Məhərrəmova T.

 

Azərbaycan musi­qi­sinin simvolu

 

Tofiq Quliyevin mahnılarını heç nə ilə müqayisə etmək olmaz

 

"Heç vaxt indiki qədər mənə aydın olmamışdı ki, sən adamlara nə qədər xeyirxahlıq etmisən. Onlara sənin musiqin nə qədər lazımdır! Bir daha aydın oldu ki, daima və gündəlik əməyinlə sən bütün həyatını musiqiyə həsr etmisən. Mən sənə qiymətə gəlməyən, Azərbaycan xalqının mənəvi sərvətinə gətirdiyin xəzinəyə görə təşəkkür edirəm!" - deyə Qara Qarayev bəstəkar dostu Tofiq Quliyevə yazırdı.

Görkəmli bəstəkar səhv etməmişdi: yarım əsrdən çoxdur ki, Tofiq Quliyevin mahnıları səslənir. Bu mahnılar iri konsert salonlarından, efirdən, böyük məclislərdən eşidilir, insanlara mənəvi rahatlıq gətirir, onlara sevinc bəxş edir. Kədərli və fərəhli, lirik, oynaq nəğmələr yalançı pafosdan uzaq bir dillə insan həyatından danışır. Cəsarətlə demək olar ki, ölkəmizdə bu mahnılara biganə olan bir adam tapmaq çətindir.

İllər keçir, yeni bəstəkarların mahnıları oxunur. Ancaq o mahnılar arasından daima ölməz bəstəkarın musiqisi, mahnıları üçün qəribsəyirik. Tofiq Quliyevin mahnıları həmişə öz cazibədarlığı və gözəlliyi ilə fərqlənir. Onun hər mahnısı milli vokal sənətimizin bir incisidir. Böyük bəstəkar öz əsərləri ilə incəsənətimizə çox qiymətli xəzinə bəxş edib.

Bu gün 90 illik yubileyi qeyd olunan bəstəkar yaradıcılıq işinə Qara Qarayev, Səid Rüstəmov, Niyazi, Zakir Bağırov, Cövdət Hacıyev kimi bəstəkarlarla bir vaxtda - 30-cu illərdə başlayıb. O vaxtlar Bakı keçmiş ittifaqın ən nəğməli şəhərlərindən biri sayılırdı.

Ailələrində musiqiyə böyük məhəbbət vardı. Evlərində həmişə skripka, fortepiano çalınır, vallar oxunurdu. Ailənin başqa bir məşğuliyyəti ədəbiyyatla, teatrla bağlı idi. Valideynlər uşaqlarını sənətə məhəbbət ruhunda tərbiyə etməyə çalışırdılar. Təsadüfi deyildi ki, Tofiq Quliyev musiqi təhsilini 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki hazırlıq sinfində almağa başlamışdı. Bu illərdə onun intəhasız istedadı üzə çıxmışdı. O, siniflərində oxuyan bütün uşaqlardan fitri istedadı ilə fərqlənirdi. Royalda gözəl çalır, improvizələri, yüngüllüklə musiqi bəstələmələri hamını heyran qoyurdu. Konservatoriyada təhsilinin ilk illərində məşhur bəstəkar Asəf Zeynallı onda böyük həvəs yaratmışdı. Sonralar da Konservatoriyanın iki fakültəsində - Aysberqin fortepiano, Ştrasserin diriyorluq siniflərində oxumaq, dahi Üzeyir Hacıbəyovun sinfində məşqlərə başlamaq, ondan xalq musiqisinin, muğamatın sirlərini öyrənmək sənət yoluna qədəm qoyan bu gənc üçün musiqinin sirli qapılarını açır. Tofiq Quliyev bu sirli dünyanın gözəlliklərini dərk edir. Üzeyir bəy də onun həyatında böyük rol oynayır. Dünya klassikasının və musiqi təhsilinin sirlərini öyrənmək üçün dahi bəstəkar Çaykovski adına Moskva Dövlət Konservatoriyasına göndərdiyi Q.Qarayev, C.Hacıyev, Z.Bağırov kimi tələbələr sırasına Tofiq Quliyevi də daxil edir. Moskva mühiti, böyük pianoçu və pedaqoq Henri Neyqauzla tanışlığı, maddi qazanc xatirinə Moskvanın gur konsert və teatr həyatına qarışması və "estrada" adı ilə caz konsertləri ifa etməsi, məşhur pianoçu, Ümumittifaq caz orkestrinin rəhbəri A.N Çfasmanın orkestrində çalışması gənc musiqiçinin istedadının genişlənməsinə şərait yaradır.

