Sevda
Almaniya
və Azərbaycan musiqiçiləri bir səhnədə
Onlar Firəngiz Əlizadənin məşhur
əsərlərini səsləndiriblər
Azərbaycanın Almaniyadakı
səfirliyinin təşkilatçılığı ilə
Berlində Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadənin
əsərlərinə həsr edilmiş Alman və
Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert
keçirilib. Tədbiri Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazlı açaraq Firəngiz
Əlizadənin yaradıcılığı barədə
tamaşaçılara məlumat verib: "Firəngiz
xanım müsəlman şərqindən olan ilk qadın
bəstəkardır ki, Qərb və Şərq musiqisinin
sintezi formasında yaratdığı əsərləri
ilə Qərb aləmində özünü təsdiq edə
bilib".
Bəstəkarlar
İttifaqının mətbuat əlaqələndiricisinin
məlumatına görə, Berlinin mərkəzi Yandermarkt
meydanında yerləşən məşhur
"Konserthaus"da keçirilən musiqili gecədə
professor Yulius Berqerin rəhbərliyi ilə "Auqusburq"
violençelistlər qrupu, Berlindən "Modern Art"
ansamblı və bir çox musiqiçi bəstəkarın
"Oazis", "Atəş",
"Muğamsayağı" və "Metamorfozlar"
əsərlərini ifa ediblər. Eyni zamanda, Azərbaycan
Dövlət Simfonik Orkestri və Dövlət Xalq
Çalğı Alətləri Orkestrinin solistləri
Firəngiz Əlizadənin diriyorluğu və fortepianoda
müşayiəti ilə bəstəkarın
"Crossings" əsərini səsləndiriblər.
Xatırladaq
ki, konsertin keçirilməsinə Mədəniyyət və
Turizm Nazirliyi, Almaniya-Azərbaycan Forumu və "RWE Gas"
şirkəti dəstək olublar. Xəbərdə bildirilir
ki, konserti diplomatik nümayəndəliklər, ziyalılar,
musiqiçilər və yerli əhali dinləyib.
Kaspi.- 2007.- 3-5 noyabr.- S. 17.