Gənclər sivilizasiyaların alyansı
naminə təşəbbüsü
çərçivəsində beynəlxalq konfrans başa
çatmışdır
Bakıda,
“Gülüstan” sarayında Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın himayəsi ilə keçirilən
“Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq
konfransı noyabrın 2-də öz işini davam
etdirmişdir.
Konfrans iştirakçıları Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı və Qətər Dövlətinin
birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədi
səmimiyyətlə qarşıladılar.
Əvvəlcə Gənclər Səyyar Cavabvermə
komandasının təqdimatı oldu. İslam Konfransı
Təşkilatının Dialoq və Əməkdaşlıq
Naminə Gənclər Forumunun üzvü olan
ölkələrin hər birindən nümayəndənin
təmsil olunduğu komanda gənclərin sivilizasiya
ittifaqı uğrunda beynəlxalq səviyyəli iş
aparacaqdır.
Portuqaliyanın sabiq prezidenti, BMT Baş katibinin
Sivilizasiyaların İttifaqında yüksək
nümayəndəsi Jorj de Sampayo konfransın gözəl
təşkilinə, göstərilən
qonaqpərvərliyə və gənclər
hərəkatına verdiyi dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə və onun
xanımı Mehriban Əliyevaya
minnətdarlığını bildirdi. O, Bakıda
müzakirə olunan məsələlərin, o
cümlədən mədəniyyətlərarası dialoqun,
əldə edilmiş razılaşmaların dünya
üçün faydalı olduğunu söylədi. BMT
təmsilçisi qlobal dünyada gənclərin rastlaşdığı
problemlərdən, sivilizasiyaların dialoqu üçün
mövcud təhdidlərdən danışdı.
Konfrans iştirakçıları Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva və Qətər
Dövlətinin birinci xanımı Şeyxa Moza bint Nasir
əl-Misnəd ilə xatirə şəkli
çəkdirdilər.
Sonra “Gənclər sivilizasiyaların alyansı naminə”
beynəlxalq konfransın yekun sənədi -
“Nəsillərarası Alyans” adlı Bakı Bəyannaməsi
qəbul edildi. Bu rəsmi sənəd 2008-ci ilin yanvarında
İspaniyanın Madrid şəhərində BMT
tərəfindən keçiriləcək İllik Qlobal Alyans
Forumuna təqdim olunacaqdır.
Məlumat verildi ki, Qərb və Şərqi Asiya
ölkələrindən, habelə İslam Konfransı
Təşkilatından 45 gənc liderin iştirak etdiyi
beynəlxalq konfrans günlərində elm,
mədəniyyət və sosial sahələrdə
müxtəlif sivilizasiyaların tarixi,
qarşılıqlı münasibətləri, onların siyasi
və sosial-mədəni aspektləri haqqında
məruzələr edilmişdir.
Konfransda belə bir ümumi fikir də
vurğulandı ki, bu cür tədbirlər həm
Azərbaycan haqqında müsbət imicin formalaşması,
dolğun informasiyanın yayılması baxımından
əhəmiyyətlidir, həm də müxtəlif
ölkələrin nümayəndələri bilavasitə
özləri Azərbaycandakı vəziyyətlə
yaxından tanış olurlar.
Xalq qəzeti.- 2007.- 3 noyabr.- S. 3.