Ayxan.

 

"Heyf ondan, aramızdan tez getdi..."

 

Dünən mərhum bəstəkar Emin Sabitoğlunun anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının əməkdaşları, bəstəkarın yaxınları onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov E.Sabitoğlunun mahnı janrına üstünlük verməsi ilə yanaşı, irihəcmli əsərlərinin tanınmış bəstəkarlar tərəfindən yüksək qiymətləndirildiyini söyləyib: "Emin Sabitoğlu Rusiyada ali bəştəkarlıq təhsili alan nadir bəstəkarlarımızdandır. Onun diplom işi kimi yazdığı simfoniya o dövrdə böyük rezonans doğurmuşdu".

R.Zohrabov çıxışında E.Sabitoğlunun 70 illiyinin qeyd olunması üçün Bəstəkarlar İttifaqının Azərbaycan Dövlət Musiqili Komediya Teatrına müraciət edəcəyini ilin sonuna kimi yubiley mərasiminin keçiriləcəyini vurğulayıb, dövlət başçısının imzaladığı sərəncama əsasən yaxın vaxtlarda bəştəkarın yaşadığı evə xatirə lövhəsinin vuralacağını deyib.

Xalq şairi Vaqif Səmədoğlu isə Emin Sabitoğlu ilə uşaqlıqdan dostluq etdiyini, hər ad günündə ona orijinal hədiyyə almaq üçün Bakının bütün mağazalarını ələk-vələk etdiklərini xatırlayıb: "Biz görmüşük ki, hüznlü yerdə insanların simasında kədər olur. Amma bayaqdan burdayıq, hamı Eminin zarafatlarından danışır. Biz hər noyabrın 2-də Eminə orijinal hədiyyə almalıydıq ki, axşam məclisdə stol ətrafına yığışanda, bizi biabır etməsin. Heyf ondan, aramızdan tez getdi. Bilmirəm taleyin qara qisməti idi ki, vəfatından bir gün əvvəl onunla bir yerdə olan 2-3 adamdan biri mənəm..."

Sonda bəstəkarın qızı Ceyran xanım atasının sənətini sevənlərə təşəkkürünü bildirib. O, atası haqqında monoqrafiya hazırladığını kitabın yaxın zamanlarda işıq ü görəcəyini deyib.

 

Ekspress.- 2007.- 3-5 noyabr.- S. 24.