- Hörmətli
Ülyahəzrət!
Hörmətli iştirakçılar!
Hörmətli dostlar, xanımlar və cənablar!
Mən İslam Konfransı Təşkilatının
Dialoq və Əməkdaşlıq Naminə Gənclər
Forumu ilə Heydər Əliyev Fondu tərəfindən
təşkil olunmuş gənclərin yüksək
səviyyəli tədbirində - "Gənclər
sivilizasiyaların alyansı naminə" konfransında bütün
iştirakçıları salamlayıram. Bu konfransda
iştirak etmək üçün dəvətimizi qəbul
etdiklərinə görə Qətərin birinci xanımı
Ülyahəzrət Şeyxa Mozaya, BMT Baş katibinin
sivilizasiyaların ittifaqı üzrə yüksək
nümayəndəsi zati-aliləri cənab Jorj Sampayoya və
İSESKO-nun Baş direktoru zati-aliləri cənab
Əbdüləziz bin Osman əl-Tüveycriyə xüsusi
minnətdarlığımı bildirmək istəyirəm.
Mən Azərbaycana gəlmiş bütün
qonaqlarımıza -"Xoş gəlmisiniz!" - deyirəm
və bu gün burada bizimlə olduqlarına görə onlara
təşəkkür edirəm. İttifaqın gənclər
düşərgəsinin iştirakçılarını
və gənc liderləri yeni qlobal gənclər
hərəkatının qurulması məqsədi ilə dünən
öz işlərini əla nəticələrlə başa
çatdırmaları münasibətilə təbrik
edirəm.
Bu cür əhəmiyyətli konfransın Azərbaycanda
keçirilməsi böyük rəmzi xarakter
daşıyır. Təqribən 50 ölkənin gənc
liderləri, beynəlxalq təşkilatların
təmsilçiləri, siyasətçilər, alimlər
və ictimai xadimlər yeni beynəlxalq hərəkatın
təsis edildiyi yerə - Bakı şəhərinə
toplaşmışlar. Hələ qədim vaxtlardan
Azərbaycan müxtəlif mədəniyyətlərə
və dinlərə hörmətlə yanaşma və
dözümlülük ənənələri ilə
tanınmışdır. Biz uzun illər ərzində
əmin-amanlıq şəraitində yan-yana
yaşamışıq.
Azərbaycan tarixən çoxmillətli ölkə
olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli azlıqlar
bərabər hüquqlara malikdirlər və bir ailə kimi
yaşayırlar. Dini və etnik dözümlülük
bütün nailiyyətlərimizin əsas
elementlərindən biridir. Biz bundan çox
fərəhlənirik.
Məlumdur ki, Heydər Əliyev Fondu təhsil, elm,
mədəniyyət, səhiyyə və sosial sfera kimi
prioritet sahələrdə iş aparır. Fondumuz həmin
sahələrdə bir çox genişmiqyaslı
layihələri həyata keçirmişdir. Bu gün biz
gənclərin təhsilinə xüsusi diqqət yetiririk.
"Yeniləşən Azərbaycana yeni məktəb"
proqramımız çərçivəsində
ölkədə 200-dən çox yeni məktəb binası
tikilmişdir. Bizim təşəbbüsümüzü
hökumət dəstəkləmişdir və son üç
il ərzində ölkəmizdə 1200 yeni məktəb
inşa edilmişdir.
Fondumuzun beynəlxalq təşkilatlarla - YUNESKO, İSESKO,
BMT-nin İnkişaf Proqramı və digər
təşkilatlarla güclü əlaqələri var. Ümid
edirəm ki, gələcəkdə biz sivilizasiyalar ittifaqı
ilə əməkdaşlığımızı
möhkəmləndirəcəyik və bunu çox
faydalı, vaxtına düşən bir
təşəbbüs kimi qəbul edirik.
Mən bu cür vacib konfransın Bakıda təşkil
olunmasını ölkəmizin nailiyyətlərinin
tanınması kimi və ölkələr, xalqlar, dinlər
arasında ittifaqın qurulması yolunda mühüm bir
nailiyyət kimi hesab edirəm. Hazırda biz çox
mürəkkəb və ziddiyyətli dünyada
yaşayırıq və bəzən burada anlaşma, etimad
və bir-biri haqqında obyektiv biliklər
çatışmır. Son vaxtlar ksenofobiya, xilafi fikirlər,
mənfi stereotiplər geniş yayılmışdır. Sosial
ədalətsizlik və qeyri-bərabərliklə
yanaşı, bu, zorakılıq, münaqişə ilə
nəticələnə və beynəlxalq sabitliyi poza
bilər.
