Xəlilzadə F.
Tofiq Quliyev – 90
Sələflərinin yolunu
ləyaqətlə davam etdirərək xələfləri
üçün böyük irs, əsl məktəb yadigar
qoyan xalq artisti, bəstəkar Tofiq Quliyev Azərbaycan
mədəniyyətinin ən görkəmli simalarından
biridir. Bu gün unudulmaz bəstəkarımızın
doğum günüdür. Ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamına əsasən
musiqisevərlər dahi bəstəkarın anadan
olmasının 90 illiyini yüksək səviyyədə qeyd
edirlər.
Hələ sağlığında adı dahilər
sırasında çəkilən Tofiq Quliyev Azərbaycan
estrada musiqisinin yaradıcılarından sayılır. Onun
musiqisi dərin lirizmi, melodik vüsətinin genişliyi,
təsirliyi ilə seçilərək Azərbaycan
bəstəkarlıq məktəbinin yeni və unudulmaz səhifələrini
təşkil etdi. Ustadı Üzeyir Hacıbəyov olan Tofiq
Quliyev Azərbaycan bəstəkarlarının sırasında
elə bir ləyaqətli yerini tutdu ki, bu gün onun yoxluğu
duyulmaqdadır. Çünki Tofiq Quliyev, sözün əsl
mənasında, böyük bəstəkar idi. O, bir
tərəfdən nəhəng əsərlər, operettalar,
fortepiano üçün süitalar yaradırdısa,
digər tərəfdən də qəlbi riqqətə
gətirən, insan duyğularını təsirli ifadə
edən mahnılar bəstələyirdi.
Tofiq Quliyev 7 noyabr 1917-ci ildə Bakıda anadan olmuşdu. Onun
həyata gəlişi ilə dövrün, zamanın
ziddiyyətləri, quruluşun dəyişməsi
üst-üstə düşmüşdü. Təbii ki, bu
hadisələr onun da uşaqlıq xatirələrində
dərin iz salmışdı. Orta təhsilini başa vurduqdan
sonra bütün həyatını musiqiyə
bağlamışdı. Bu sahədə daha
peşəkarcasına çalışmaq üçün
Tofiq Quliyev 1936-cı ildə Azərbaycan, 1951-ci ildə Moskva
dövlət konservatoriyalarını bitirmişdi. Uzun
illər Azərbaycan Bəstəkarlar İttifaqına
rəhbərlik etmişdi. Bu qurumda birinci katiblikdən sədr
vəzifəsinə qədər yüksələn Tofiq Quliyev
həmişə dövlətin və xalqın
rəğbətini qazanan sənətkarlardan olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Tofiq Quliyevin musiqisini
ürəkdən sevərək onun mahnılarının
adını həmişə fəxrlə
çəkərdi. Ulu öndərin sevdiyi mahnılardan biri
də Tofiq Quliyevin musiqi həyatı verdiyi "Sənə
də qalmaz" idi. Tofiq Quliyevin bir neçə dəfə
yubileyi dövlət səviyyəsində
keçirilmişdir. O yubileylərin bir neçəsində
iştirak edən ümummilli liderimiz Tofiq Quliyevin
yaradıcılığını yüksək
qiymətləndirərək onu Azərbaycan
bəstəkarlarının ən nəhəng
nümayəndəsi adlandıraraq hələ
sağlığında dahilik zirvəsinə
yüksəldiyini xüsusi vurğulamışdır.
Tofiq Quliyevin Azərbaycan kinosunun inkişafında da
müəyyən zəhməti olmuşdur. "Sevimli
mahnı", "Görüş", "Qızmar
günəş altında", "Ögey ana",
"Telefonçu qız" və başqa filmlərə
yazdığı musiqilər əsl sənət
əsərləridir. "Nəsimi" filminə
bəstələdiyi musiqi böyük şairin
poeziyasını, onun nəhəng ideyalarını əks
etdirmək baxımından çox uğurlu və təsirli
alınmışdı. Xalq şairi Məmməd Araz deyirdi
ki, Tofiq Quliyev bu filmə elə bir musiqi yozumu verib ki,
gözünü yumub sadəcə dinlədikdə belə
özünü döyüş meydanında hiss edir, hər
notda, hər ritmdə, ahəngdə Nəsimi
sözünün qüdrətini duyursan. Bu film həm də
ona görə müvəffəqiyyət qazandı ki, Tofiq
Quliyev Nəsiminin yaşadığı dövrün
ziddiyyətlərini dərindən bilirdi. Sovet rejiminin sərt
diktələri altında milli kökümüzlə,
mübarizəmizlə, itkilərimizlə bağlı olan bir
filmdə sözlə musiqini qovuşdurub
tamaşaçıya hansısa həqiqətləri
çatdırmaq böyük şücaət idi. Həmin
ekran əsərində xalq artisti Zeynəb Xanlarovanın ifa
etdiyi mahnı Azərbaycan musiqi sənətinin ən
qiymətli incilərindən biri oldu.