Bu illərdə Tofiq Quliyevdə özünün milli caz orkestrini yaratmaq arzusu yaranır. Bu arzu ilə alışıb yanan Tofiq Quliyev 1939-cu ildə Moskvadan Bakıya qayıdır. Məşhur yazıçı-dramaturq Mirzə İbrahimovun köməyi ilə orkestri yaratmağa müvəffəq olur. O, musiqiçiləri yığır, instrumentləri Leninqrada sifariş verir, repertuarla ciddi məşğul olur.

Estrada, caz - bütün bunlar sənət aləmində yeni idi. Xalqa daha çox milli məzmunlu əsərlər lazım idi. Tofiq Quliyev xalq mahnı rəqslərini öz fantaziyası ilə işləyir, eyni zamanda, oriyinal əsərlər yazırdı.

Müharibə illərində Tofiq Quliyevin rəhbərlik etdiyi orkestr döyüşən əsgərə çevrilərək 402-ci diviziyanın tərkibində özünün cəbhə həyatına başlayır. Bu orkestri hədər yerə Qızıl Ordu ansamblı adlandırmırdılar. Qafqazın müdafiəsi zamanı müharibədə fəaliyyətinə görə Tofiq Quliyev bir neçə medalla təltif olunur.

Sonrakı illərdə isə bəstəkarın yaradıcılığının daha zəngin dövrləri başlayır. O, ömrünün sonuna qədər çalışır Azərbaycan musiqisinə gözəl mahnılar, təkrarsız musiqilər bəxş edir.

 

Damarlarımızda axan eyni qandır

 

"Mən ata kimi onun haqqında danışmağa çətinlik çəkirəm. Əgər yaradıcılığı haqqında da "onun musiqisi, mahnıları mənim xoşuma gəlirdi" - desəm, bir az düz çıxmaz. Deyərlər ki, atasını tərifləyir" - deyə böyük bəstəkarın oğlu, tanınmış kinoreyissor Eldar Quliyev danışır:

- Ancaq bu həqiqətdir. Elə bir məclis yoxdur ki, orda Tofiq Quliyevin mahnıları ifa olunmasın. Elə bir müğənni yoxdur ki, repertuarında Tofiq Quliyevin mahnısı olmasın. Sənətkar üçün çox böyük şərəfdir ki, yaratdığı ondan sonra yaşayır. Necə deyim ki, pis çıxmasın: mən bilən Tofiq Quliyevin adı Azərbaycan musiqisinin, Azərbaycan mahnısının simvolu olub. Onun mahnılarını heç ilə müqayisə etmək olmaz. Çox maraqlıdır, Tofiq Quliyev dünyasını dəyişəndən sonra çoxları mənə "Tofiq müəllim!", sonra da üzr istəyərək "Eldar müəllim!" - deyə müraciət edir. O, sağ olanda mənə belə müraciət edən yox idi. Mən hələ bunun niyə belə olduğunu başa düşmürəm.

Desəm ki, onun sənətinin yaradıcılığıma heç təsiri olmayıb, bu, düz olmaz. Damarlarımızda axan eyni qandır. Moskvada institutda oxuyanda daha çox xarici yazıçıların əsərlərindən istifadə edirdim. Açığı, Moskvada qalmaq fikrim vardı. Bəlkə çox istəsəydim qala bilərdim. Ancaq məni evdən çağırdılar. Avropa dünya ədəbiyyatı, incəsənəti sahəsində böyüdüyüm üçün bilirdim ki, mənə Bakıda çətin olacaq. Azərbaycan həyatı, Azərbaycan xarakteri burda əsasdır. Ancaq ilk diplom işim olan Salam Qədirzadənin bir əsəri üzərində çəkdiyim film, daha sonra "Bir cənub şəhərində" filmi mənimçün ən azərbaycanlı filmlər oldu. Mən necə görürdümsə, elə çəkirdim. Ona görə deyirəm ki, bu, azərbaycanlı qanıdır. Bu mədəniyyət mənə qanla keçib.