Bu gün dünya bir dilemma qarşısındadır: ya
dinlər və mədəniyyətlər arasında dialoq,
tərəfdaşlıq və
əməkdaşlığın qurulmasına doğru
addımlamaq, yaxud da qeyri-dözümlülük,
bölünmə və gərginliyə
sürüklənmək. Sivilizasiyalar ittifaqının
məqsədi etimad qurmaq, dialoq yaratmaq, etnik mədəni
dəyərləri, bəşəriyyətin müxtəlifliyini
tanımaq və ona hörmətlə yanaşmaqdan
ibarətdir. Mədəniyyətlər arasında ideya
mübadiləsinin böyük fayda verməsi ilə
bağlı tarixdə bir çox misallar olmuşdur. İslam
və dünyanın digər böyük dinləri
arasında bir çox ümumi əsaslar və
dəyərlər mövcuddur. Həmçinin
həqiqətdir ki, bu gün dünyanın
üzləşdiyi terrorçuluq, qlobal istiləşmə
və QİÇS kimi problemlərin bir ölkə
tərəfindən həll olunması həddindən
artıq çətindir. Ona görə biz
irəliləyiş üçün səylərimizi
səfərbər etməliyik.
Əminəm ki, indiki mühitdə sivilizasiyaların
ittifaqı uğrunda həmin qlobal gənclər
hərəkatını təsis etmək labüddür.
Dünyada baş verən hadisələr, əsasən,
hər bir müasir cəmiyyətdə gənclərin işi
və davranışından asılıdır. Bu gün
gənclər sosial qüvvə, müsbət sosial
dəyişikliyə aparan qüvvədir. Bu gün gənc
liderlər əhalinin ən fəal hissəsidir və onlar
mütərəqqi ideyalara daha açıqdırlar.
Gənclər öyrənmək və təcrübədən
keçirmək arzusundadırlar. Bu səbəblərə
görə gənclər sivilizasiyalar ittifaqının
ideyaları, prinsipləri və dəyərlərinin
təşviqində böyük rol oynamalıdırlar.
Qeyri-dözümlülüyə və ekstremizmə
qarşı mübarizədə gənclərin
səylərinin birləşdirilməsi vacibdir. Biz bu
təşəbbüsü dəstəkləyirik və
Bakıya toplaşmış akademik media dairələrini
və sosial sahədəki fəalları
alqışlayırıq. Mən bu fürsətdən
istifadə edərək, konfransa öz
təcrübələrini gətirmiş həmin
şəxslərə minnətdarlığımı
bildirmək istəyirəm.
Bu forum gənclərdən ötrü ekspertlər,
alimlər, siyasətçilər ilə bir çox aktual
problemləri müzakirə etmək üçün
xüsusi bir fürsətdir. Ümid edirəm ki,
qarşıya qoyduğumuz məqsədin tədbirlərə
yönümlü hərəkat yaratmaqdan ibarət olduğunu
nəzərə alaraq, bu təcrübə gənclərə
işlərinin yol xəritəsini nəinki müzakirə
etmək, həm də onları müəyyən etmək
imkanı verəcəkdir. İnanıram və ümidvaram ki,
gənclərin və təcrübənin olması bizə
böyük nəticələr əldə etməyə imkan
yaradacaqdır. Bu müzakirələr nəticəsində
formalaşacaq ideyalar Bakı Nəsillərarası
Bəyannaməsində əks olunacaqdır. Lakin ən
önəmlisi odur ki, ideyaların real həyatda və
siyasətdə reallaşdırılmasını
görək. Bu baxımdan forum gənclər üçün
hökumətlər, beynəlxalq təşkilatlar və
özəl sektorda qərarları qəbul edən
dairələrə öz rəylərini bildirmək imkanı
yaratdı. Ümid edirəm ki, yalnız konstruktiv təsir
etmək yolu ilə biz siyasi dəstəyi inkişaf etdirə
və yeni təşəbbüsləri həyata
keçirə bilərik. İndi biz elə etməliyik ki,
sivilizasiyalar ittifaqı üzrə növbəti illik sammit
tövsiyələrimizi nəzərə alsın və bu yeni
hərəkatı öz çərçivəsinə daxil
etsin.
Hörmətli dostlar, əminəm ki, bu mötəbər
forum müxtəlif mədəniyyətlərə,
ənənələrə və dinlərə malik olan
gəncləri bir araya gətirəcək,
mədəniyyətlərarası anlaşmanı
möhkəmləndirəcəkdir.
Mən yekunda bu tədbirin hazırlanmasında iştirak
etmiş bütün şəxslərə öz
təşəkkürümü bildirmək istəyirəm.
