Quliyeva Z.

 

Könüllərdə yaşayan sənət­kar

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində unudulmaz bəstəkar Tofiq Quliyevin anadan olmasının 90 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Tədbirin rejissoru və aparıcısı "Kütləvi tədbirlər və bayramlar rejissoru" kafedrasının müəllimi, sənətşünaslıq namizədi Yasəmən Hacıyeva idi.
Tədbir "Xoreoqrafiya sənəti" üzrə təhsil alan tələbələrin ifasında "Görüş" filmi üçün yazılan valsla açıldı. Aparıcı toplantı iştirakçılarına bəstəkarın həyatı ilə bağlı müfəssəl məlumat verdi. Qeyd edildi ki, T.Quliyevin valsları Avstriyanın paytaxtı Vyana şəhərində dahi Üzeyir Hacıbəyovun büstünün açılışına qatılan avstriyalıları heyran qoymuşdu. T.Quliyevin bütün janrlarda yazdığı musiqi əsərləri ürək oxşayır. O, hələ cavanlığında "Mahnı klassik" kimi məşhurlaşmışdı. Özülünü milli muğamlarımız təşkil edən bu mahnılar dinləyicilərin daxili dünyasına nüfuz edir, onlarda yüksək bədii-estetik ovqat yaradır.
Hələ ötən əsrin 30-cu illərində, Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi dövrdə T.Quliyevin kamil musiqi qavrama qabiliyyəti, qeyri-adi musiqi yaddaşı, virtuoz çalğısı, improvizə bacarığı sovet estrada janrının banilərindən sayılan Svasmanın diqqətindən yayınmamış və o, tələbə Tofiqi özünün dirijoru olduğu orkestrdə piano çalmağa də\vət etmişdi.
"Musiqişünaslıq" kafedrasının müdiri, sənətşünaslıq namizədi, dosent Kamilə Dadaşzadə tamaşaçılara T.Quliyevin yaradıcılığı haqqında daha ətraflı məlumat verdi: "T.Quliyevin yaradıcılığının tarixi əhəmiyyəti ondan ibarətdir ki\, o, Azərbaycan caz və estrada musiqisinin əsasını qoymuşdur. Bu fikrin arxasında keçməkeşli bir həyat, mürəkkəb yaradıcılıq yolu durur. T.Quliyev onlarca simfonik əsərlərin, kantataların, teatr və kino musiqisi örnəklərinin müəllifidir. Lakin, onun yaradıcılığının leytmotivni mahnı janrı təşkil etmişdir. T.Quliyevin yaradıcılıq qaynaqlarını dünya estrada və caz musiqisində, Qərb və Azərbaycan klassik musiqisində axtarmaq lazımdır. Lakin, onun musiqisinin genetik kodunu Azərbaycan xalq musiqisində axtarmaq lazımdır.
Universitetin müəllimləri İradə Xəlilovanın, respublikanın əməkdar artisti Yaqut Abdullayevanın, İradə Babayevanın, Zaur Əmiraslanovun, Əliəhməd İbrahimovun, Aytəkin Həsənova və Gülağa Zeynalovun, respublikanın xalq artisti Qənirə Kərimovanın ifaları tədbir iştirakçılarının könlünü oxşadı. "Estrada və populyar musiqi" kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent Vaqif Gərayzadənin təqdimatında "Aman Allahım" mahnısı hamıya zövq verdi. Tədbirdə unudulmaz bəstəkarın adını daşıyan 12 saylı musiqi məktəbinin şagirdləri də çıxış etdilər.

 Azərbaycan.- 2007.- 9 noyabr.- S. 7.