"Qızılaxtaranlar", "Ella", "Sabahın
xeyir" kimi operettaların müəllifi olan Tofiq Quliyev
Azərbaycan xalq mahnı və rəqslərinin də
toplanılmasında, nota salınmasında gərgin
əmək sərf etmişdir. Həmkarı Zakir Bağırovla
birlikdə "Rast" və "Zabul"
muğamlarını nota saldıran Tofiq Quliyev həm də
pedaqoji fəaliyyətlə məşğul olurdu. O, uzun
illər Azərbaycan Dövlət Konservatoriyasının
professoru olub. Bu bəstəkardan dərs alan insanlar öz
yollarını ləyaqətlə davam etdiriblər.
Bir vacib fakt da var ki, Tofiq Quliyev mahnı seçimində
çox məsuliyyətli və tələbkar idi. O, hər sözə
musiqi bəstələməzdi. Bu səbəbdən də
onun ruhunun, daxili aləminin əks-sədası olan
mahnıları ölümsüzlük qazanıb. Ustad
korifeylərin ifa etdiyi mahnılar bu gün də dillər
əzbəridir. "İlk bahar", "Sevgilim",
"Sən mənim, mən sənin",
"Bəxtəvər oldum", "Sənə də
qalmaz" kimi mahnılar illərdir ki,
müğənnilərin repertuarından düşmür.
Hətta bəzən uğur qazanmaq, hansısa
müsabiqədə qalib çıxmaq istəyənlər
də Tofiq Quliyevin mahnılarına üz tuturlar. Etiraf
edək ki, böyük bəstəkardan yadigar qalan mahnılar
sadəcə ifa üçün deyil. Onun ən kiçik
nəğməsi də ifaçının
yetişməsində, öyrənməsində,
müxtəlif boğazlar etməsində ən təsirli vasitədir.
Əlbəttə, hər kəs Tofiq Quliyev
mahnılarını dərinliyi ilə ifa etməyi bacarmaz.
Bunun üçün birinci şərt səsdirsə, ikinci
mühüm amil həmin ifaçının milli
ənənəyə, kökə, soya
bağlılığı və
peşəkarlığıdır.
Tofiq Quliyev Azərbaycan bəstəkarlıq məktəbinin
elə bir zirvəsində dayanıb ki, bu gün o ucalıqdan
süzülən işığın, nurun təsiri
səngimək bilmir. Hərdən fikirləşirsən ki,
ekranı, efiri bürümüş şoulara dahi
sənətkarın münasibəti necə olardı?
Yəqin ki, sakit və mülayim təbiətli Tofiq Quliyev
əsəbiləşərdi. Öz ustadlarından nümunələr
gətirər, "bizi belə öyrədiblər. Bəs
sizə nə olub? Məgər nümunə yoxdur?"
söylərdi. Üzeyir Hacıbəyovdan üzü bəri
Azərbaycan musiqi dünyası heç zaman nə
bəstəkar, nə də ifaçı sarıdan korluq
çəkib. Sadəcə olaraq, qeyri-peşəkarların
çoxluğu, peşəkarların isə susqunluğu
meydanı qızışdırıb.
Haqq dünyasına qovuşmuş insanlar barəsində
düşünəndə həmişə xiffətlə bu
sözləri işlədirik: "Kimsəyə qalmayan
dünya!" Amma bu düşündüyümüz insan
sənətkar olarsa, qəlbimizdə
kədərqarışıq bir təsəlli də
yaranır. Sənətkar getsə də, sənəti
əbədilik qalır. Tofiq Quliyev də belə. Onun min bir
əziyyət və zəhmətlə yaratdığı
musiqi əsərləri incəsənət tariximizin ən
unudulmaz səhifələrindəndir. Tofiq Quliyevin
mahnılarını hər gün eşidiriksə, onu
sevə-sevə dinləyiriksə, bəzən
özümüz də ifaçıya qoşulub həzin
zümzümə ediriksə, deməli, Tofiq Quliyev
yaşayır. Bəli, kimsəyə qalmayan dünya
sənətə qalır!
Azərbaycan.- 2007.- 7
noyabr.- S. 7.