Görkəmli bəstəkarın yubiley gecəsi

 

Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında Azərbaycanın görkəmli bəstəkarı, dirijor, pianoçu, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Təntənəli mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bildirmişdir ki, Tofiq Quliyev milli musiqi mədəniyyətimizə sanballı töhfələr vermişdir. Bəstəkarın əsərləri kimi, adı da dinləyicilərin qəlbində əbədi qalacaqdır.
Tofiq Quliyev çoxsaylı simfonik əsərlərin, kantataların, fortepiano üçün bəstələrin müəllifidir, lakin mahnılar onun yaradıcılığında xüsusi yer tutur. Mahnılarda bəstəkarın Vətənə sonsuz məhəbbəti, yüksək vətəndaşlıq duyğuları ifadə olunmuşdur. Onun musiqisinin fərqləndirici xüsusiyyətlərindən biri milli koloritin parlaq təcəssümüdür.
T.Quliyev Azərbaycan teatrının inkişafında da böyük rol oynamışdır. Ölkəmizin teatr həvəskarları bunu hələ də xatırlayırlar. Ə.Qarayev demişdir: “Biz əminik ki, teatrlarımızda bərpa işləri başa çatdırılandan sonra Tofiq Quliyev istedadının pərəstişkarları onun musiqisinin sədalarını yenə səhnədən eşidəcəklər”.
Xatırladaq ki, T.Quliyev U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın”, R.Rzanın “Qardaşlar” əsərləri əsasında hazırlanmış tamaşalara və bir sıra başqa teatr tamaşalarına musiqi yazmışdır.
Ə.Qarayev demişdir: “Ölkəmizin rəhbərliyi Tofiq Quliyevin yaradıcılığını layiqincə qiymətləndirmişdir. Bəstəkarın anadan olmasının 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə ümummilli liderimiz Heydər Əliyevin ona ”İstiqlal" ordeni təqdim etməsi hamımızın yadındadır. Azərbaycan Prezidenti İlham Əliyev bəstəkarın 90 illik yubiley tədbirlərinin keçirilməsi barədə sərəncam imzalamışdır".
Ə.Qarayev bildirmişdir ki, bu konsert yubiley münasibətilə keçiriləcək yeganə tədbir olmayacaqdır. Nazirlikdə hazırlanmış tədbirlər planına bəstəkarın əsərlərinin kompakt disklərinin buraxılması, Tofiq Quliyev adına mahnı müsabiqəsi keçirilməsi kimi tədbirlər daxildir. Yubilyara həsr edilmiş sənədli filmin çəkilişi başa çatmaq üzrədir.
Konsert proqramında Bakının aparıcı yaradıcı kollektivləri və populyar estrada ifaçıları – Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri, “Qaya” ansamblı, “Rast” qrupu, Fidan və Xuraman Qasımovalar və başqaları iştirak edirdilər.
Azərbaycan Prezidentinin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə yubiley gecəsində olmuşdur.
 

Xalq qəzeti.- 2007.- 8 noyabr.- S. 6.