Ümid edirəm ki, siz gözəl şəhərimizdə
olmağınızdan razı qaldınız.
Mən sizə uğurlar və xoşbəxtlik arzulayıram.
Diqqətinizə görə sağ olun.
* * *
Sonra çıxış edən Qətər
Dövlətinin birinci xanımı Şeyxa Moza Bint Nasir
Əl-MisnƏd Sivilizasiyalararası İttifaqın
əhəmiyyətindən danışdı, yaradıcı
və innovasiyaya meyilli gənclərin görəcəyi
işlərin vacibliyini vurğuladı. O dedi ki, bizim
bacarığımıza, imkanlarımıza olan
inamımız bir-birimizi daha yaxından
öyrənməyə imkan yaradır. İnamın
olmaması isə qorxu üçün əsasdır. Qorxu da
dialoqa mane olur. Bu məsələdə gənclərin
üzərinə böyük iş
düşdüyünü bildirən Şeyxa Moza bint Nasir
əl-Misnəd vurğuladı ki, biz keyfiyyətə və
bərabərliyə əsaslanan qlobal mədəniyyət
uğrunda mübarizə aparmalıyıq.
Vətəndaşların ehtiyaclarını qabaqlaya bilən
yaxşı cəmiyyət modeli yaradılmalıdır ki, o,
ölkəyə sədaqətlə xidmət etsin, birliyi
möhkəmləndirsin, ümumbəşəri
prinsiplərə sadiq olsun.
İslam dininin mütərəqqi ideyalarından
danışan Qətər Əmirinin xanımı onun
düzgün təbliğində gənclərin rolundan
bəhs etdi, müsəlman gənclərə tövsiyə
kimi dedi ki, yeni nəsil özündən əvvəlki
nəslin səhvlərini təkrar etməməlidir. Müasir
gənclik əvvəlki nəslin görə bilmədiyi
işləri həyata keçirməlidir. İslamdan
şəxsi məqsədlər üçün istifadə
edilməsi pislənilməlidir. Düşünürəm ki,
bugünkü gənclik mədəniyyətlərarası
əməkdaşlıq yolu ilə qloballaşan dünyaya
dəyərli töhfələr verəcəkdir.
Şeyxa Moza bint Nasir əl-Misnəd müsəlman
ölkələrində gənclərin işlə
təminatında problem olduğunu bildirdi və işsizliyin
aradan qaldırılmasının vacibliyini vurğuladı.
Gənclər hərəkatına dəstəyinə
görə Azərbaycan Prezidentinə və onun
xanımına təşəkkürünü bildirən
İSESKO-nun baş direktoru ƏbdülƏziz Bin Osman
Əl-Tüveycri indi dünyada baş verən proseslərin
gənclərin birliyini aktuallaşdırdığını,
bu baxımdan da gənclər arasında dialoqun vacib
olduğunu vurğuladı. O,
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun gücləndirilməsinin zəruriliyini xatırladaraq
dedi ki, bu baxımdan indiki konfrans çox
əhəmiyyətlidir.
Dini və irqi ayrı-seçkiliyin qarşısının
alınması üçün məqsədyönlü
tədbirlərin həyata keçirildiyini, bu işə
dünya ölkələri gənclərinin də
töhfə vermələrinin zəruriliyini vurğulayan
İSESKO-nun baş direktoru Azərbaycanın
sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi
işindəki xidmətlərini yüksək
qiymətləndirdi, konfransa uğurlar arzuladı.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno
Pueza müzakirə olunan mövzunun vacibliyinə toxundu,
qloballaşma ilə bağlı fikirlərini
açıqladı, müxtəlif
mədəniyyətlərin, sivilizasiyaların bir-birinə
yaxınlaşmasının faydasından danışdı. O,
BMT-nin İnkişaf Proqramının rəhbəri Kamal
Dərvişin konfrans iştirakçılarına
təbrikini çatdırdı. Özünün bu
mühüm tədbirdə iştirak edə
bilməməsindən təəssüfləndiyini,
konfransın gənclərlə bağlı
məsələlərin müzakirəsi baxımından
əhəmiyyətini vurğulayan İnkişaf
Proqramının rəhbəri bəşəri problemlərin
həllində gənclərin iştirakı
məsələsinin BMT-nin Minilliyin İnkişaf
Məqsədlərində öz əksini
tapdığını bildirdi.
* * *
İslam Konfransı Gənclər Forumunun İdarə
Heyətinin sədri Əli Sarıqaya
çıxışında dedi ki, sivilizasiyalar
arasındakı fərqlərin aradan qaldırılması
dünyada mövcud problemlərin həllinə müsbət
töhfə verə bilər.
