Kazımova Z.

 

Bir görüşün tarixçəsi və ya tezliklə görüşərik

 

Klemen-Ceyhun Hacıbəyli: "Ürəyim Azərbaycanla döyünür, amma fransız kimi düşünürəm"

 

Klemen Hacıbəyli 1951-ci ildə musiqiçi mühitində dünyaya göz açıb. O, dahi Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin nəvəsidir. Onun ata nənəsi Azərbaycan milli jurnalistikasının banisi Həsənbəy Zərdabinin qızı Pəri xanım idi. Timurçin Hacıbəylinin ilk nikahından doğulan Klemenin anası və ana nənəsi də musiqiçi olub. Onun musiqiyə marağı və həvəsi hərtərəfli şəkildə musiqiçilərin əhatəsində olmasından doğan bir zərurət idi. O, uşaq yaşlarından pianoda ifa edir, klassik musiqiyə və caz üslubuna maraq göstərirdi. Klemen musiqi təhsilini Amerikada Boston şəhərində alıb. Fransaya qayıtdıqdan sonra bir müddət studiyada musiqiçi kimi fəaliyyət göstərib. 1983-cü ildə Polineziya adalarına yollanır və 17 ildən sonra vətəninə qayıdır. O, Polineziya musiqisinə həsr olunmuş tədqiqatlar aparıb, kitab yazıb və bir neçə sənədli film yaradıb. Eyni zamanda, Hacıbəyli sülaləsini araşdırıb və xatirələrini yazıb, Azərbaycan musiqisi haqda tədqiqat aparıb. Klemen 2000-ci ildə Emanuel Lüsi və onun oğlu David Brod ilə birgə "Rumba Mama" caz triosunu yaradır. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayına dəvət alır və Bakıya gəlir. Qayıtdıqdan sonra o, öz qrupuna Rain Sultanovun bəstələrindən birinin adı ilə "Qaçaqaç" adı verir. 2006-cı ildə isə Bakı Caz Festivalında iştirak edir.
   Biz onunla Bakı aeroportunda görüşdük. Buna qədər onun haqqında çox eşitmişdim. Mənim üçün o, çox məşhur və tanınmış ailənin yadigarı olmaqla bərabər, həm də maraqlı bir şəxs idi. Hər dəfə onun mənsub olduğu şəcərə, babası, babasının qardaşı, məşhur Ü.Hacıbəyli haqda oxuyanda və düşünəndə məhz Klemen barədə oxuduqlarım yadıma düşürdü. ...İyunun 22-si 2006-cı il. Biz artıq aeroportdayıq. Mən ucaboylu, üzündə təbəssüm donmuş bu insanı tanımaya bilməzdim. Bu bir təsadüf də deyildi. Onu şəkildə də görmüşdüm. Bu o idi, Klemen Hacıbəyli. Onun vaxtilə oxuduğum müsahibəsi beynimdən sətirbəsətir gəlib keçdi. 2006-cı ilin yayında "Qaçaqaç" qrupu ilə 3 gün birlikdə olduq. Emanuel Lüsi çox cazibədar və maraqlı xanım, David isə gənc və maraqlı idi. Bəzən musiqiçilərin çox həssas, amma eqoist olduğunu iddia edirlər. Lakin bu kiçik qrup üzvləri çox səmimi və dostcanlı idilər. Bakı Caz Festivalı davam etdiyi günlərdə Klemeni daim müşayiət etdiyimdən onun maraqlı söhbətləri, musiqi haqda düşüncələri mənim üçün yeni bir aləm oldu. Onun Azərbaycan musiqisinə sevgisi, muğamı bilməsi təsadüfi deyildi. Axı onun damarlarında babalarının qanı axır. O deyir: "Caz əslində muğamla çox yaxındır. Bəzən isə formaca eynidir, deyə bilərəm. Məsələn, muğamda da mətn (muğamat deyirlər buna) və musiqi parçası var. Yəni ritmlərin dəyişməsi və sairə. Səsin və musiqinin tonunun qalxıb düşməsi. Bunlar birləşdikdə isə əsl musiqi yaranır və bu, insana ən məhrəm duyğular qədər yaxın olur. Caz həm də ehtirasdır. Mənim ürəyim Azərbaycanla döyünür, amma başıma gəldikdə isə, mən fransız kimi düşünürəm. Bu ikilik musiqi yaradıcılığımda mənə kömək edir". Onun Azərbaycanla ilk tanışlığı Maestro Niyazi ilə bağlıdır. 