Təranə
Qayğıya möhtac sənətkar
Zaur Əliyevə olub-keçənlər
indi xəyal kimi gəlir
Onu tanımayanlar, bəlkə də
adını ömründə bircə dəfə
eşitməyənlər çoxdur. Çünki
tanınmış pianoçu Zaur Əliyev çoxdandır ki,
gözdən uzaq düşdüyü kimi,
könüllərdən də iraq düşüb. Nə
adını xatırlayan, nə də özünü yada
salan var. Milli musiqimizin inkişafı və
təbliğində mühüm xidmətləri olan
pianoçunun həyat və yaradıcılıq yoluna
yaxından bələd olduqda isə bu laqeydliyə acımaya
bilmirsən.
Ötən həftə 70
yaşı tamam olan sənətkarın özü də
illərdən bəridir ki, ona qarşı olan laqeydliyin
sirrini anlaya bilmir.
Yaxşı ki, bu piano var
Zaur Əliyev
musiqiyə uşaqlıqdan bağlanıb. Beş yaşı
olanda anasının qarmonunda çaldığı
havaların səsinə qonşular yığışıb.
Bu həvəsini görən anası oğlunu 1 saylı
musiqi məktəbinə aparıb. Daha sonra Zaur təhsilini
Asəf Zeynallı adına Musiqi Məktəbində davam
etdirib. Konservatoriyada Qara Qarayevin tələbəsi olub, eyni vaxtda
İncəsənət İnstitutunda təhsil alıb.
Evlərinə piano alınana qədər əsərlərini
qarmonun üzərində yazıb. İllər
keçdikcə gərgin zəhmət və fitri istedad öz
bəhrəsini verib - onun adı peşəkar
musiqiçilərlə bir sırada çəkilməyə
başlayıb. Z.Əliyev təkcə
öyrənməklə kifayətlənməyib,
həmçinin pianoda çaldığı
muğamların, xalq mahnılarının sirrini
tələbələrinə öyrətməyə
başlayıb. Həmin tələbələrin arasında
bəstəboy, qaragöz, qarasaçlı bir qız isə
öz müəlliminin qəlbində oyanan sevgi hissindən
xəbərsiz musiqinin sirli dünyasına baş vurmağa
çalışıb.
"Mən
onun tələbəsi olmuşam. Pianoda mənə xalq mahnıları
çalmağı öyrədirdi" - deyə Aidə
xanım illərin uzaqlığında qalan sevgi dolu
tarixçəni vərəqləyir:
- Aramızda
yaş fərqi vardı. Ona görə də mənə
qarşı belə bir hissinin olacağını heç
ağlıma da gətirmirdim. Bir gün mənə dedi ki,
bizimkilər sizə gəlmək istəyirlər. Yenə
də heç nə başa düşmədim. Gəlib
evdə anama deyəndə, mənə təəccüblə
baxdı. Nəhayət, valideynlərim razılıq verdilər.
Elçiliyimizi də rəhmətlik Əhməd Bakıxanov
etdi. 1969-cu ildə toyumuz oldu.
Deyim ki,
hansısa mahnısını şəxsən mənə
həsr edib, bəlkə də səhv etmiş olaram. Ancaq
mahnılarının ilk dinləyicisi olmuşam. Zaur
əzəldən klassik bəstəkarların
əsərlərini, Cahangir Cahangirovun, Tofiq Quliyevin mahnılarını
çalmağı xoşlayır. Ümumiyyətlə, Zaur
hər gün, hər saat musiqi ilə, yaradıcılıqla
məşğul olub. Həmişə onun qayğısına
qalaraq məişət qayğılarından azad
etməyə çalışmışam. Bütün
çəkilişlərdə, konsertlərdə onun
yanında olurdum. Repertuarını da əzbər bilirdim.
Hamı mənə zarafatla "Zaurun katibəsi" deyirdi.
Zaur qeyri-adi istedada malik pianoçudur. Onu yaxından
tanıyanların hamısı
bu fikirdədir. Bəzən bir həftənin içində 3-5 konsert verdiyi vaxtlar olub. Bütün konsertləri də
canlı keçib.
Ancaq həyat yoldaşı danışır ki, Zaurun bu uğurlarını
gözügötürməyənlər çox olub. "Çoxları deyir ki, onun
not savadı yoxdur.
Amma Zaur Asəf Zeynallı adına musiqi
məktəbinin nəzəri
bəstəkarlıq və
xor diriyorluğu fakültələrini bitirib.
Bütün not yazıları bu günədək Dövlət Televiziya və Radiyo Şirkətində qalıb.
Adlarını çəkmək istəmədiyim musiqiçilər
vardı ki, Zauru saatlarla çaldırır, muğamları
ondan götürürdülər.