Natiq qlobal istiləşmə probleminə toxunaraq, dünyada
içməli su probleminin getdikcə daha kəskin
şəkil aldığını vurğuladı,
gənclərin inkişafına mənfi təsir
göstərən yoxsulluq problemindən, qlobal
məsələlərlə bağlı beynəlxalq
razılaşmaların pozulması hallarının aradan
qaldırılmasından danışdı. O bildirdi ki, iqtisadi
qeyri-bərabərlik və milli iddialar, xüsusən də
bəzi dövlətlərin iddiaları sivilizasiyalararası
dialoqu kölgə altına alır.
Əli Sarıqaya konfransın təşkilinə,
gənclərin problemlərinin həllinə və
sivilizasiyalararası dialoqun dərinləşməsinə
verdiyi töhfələrə görə Azərbaycan Prezidenti
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya təşəkkür etdi.
Səmimi qonaqpərvərliyə görə Mehriban xanıma
təşəkkürünü bildirən Avropa
Şurasının nümayəndəsi Ralf-Rene Vaynqartner
Azərbaycanın Şərqlə Qərb arasında
körpü rolunu oynadığını xatırlatdı,
mədəniyyətlərarası dialoqun
möhkəmləndirilməsi işində təmsil etdiyi
qurumun gördüyü işlərdən danışdı.
O dedi ki, Avropa Şurasının gənclərlə
bağlı xüsusi qurumu fəaliyyət göstərir
və bu qurum "Gənclər sivilizasiyaların alyansı
naminə" təşəbbüsünü hər cür
dəstəkləməyə hazırdır.
Tədbirdə İslam Konfransı Təşkilatının
baş katibi EkmƏlƏddin İhsanoğlunun və YUNESKO-nun
baş direktoru Koişiro Matsuuranın təbrik
məktubları oxundu. Hər iki məktubda "Gənclər
sivilizasiyaların alyansı naminə" beynəlxalq
konfransın təşkilinə görə Prezident İlham Əliyevə
və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlıq ifadə olunur.
Konfransda bildirildi ki, Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva təhsil, elm, gənclər,
mədəniyyətlərarası dialoq sahəsində və
Azərbaycan mədəniyyətinin dünyada təbliğində
xidmətlərinə görə İslam Konfransı
Gənclər Forumunun "Gəncliyin inkişafı
uğrunda Qlobal Səfir" adına layiq
görülmüşdür. Bununla əlaqədar Mehriban
xanıma plaket təqdim olundu.
* * *
Həmin gün Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
adından Qətərin birinci xanımı Şeyxa Moza bint
Nasir əl-Misnədin şərəfinə nahar verildi.
Fasilədən sonra konfrans işini bölmə iclaslarında
davam etdirdi.
Tədbirin əhəmiyyətinin vurğulandığı
və qarşıda duran vəzifələrin müzakirə
olunduğu bölmə iclaslarında beynəlxalq
təşkilatların nümayəndələri
sivilizasiyaların dialoqu sahəsində
təcrübələrini bölüşdülər.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman
əl-Tüveycri konfransın müsbət nəticələr
verəcəyinə əminliyini bildirərək,
qarşıda duran vəzifələrin yerinə
yetirilməsi, çətinliklərin aradan
qaldırılması üçün birgə səylərin
vacibliyini vurğuladı.
İran İslam Respublikasının vitse-prezidenti, Milli
Gənclər Təşkilatının rəhbəri Əli
Əkbəri dünyada sülhün təmin olunmasında
gənclərin yaxından iştirak edəcəyinə
ümidvar olduğunu söylədi.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
tədbirin respublikamızda keçirilməsini
əlamətdar hal kimi səciyyələndirdi, konfransın
yüksək səviyyədə təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya minnətdarlığını bildirdi.
A.Rəhimov dedi ki, Şərqlə Qərb
mədəniyyətlərinin qovuşduğu məkanda
yerləşən Azərbaycanda həmişə
tolerantlıq yüksək səviyyədə olmuşdur. XX
əsrin əvvəllərində Azərbaycan
Şərqdə ilk dəfə dünyəvilik prinsipləri
əsasında demokratik dövlət yaratmışdı.
Hazırda Azərbaycanda 80-ə yaxın xalqın və etnik
azlıqların nümayəndələri yaşayırlar.
Beynəlxalq konfrans noyabrın 2-də işini davam
etdirəcəkdir
Azərbaycan.- 2007.- 2 noyabr.- S. 2.