1966-cı ildə Fransada konsert verən orkestrə dirijorluq edən Niyazi ilə görüşünü o, təbəssümlə xatırlayır: "Biz Niyazinin konsertində iştirak etdik və onunla görüşmək üçün Parisdə qaldığı otelə yollandıq. Lakin otağına getmək üçün mətbəxdən keçməli olduq. Bu, o dövrün tələbi idi. Bu mənim onunla ilk birbaşa ünsiyyətim oldu. Həcər xanımla da tanış olduq. Bu ünsiyyət eyni zamanda bilavasitə ölkəmizlə əlaqə yaratmağımıza imkan verdi. Ona görə də deyə bilərəm ki, mənim Azərbaycanla ilk tanışlığım Niyazidən başladı. Bu görüş məni bu ölkə ilə və ailəmlə daha yaxından maraqlanmağa həvəsləndirdi". O danışır və mən ona baxıram. Qarşımda mənim üçün çox maraqlı bir insanı görürəm. Bu görüşdən çox məmnun idim və Tanrıya təşəkkür edirdim ki, mənə belə bir şans verib. Onun ailəsini Azərbaycanda çox tanıyırlar. Ceyhun Hacıbəylinin Fransada təhsil alması məndə hər zaman bir qürur hissi doğurur. Vaxtilə öz güclü potensialını Azərbaycan üçün sərf etməyə hazır olan, intellektli, sadə və təvazökar, dövrün məcburiyyətləri ilə üz-üzə qalıb Vətəndən uzaq düşən, bununla belə qəlbləri hər zaman Azərbaycanla döyünən və harda olurlarsa olsunlar, yenə də Azərbaycan üçün çalışan bu ziyalılarımızla fəxr etməyə dəyər. Belə bir nəslin nümayəndəsi ilə nə zamansa həmsöhbət olacağım ağlıma da gəlməzdi. Əslində mənim marağım Bakıda ilk dəfə "Leyli və Məcnun"un tamaşaya qoyulması, Ceyhun Hacıbəylinin də bu işin təşkilatçılarındın biri olması, ya da Üzeyir Hacıbəyliyə həsr olunmuş filmə dönə-dönə baxmağımla məhdudlaşmır. Məşhur "Koroğlu" operasının "Üvertüra"sını ya da "Sənsiz"i kim sevmir ki?! Ceyhun Hacıbəyli həm də jurnalist və publisist olmaqdan əvvəl, ən əsası vətənpərvər idi. ...Onun gözlərində bir qığılcım görünür: "Babamın dostları deyirlər ki, mən ona çox oxşayıram. Xüsusilə bu yaşda məni ona çox bənzədirlər" - o, yenə gülümsünür. "Mənim əsl adım Klemen-Ceyhundur. Mən həm də onun adını daşıyıram. Fransada Klemen, Azərbaycanda isə Ceyhunam" - deyir. Bu təbəssümdə bir nisgillə yanaşı, qürur da duyulur. Klemen yerli radiolardan birinin müxbirinin sualını cavablandırır: "Bakı Azərbaycanın başı, Şuşa isə ürəyidir. Mən babalarımın yurdu olan Şuşada olmamışam. Amma bilirəm ki, orada mənim babalarımın ev muzeyi olub. İndi bu tarixi abidələr erməni vəhşiliyi nəticəsində dağıdılıb. Şuşa mənim əcdadlarımın yurdudur. Şuşanı yuxularımda görürəm. Lakin onu reallıqda görməyi çox arzulayıram, məncə, bir gün Şuşanı mütləq görəcəm..." - o inamla təkrar edir. ... İnanıram ki, bu arzu bir gün mütləq reallaşacaq, Şuşamıza gedəcəyik və Ceyhun Şuşanı mütləq görəcək. Mən isə dostlarımı yenidən görəcəm. Axı biz ayrılanda "Tezliklə görüşərik" demişdik.

 

525-ci qəzet.- 2007.- 3 noyabr.- S. 22.