Biz Tofiqlə həmişə görüşəndə ailə söhbətləri aparmırdıq, daha çox sənət söhbətləri edirdik. Aramızda ata-oğul pərdəsi həmişə qalırdı. Bu, məncə, bütün ailələrdə belə olmalıdır. O vaxtın sənətkarları daxilən çox maraqlı adamlar idi. Onlarla tək musiqidən yox, dünya tarixindən mədəniyyətindən, siyasətdən, incəsənətin bütün sahələrindən söhbətlər eləmək olardı. Tofiq o nəslin parlaq nümayəndəsi idi. Mən bir dəfə telefonda onunla danışarkən Salvador Dalinin "Dahinin gündəliyi" kitabını almağımı deyəndə "hardan almısan, mənimçün al" - dedi. O, kitablarla çox maraqlanır, mütaliəni hədsiz sevirdi. Onun çox zəngin kitabxanası, çox gözəl rəsm albomları vardı. Həmişə ad günümdə "sənə bağışlayım" - soruşanda, " istəyirsən" - cavabını verirdim. O da mənə kitab hədiyyə edirdi.

Atam mənim yaradıcılığıma heç qarışmır, " yaxşı, pisdir" deyirdi. Təkcə təbrik eləməklə kifayətlənirdi. Ancaq mənə belə bir məsləhət verdi: "Öz təcrübəmdən götürəndə hər reyissorun öz ətrafında operator, ssenarist, bəstəkar, aktyor, rəssamlardan ibarət bir qrup olur. Onlar bir-birlərini yaxşı başa düşürlər". Mənə məsləhət gördü ki, öz yaşıdlarımdan ibarət bir kollektiv yığım. Mən iki filmimi Fərəc Qarayevlə, ondan sonrakı filmlərimi isə Polad Bülbüloğlu ilə işləməyə başladım. Poladla 7-8 film işlədim.

 

Dostluğa sədaqətli insan

 

"Mən Tofiqin insanlığını, dotsluğunu göstərən bir misal danışım" - deyə Eldar müəllim sözünə davam edir: "Bir dəfə onunla birgə işləməyə imkan yarandı. "Babək" filminin üzərində əvvəlcə Həsən Seyidbəyli işləyirdi. Onun öz qruppası vardı və bəstəkarı da Tofiq Quliyev idi. Onlar həmçinin dost idilər. Demək olar ki, Həsən Seyidbəylinin filmlərinin musiqisini Tofiq Quliyev bəstələmişdi. "Babək"dən əvvəl isə onlar "Nəsimi" filmini işləmişdilər. Sonra Həsən müəllim xəstələndiyi üçün filmdən imtina elədi. Filmi mənə verdilər. Mən də dedim ki, Həsən müəllim, siz xəstəsiniz, nə vaxt gəlib deyərsiniz, onda mən qırağa çəkilərəm. Dedi ki, davam elə. O, bütün qruppanı yığmışdı. Dedi ki, onlarla işlə. Mən elə bilirdim ki, həm də Tofiq Quliyevlə işləyəcəyəm. Polad Bülbüloğlu eşidəndə ki, filmdə Tofiq Quliyev işləyir, dedi ki, mənim sözüm yoxdur və inciməyəcəyəm. Mən sınaq üzərində işləyirdim. Bir aydan sonra Tofiq zəng vuraraq ərizə yazıb filmdən çıxmaq istədiyini bildirdi. Dedim ki, niyə, sonra başa düşməzlər, elə bilərlər ki, mən səninlə işləmək istəmirəm və ya sən mənimlə işləmək istəmirsən. "Yox, bilirsən, mən Həsənlə dostam. Həsən filmdən çıxdı, mənsə qalıram. Sonra Həsən deyər ki, dostluğu itirdi, oğlu ilə işləyir. Heç nə deməsə də, daxildən inciyər. Bir də sən Poladla işləyirsən, mən niyə sizin aranıza girim? O, cavan bəstəkardır, niyə onun əlindən filmini alım? Mən olmasaydım, sən yəqin ki, onu dəvət edəcəkdin. İndi isə sən də dostluğunu itirməyəcəksən, mən də. İnşallah, bəlkə gələcəkdə belə bir imkan yarandı, onda birgə işləyərik" - deyib ərizə yazaraq filmdən getdi. Camaat da bunu başa düşdü. Mən filmi Poladla işlədim. Elə bilirəm, bu, Poladın ən yaxşı kino musiqilərindən biridir. Ancaq Tofiqlə birgə işləmək bizə qismət olmadı.

 

Kaspi.- 2007.- 7 noyabr.- S. 16.