Anar
Düşürsən yadıma...
60-cı illərdə Moskvada oxuduğum zaman tez-tez Emindən, Vaqifdən məktublar alırdım. Vaqif Səmədoğlu çox
vaxt məktublarının içində yeni şeirlərini
göndərirdi. Onların arasında cəmi iki sətirlik
şeir də vardı:
Yağış yağır,
Yadıma düşdün, bağışla.
Bizim bayatılar kimi tutumlu, yapon hokkuları kimi dərin
təəssürat oyadan bu misralar uzun zaman içimdə
dolaşdı və qeyri-ixtiyari onları ənənəvi
şeir biçiminə salmağa başladım. O vaxtlar
şairlik etmək niyyətim yoxdu (elə indi də yoxdur).
Amma ilk şeir yazma təşəbbüsüm Vaqifin məhz
bu iki sətrindən doğuldu.
Unut məni səhərlər, gündüzlər unut — dedi,
Ulduzlu gecələrdə unut məni əbədi.
Axşamlar yada salma,
Xatirələrə dalma.
Yaxşı, yaxşı, unutdum, amma
Düşürsən yadıma yağanda yağışlar,
Bağışla, gözəl yar, bağışla,
bağışla.
Unut məni payızda, baharda unut — dedi,
Könlündən uzaq elə kədəri, qəmi, dərdi.
Ötən günləri anma, həsrət oduna yanma.
Yaxşı, yaxşı, unutdum, amma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla,
bağışla.
Mən də bu şeri Vaqifə və Eminə
məktublarımın içində göndərmişdim.
Bir müddət sonra bildim ki, Emin həmin mətnə musiqi
bəstələyib. Gözəl melodiyası olan bir mahnı
alınıb, Mirzə Babayev də onu gözəl oxuyub. Sonra
Mirzə Babayevin və flora xanımın duet ifasında bu
mahnı “Gün keçdi” filmində səsləndi. Uzun zaman
mahnının mətn müəllifi kimi Vaqifi elan
edirdilər. Eminin bəstələdiyi və “Qaya” vokal
kvartetinin ifa etdiyi “Bəlkə də” mahnısının
mətnini isə mənə aid edirdilər. Halbuki
“Bəlkə də” mahnısını “Keçən ilin son
gecəsi” tamaşası üçün Vaqif
yazmışdı. “Gün keçdi” filmində
səslənən “Bir axşam taksidən düşdük
payıza” mahnısının sözləri də V.Səmədoğlunundur,
“Evləri köndələn yar” teletamaşasında
səslənən bütün mahnıların sözləri
Vaqifin, musiqisi Eminindir.
Bu nəğmələr — Vaqifçün
də, mənimçün də yalnız sadəcə
mahnı, həm də çox məlahətli, incə,
təsirli mahnılar deyil, daha böyük anlamda
ömrümüzün bir parçasıdır, birgə
yaradıcılıq işlərimizin işıqlı
günlərini, gecələrini oyadan, uzaq
gəncliyimizin munis xatirələrini canlandıran, Eminsiz
qalıb Eminsizliyin acısını duyduğumuz anlarda
Eminimizi bizə qaytaran möcüzələrdir.
Düşürsən yadıma...
Ədəbiyyat qəzeti.- 2007.- 2 noyabr.- S. 3.