Səfərova Z.

 

Dayan, zaman, dayan ...

 

İstedadlı bəstəkar, vəfalı dost, mərhum Emin Sabitoğlu haqqında yazı yazmaq qərarına gəldiyim gündən onun "Dayan, zaman, dayan" mahnısının melodiyası dilimdə elə hey hərlənirdi. Ona görə yox ki, mənim bu mahnı Eminin başqa çoxsaylı gözəl mahnılarından daha çox xoşuma gəlir, bu yəqin ona görədir ki, həmin mahnı ilə mənim munis xatirələrim bağlıdır. Qızım Günelin 4, ya 5 yaşı olardı. O vaxtlar biz Anarla Vaqif küçəsindəki yazıçılar evində yaşayırdıq. Emin o evə tez-tez gələrdi. Növbəti gəlişində mən qapını açan qızımdan soruşdum ki, gələn kimdir, o da cavabında: "Dayan, dayandır" - dedi. O vaxtlar Günel Emini populyar mahnısının adıyla məhz "Dayan, dayan" çağırırdı. İçəri girən Emin dərhal piano arxasına keçib həmin mahnını çalardı, Günel də rəqs edərdi. "Dayan" sözünü Emin xüsusi vurğu ilə çalardı. Günel də həmin sözdə əlini qabağa uzadardı, sanki həm bəstəkar, həm rəqs edən uşaq həmin dəqiqələri, o vaxtı, zamanı dayandırıb saxlamaq istəyirdilər. Eminin oynaq, "trel" vuran barmaqları, mahnını çalanda tez-tez "qlissando" edən əlləri yadımdadır. O zaman onun gözləri və üzünün cizgiləri də xüsusi, məzəli, oynaq ifadə alırdı. Mən Eminin bir sıra əsərlərinin ilk dinləyicilərindən olmuşam. Vaqif Səmədoğlunun evində "Dərələr" mahnısını ifa edəndə Emin elan etdi ki, bu mahnını ilk dəfə bizlərə çalır. Anarın filmlərinə - "Gün keçdi", "Dantenin yubileyi", "Dədə Qorqud"a, "Evləri köndələn yar" telefilminə və tamaşalara yazdığı musiqilərin də, təbii ki, ilk dinləyicilərindən olmuşam. Moskva konservatoriyasını bitirib (Y.A.Şaporinin sinfini), yüksək professional təhsil aldıqdan sonra Emin Bakıya qayıdır və konservatoriyada Qara Qarayevin sinfində onun assistenti vəzifəsində çalışır. Mən elə zənn edirdim ki, bundan sonra Emin simfoniyalar, sonatalar, operalar, baletlər yazacaq. Lakin mahnı janrı onu həmişə maqnit kimi özünə cəlb edirdi. Ona deyəndə ki, bəsdir mahnı yazdın, keç başqa janrlara, əvvəl razılaşardı, sonra isə sanki özünə bəraət qazandıraraq deyərdi ki, olsun, Tofiq Quliyev mahnı yazır da. Bununla o, elə bil demək istəyirdi ki, ortabab simfoniyalar, operalar yazmaqdansa, gözəl mahnı yazmaq daha yaxşıdır. Doğrudur, Eminin başqa janrlarda da əsərləri çoxdur (onun kinomusiqisi xüsusi tədqiqat mövzusudur), ömrünün son illərində isə o, Dədə Qorqud mövzusunda balet yazmaq fikrinə düşmüşdü. Çox təəssüflər olsun ki, bu arzu, elə arzu olaraq qaldı. Emin böyük melodist idi, onun bir melodiyası digərinə bənzəmir, o həm gözəl lirik, həm gözəl oynaq, ritmik melodiyalar ustası idi. Emin musiqi ədəbiyyatını, bədii ədəbiyyatı gözəl bilirdi, çoxlu mütaliə edirdi. O, musiqi elmi, musiqişünaslığın da nailiyyətlərindən