vacibdir. Biz bu
təşəbbüsü dəstəkləyirik və
Bakıya toplaşmış akademik media dairələrini
və sosial sahədəki fəalları
alqışlayırıq. Mən bu fürsətdən
istifadə edərək, konfransa öz
təcrübələrini gətirmiş həmin
şəxslərə minnətdarlığımı
bildirmək istəyirəm.
Bu forum gənclərdən ötrü
ekspertlər, alimlər, siyasətçilər ilə bir
çox aktual problemləri müzakirə etmək
üçün xüsusi bir fürsətdir. Ümid
edirəm ki, qarşıya qoyduğumuz məqsədin
tədbirlərə yönümlü hərəkat yaratmaqdan
ibarət olduğunu nəzərə alaraq,
bu təcrübə gənclərə işlərinin yol
xəritəsini nəinki müzakirə etmək, həm
də onları müəyyən etmək imkanı
verəcəkdir. İnanıram və ümidvaram ki,
gənclərin və təcrübənin olması bizə
böyük nəticələr əldə etməyə imkan
yaradacaqdır. Bu müzakirələr nəticəsində
formalaşacaq ideyalar Bakı Nəsillərarası
Bəyannaməsində əks olunacaqdır. Lakin ən
önəmlisi odur ki, ideyaların real həyatda və
siyasətdə reallaşdırılmasını
görək. Bu baxımdan forum gənclər
üçün hökumətlər, beynəlxalq
təşkilatlar və özəl sektorda qərarları
qəbul edən dairələrə öz rəylərini
bildirmək imkanı yaratdı.
Ümid edirəm ki, yalnız konstruktiv təsir etmək yolu
ilə biz siyasi dəstəyi inkişaf etdirə və yeni
təşəbbüsləri həyata keçirə
bilərik. İndi biz elə etməliyik ki, Sivilizasiyalar
İttifaqı üzrə növbəti illik sammit
tövsiyələrimizi nəzərə alsın və bu yeni
hərəkatı öz çərçivəsinə daxil
etsin.
Hörmətli dostlar, əminəm ki, bu
mötəbər forum müxtəlif
mədəniyyətlərə, ənənələrə
və dinlərə malik olan gəncləri bir araya gətirəcək,
mədəniyyətlərarası anlaşmanı
möhkəmləndirəcəkdir.
Mən yekunda bu tədbirin hazırlanmasında iştirak
etmiş bütün şəxslərə öz
təşəkkürümü bildirmək istəyirəm.
Ümid edirəm ki, siz gözəl şəhərimizdə
olmağınızdan razı qaldınız.
Mən sizə uğurlar və xoşbəxtlik arzulayıram.
Diqqətinizə görə sağ olun.
Noyabrın 1-də “Gülüstan” sarayında “Gənclər
sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans
başlanmışdır.
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın himayəsi ilə
keçirilən konfransda Qətər Dövləti
Əmirinin xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd
və bir sıra beynəlxalq təşkilatın rəhbərləri
iştirak edirlər.
Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Qətər Dövlətinin birinci xanımı
Şeyxa Moza bint Nasir əl-Misnədi səmimiyyətlə
qarşıladı.
Konfrans “Gənclər sivilizasiyaların alyansı naminə:
arzular həyata keçir” filminin nümayişi ilə
başlandı. Filmdə Azərbaycanda
mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs olunur, sivilizasiyalar
arasında ittifaqın yaradılması
təşəbbüsünün əsas məqsədləri
vurğulanır.
İslam Konfransı Təşkilatının Gənclər
Forumunun baş katibi Elşad İsgəndərov konfransı
açaraq, beynəlxalq tədbirin Bakıda
keçirilməsinin əhəmiyyətini vurğuladı
və konfransı dəstəklədiyinə görə
Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirdi.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Prezident İlham Əliyevin
konfrans iştirakçılarına təbrikini oxudu.
(Təbrik məktubunun mətni qəzetin bugünkü
nömrəsinin birinci səhifəsində dərc olunur).
Türkiyənin Azərbaycandakı səfiri
Hüseyn Avni Qarslıoğlu Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib
Ərdoğanın konfrans iştirakçılarına təbrikini
çatdırdı.
İKT Gənclər Forumunun baş katibi ELŞAD
İSGƏNDƏROV iştirakçıları bir daha
salamlayaraq dedi:
– Çətin anlarda mötəbər
təşəbbüslərin həyata keçirilməsi
və qeyri-düzgün konsepsiyanın, ədavət və
nifrətin aradan qaldırılması üçün
böyük qarşılıqlı etimad və bir-birimizə
inam lazımdır. Mədəniyyətlərarası dialoqun
qurulmasında Gənclər Forumunu tanınmış
şəxsiyyətlər dəstəkləmişlər. Ona
görə də biz bunu xüsusi vurğulayır və
onların bu gün burada iştirakını yüksək
dəyərləndiririk.
Xanım Mehriban Əliyeva da bizim dəvətimizi
xeyirxahlıqla qəbul etdi və idarə heyətinin
üzvü oldu. Bu, bizim fəaliyyətimizin ilkin
mərhələsində oldu və təbii ki,
təşəbbüsün həyata keçirilməsinə,
ümumiyyətlə, təşkilatımıza böyük
töhfə verdi. Ona görə mən bu
təşəbbüsün bu gün gözəl
səviyyədə təşkil edilməsinə görə
Mehriban xanıma bir daha öz minnətdarlığımı
bildirirəm.
Biz böyük fərəh hissi ilə ilk sözü
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevaya veririk. O, sivilizasiyalararası ittifaqın daha qlobal
səviyyəyə qaldırılmasında öz rolunu
oynamışdır
Xalq qəzeti.- 2007.- 2 noyabr.- S. 4.