Rəhmətlik Əhməd müəllim
neçə dəfələrlə
ona başa salır, məsləhət
verirdi, amma o, qulaq asmırdı. Bəstəkar Ələkbər Tağıyevin əksər
mahnılarını Zaur
yazıb, çünki
onun not savadı yox idi. Zaurun özünün də çoxlu mahnıları var".
"Mahınılarım
çoxdur" - deyə
pianoçu bildirir:
- Yaxşı da mahnılardır. Amma indi yaza bilmirəm,
alınmır. Ən çox
Bəxtiyar Vahabzadənin
şeirlərinə mahnı
yazmışam. Mahnılarımı rəhmətlik Gülağa
Məmmədov, Zeynəb
Xanlarova, Flora Kərimova,
Rəsmiyyə Sadıqova,
Elmira Rəhimova oxuyub.
Amma indi... yorulmuşam. "Ağ çiçəyim"
mahnısını indi
dinləyəndə çox
kövrəlirəm. Ürəyimə yatan mahnıdır. Olub-keçənlər indi xəyal
kimi gəlir mənə. O vaxtlar heç nəyə ehtiyacım yox idi. Ancaq yazıb-yaradırdım. Mən xalqım üçün
çalırdım. İlk növbədə
də muğamlarımızı
ifa edirdim. İndisə
heç maraqlanan da yoxdur. O vaxt özümə qəsd edirdim, guya bu mənə
çox lazımmış.
Darıxıram, az qalır ürəyim partlaya. Yaxşı ki, bu piano var. Eşidirəm, qonşular
deyirlər ki, buna bax, heç
yorulmaq da bilmir. Günü sabah dəvət
edən olsa, konsert verməyə hazıram.
Biganəlik deyilmi bu?
Aidə xanım danışır
ki, Zaurun yolunda əngəl olanlar vaxtilə onu Əhməd Bakıxanovun ansamblından
uzaqlaşdırıblar. Konservatoriyada oxuyanda da dəfələrlə
"sən ansamblda çalırsan, sənə
oxumaq olmaz" - deyə təhsilinə
mane olublar. Əngəllərə baxmayaraq, Zaur konservatoriyanı əla qiymətlərlə başa
vurub. Üstəlik,
xarici dövlətlərdən,
xüsusilə də İrandan, Türkiyədən
Zaurun adına
məktublar gəlirmiş.
Ancaq həmin məktubları ailəsinə çatdırmırmışlar.
"Hamı onunla maraqlanır, lent yazılarını
istəyirdi. Mirzə İbrahimov bir gün dedi ki,
ay balam, otaqda məktub əlindən tərpənmək olmur. Bütün bunlardan sonra Mirzə İbrahimovun təşəbbüsü ilə
Zaur haqqında bir saatlıq veriliş hazırlayıb,
İran və Türkiyəyə göndərdilər.
1959-cu ildə Mustafa Payan adlı bir müğənni İrandan onun üçün viza göndərmişdi, getməyə
qoymadılar. Amma
sonradan öyrəndik
ki, bir yurnalist
Zaurdan xəbərsiz onun lent yazılarını
göndəribmiş İrana.
Bax, beləcə, soyudurdular onu işdən. Heydər Əliyev adına Sarayda
keçirilən bir çox konsertlərdə
çox acınacaqlı
hallar baş verirdi. Məsələn, Zaurun çıxışı
zamanı çox vaxt mikrofonları söndürürdülər. Auditoriya səsi eşitmədiyi üçün çığır-bağır
salırdı. Elə vaxt
olurdu ki, onun konsertlərini təxirə salırdılar.
Zaurun haqqında çox şayiələr yayırdılar.
Həmişə də rəhmətlik
Hafiz Baxış ona öyüd-nəsihət verirdi
ki, belə şeylərə baş qoşma, öz işinlə məşğul
ol. Ancaq Zaur çox həssas adam
idi. Plastinkasını buraxdırmaq istəyirdi.
Hər şey də hazır idi - "Bayatı Şiraz", "Rahab",
"Orta Mahur",
"Çahargah", "Humayun" və "Şur" muğamlarını
lentə yazdırmışdı.
Amma Mədəniyyət Nazirliyinin
teatr və musiqi müəssisələri
idarəsinin rəhbrliyi
cavab olaraq gələcəkdə imkan
daxilində onun istəyini nəzərə
alacaqlarını bildirmişdi.
Məktublar indi də məndədir, saxlamışam.
Biganəlik deyilmi bu?"
İllərdən bəridir ki, Zaur Əliyev və ailəsi bu suala cavab
axtarır. Həmişə ürək ağrısı
ilə "Əhməd
müəllimin ölümü
Zauru yetim qoydu" deyirlər.
