Yusifova S.

 

Qara Qarayev haqqında Türkiyə mətbuatında geniş məqalə dərc edilib

 

Bu günlərdə Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin rəhbəri, professor Əflatun Nemətzadənin Türkiyənin "İl qazetesi"ndə bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən məqaləsi dərc olunub. Müəllif XX yüzillikdə klassik musiqi yaradıcılığında Qara Qarayevin yeni bir ənənənin əsasını qoyduğunu bildirərək onun milli musiqi ənənələrimizi bütün dünyaya tanıtdığını qeyd edir: "Qara Qarayevin qələmə aldığı əsərlər ABŞ, Yaponiya, Avstriya, Almaniya və başqa ölkələrdə simfonik orkestrin müşayiətilə səsləndirilib. Onun simfonik əsərləri, baletləri bomba kimi partladı və Sovetlər İttifaqının hər tərəfində elə böyük maraqla qarşılandı ki, hətta bu, o zamankı Siyasi Büronun gündəminə gəldi. Bəstələdiyi əsərlərdə "Qərb ruhunu ifadə etdiyi" mübahisə mövzusuna çevrildiyi üçün bəstəkara cəza verilməsi də müzakirə mövzusu oldu. O zamanın "Pravda", "İzvestiya", "Sovetskaya kultura" kimi məşhur qəzetləri Azərbaycanın dahi bəstəkarını haqsız yerə tənqid etməyə başladı. Olay getdikcə böyüdü və Siyasi Büronun gündəminə gəlib çıxandan sonra mərhum Heydər Əliyev Siyasi Büro üzvlərinin qarşısına çıxdı və Qarayevə dayaq oldu. Qərbdəki musiqiçilər də Qarayevə sahib çıxdılar və onu Amerikaya dəvət etdilər".
   Daha sonra Q.Qarayevin uğurlarından danışan müəllif bütün bunların həm də böyük siyasi xadim Heydər Əliyevin bəstəkara göstərdiyi qayğı və diqqətin nəticəsi olduğunu vurğulayır.
   Bəstəkarla öz tanışlığından da söz açan Əflatun Nemətzadə Q.Qarayevdən böyük diqqət gördüyünü nəzərə çatdıraraq, bu amilin irəli addımlamasında mühüm rol oynadığını bildirir. Sonda müəllif qeyd edir ki, Qara Qarayev Türk dünyasının böyük oğludur, şərəfli övladıdır.
   

525-ci qəzet.- 2007.- 3 noyabr.- S. 24.