xəbərdar idi, bütün yeni çıxan kitabları oxuyardı. Mənim "Azərbaycanın musiqi elmi" monoqrafiyamı da alıb oxumuşdu çoxlu xoş sözlər deyib onu yüksək qiymətləndirmişdi. O vaxtlar Emin İstanbul konservatoriyasında işləyirdi, kompozisiyadan türk gənclərinə dərs deyirdi. O, mənim kitabımı türk kolleqalarına da vermiş, o vaxt rektor vəzifəsini icra edən bəstəkar Yalçın Turaya, musiqişünas Süleyman Şenelə başqalarına təqdim edərək, onlardan bu tədqiqat haqqında yüksək rəylər alıb Bakıya göndərmişdi. İstanbulda şəhər bələdiyyəsinin təşkil etdiyi Zəfər Tuna mədəniyyət mərkəzində keçirilən "Türk dünyasının ulduzları" çərçivəsində Üzeyir Hacıbəyova həsr olunan konfransda uğurlu çıxışımızdan sonra Emin bizi evinə qonaq çağırmışdı. Emin özü bu konfransda çıxış etmişdi. Eminin İstanbulda gözəl evi var idi, lakin o, Bakı üçün çox darıxırdı öz otağını Bakı otağı adlandırırdı. Onun divardan asılan saatı da Bakı vaxtını göstərirdi. Təqvimində Bakıya gedəcəyi günə qalan vaxtı sayırdı. Emin Anarın sözlərinə yazdığı lirik, Vətən nisgilli mahnısını çalıb oxudu bizi xeyli riqqətləndirdi. Minarəli İstanbulda Hər gün Bakı düşür yada. Könül istər bu həsrətə Kədərli mahnı həsr edə. Bakıya dönəndə biz onu evə qonaq çağırdıq. Elə oldu ki, həmin gün Moskvadan gələn türkoloq Tofiq Məlikov da Anarın yanına gəlmişdi Anar onu da evə dəvət etmişdi. Emin uzun müddət ona xas olan Şəki yumoru ilə ayırd eləməyə çalışırdı ki, bu qonaqlıq kimin şərəfinədir mən plovu kim üçün bişirmişəm. Nəhayət, biləndə ki, qonaqlıq plov məhz onun şərəfinədir, xeyli şelləndi bu barədə sonralar da minnətdarlıqla danışdı. Ümumiyyətlə, Emin çox mədəni təvazökar insan idi. Heç kimə paxıllıq etməzdi, Vətənini, xalqını çox sevən ziyalı idi. 2000-ci ilin 18 noyabrı idi. Səhər tezdən telefon zəng çaldı. Dəstəyi götürməyimlə qoymağım bir oldu. Eminin qızı Ceyran titrək səslə bu gecə atasının keçindiyini xəbər verdi. Mən heç bir ad çəkmədən "Allah rəhmət eləsin" sözlərini dediyim vaxt Anar mənə yaxınlaşıb: "Emindir?" - soruşdu. Yəni keçinənin Emin olduğunu xəbər aldı. Mən təəccübləndim. Qəribədir ki, həmin gecə Anar yuxuda Eminin ölümünü görmüşdü. Artıq Eminin ölümündən çox illər keçib. Amma onun musiqisi əvvəlki təravətini itirmədən səslənir, sevilir. 2 noyabr Eminin ad günüdür. Bu günü Emin çox sevərdi, həmişə yaxınları, dostları ilə keçirərdi. Bu il onun 70 illiyini isə musiqi ictimaiyyətimiz, yaxınları, dostları onsuz qeyd edəcəklər. Eminin dayandırmaq istədiyi zaman isə bir saniyə belə dayanmayaraq, irəliləyir özü ilə Emin Sabitoğlunun xalqı tərəfindən sevilən musiqisini sabaha aparır, aparır ki, yeni nəslə mahnısındakı kimi "Sabahın xeyir, Bakı" - desin.
   

525-ci qəzet.- 2007.- 2 noyabr.- S. 7.