Söz düşəndə Zaur özü də "Əhməd müəllim
mənim kisəmdən
getdi..." - deyə təəssüfünü gizlətmir.
"Fəxri ad almağa gələndə
də Zaur yaddan çıxırdı"
- deyə Aidə xanım şikayətlənir:
Neçə dəfə
televiziya ilə konserti veriləndə onu Əməkdar artist kimi təqdim ediblər. Amma sonradan elan ediblər ki, səhv düşüb.
1990-cı ildə fəxri ad verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə
müraciət edilmişdi.
O vaxt incəsənət
işləri baş idarəsinin rəis müavini Elmira Əliyeva cavab göndərmişdi ki, Zaura ad verilməsi
üçün o, Mədəniyyət
Nazirliyi sistemində işləməlidir, Dövlət
Radio və Televiziya Verlişləri Komitəsi
də nazirliyə tabe deyil. Qəribə məntiqdir, elə deyilmi? Halbuki bu adam
1965-ci ildən 1982-ci ilədək
Mədəniyyət və
İncəsənət Universitetində
Azərbaycan folklor və müasir rəqs musiqilərinin ifaçısı kimi konsertmeystr işləyib. Bunlar istər-istəməz Zaura
təsir göstərirdi".
Aidə xanım danışır
ki, həyat yoldaşına fəxri
ad, prezident təqaüdü
almaqdan ötrü Polad Bülbüloğlunun
nazir işlədiyi dövrdə dəfələrlə
Mədəniyyət Nazirliyinə
məktub ünvanlasalar
da, cavabsız qalıb. Sonradan təzə bir
ümidlə sözügedən
ünvana üz tutsalar da, məktubları
yenə əllərində
qalıb.
Unudulan yubiley
"Zaur 80-ci
ildə Mədəniyyət və İncəsənət
İnstitutunda xalq rəqsləri üzrə
müşayiətçi işləyirdi. O vaxt onu
işləmək üçün televiziyaya
çağırdılar. Onda televiziyanın sədri Qurban
Yusifzadə idi. Zaura demişdilər ki, biz sənə
fəxri ad verə bilmirik. Sən gərək burda
işləyəsən ki, biz sənə ad verək. O da
televiziyada işləməyə başladı. 90-cı
ilə qədər o, bütün konsertlərdə iştirak
edirdi. Fəxri ada gələndə isə vermirdilər.
1981-ci ildən bəri gözləyirik ki, Zaura nə vaxt
fəxri ad verəcəklər".
Pianoçunun
ailəsi indi çox çətin vəziyyətdə
yaşayır. Z.Əliyevin səhhəti qaydasında olmasa da
ansamblın konsertlərində yenə də çalır.
İşləməyə qüvvəsi, həvəsi
sonsuzdur: "Bizə nə yardım edirlərsə, onunla
dolanırıq. Təqaüd alırıq, bir də
Mədəniyyət Fondu hər ay yardım göstərir.
Xəstələnəndən sonra Zaurun əli hər
şeydən soyuyub. Kömək eləyən olsa, indi də
çox çalar. Ancaq heç bir kömək yoxdur.
Dostlarından da heç kim yanına gəlib-getmir. Zaur
vaxtilə çalanda hamı onun başına
yığışardı. İndi hanı o adamlar?"
Səhhəti
qaydasında olmayan pianoçuya bu gün qayğı lazımdır.
Əlbəttə, qayğı deyəndə, sponsor
köməyini nəzərdə tutmuruq. Onsuz da bu, onun kimi
adamların adı ətrafında mümkün olan şey
deyil. Çünki bizdə Zaur Əliyev kimi adamlar
üçün hesablanmayan "mərhəmət hissi"
reklam çarxlarına söykənib. Tanınmış
pianoçuya yalançı "mərhəmət" yox,
dövlət qayğısı lazımdır. Ehtiyacı
olmayan və mədəniyyətimizdə heç bir layiqli
xidməti olmayan "sənətçi"lərə
göstərilən qayğıdan. Çünki Zaur
Əliyevin bu qayğıya daha çox ehtiyacı var. Həm
maddi, həm də mənəvi baxımdan...
"Noyabrın
9-da Zaurun 70 yaşı
tamam oldu. Onun yubileyini
qeyd etdirmək və ya fəxri
ad, təqaüd almasına
nail olmaqdan ötrü
mətdəniyyət və
turizm nazirinin qəbulunda oldum. Məni diqqətlə dinləyən
nazir "yubileyini keçirərik, mükafat
da verərik" - deyə bildirdi. Ancaq heç bir səs-səmir yoxdur.
Ən kədərli hal budur ki, Zaurun
yubileyi uzun illər çalışdığı
doğma televiziyanın
da yadına düşməyib".
Kaspi.- 2007.- 13 noyabr.- S. 16.