Akifqızı Ş.
“Mədəni irs”
gecəsində Azərbaycan təmsil olunmuşdur:
Merilənd
ştatının Brədli Hill ibtidai məktəbində
"Mədəni irs" gecəsi keçirilmişdir. Ənənə şəklini
alan bu tədbiri hər il şagirdlər
səbirsizliklə gözləyirlər. Çünki hamı
ailəsinin məxsus olduğu etnik köklər haqda
danışa, tarixi vətənləri ilə öyünə
bilər.
Elə bu il də həmçinin - məktəbin idman
zalında 22 müxtəlif xalqların mədəniyyətini
əks etdirən guşələr qurulmuşdur. Burada oxuyan
Fuad və Musa Seyidzadə qardaşları da
vətənlərinin zəngin mədəni irsindən bir
parça nümayiş etdirdilər. Üçrəngli
bayrağımızı, xəritəmizi asıb dostlarına
milli geyimlərimiz, mətbəximiz haqda danışdılar.
Anaları Cəmilə xanımın hazırladığı
ləzzətli dolma axşamın ən populyar əyani
vəsaitinə çevrildi. Musa sinif yoldaşlarının
hazırladığı digər ölkələrə aid
guşələri gəzəndən sonra belə hamıya
deyirdi: "Azərbaycan böyükdür və çox qəşəngdir".
Brədli Hill məktəbinin direktoru Sanda Ris
"Mədəni İrs" gecələrinin vacibliyini
belə görür: "Biz, qlobal cəmiyyətdə
yaşayırıq və daim dünyanın müxtəlif
hissələrində yaşayan insanlarla ünsiyyət,
əməkdaşlıq qururuq. Əgər
uşaqlarımızı həmin qlobal cəmiyyətin
iştirakçısı görmək istəyiriksə,
onları dünyanın müxtəlifliyini anlamağa öyrətməliyik".
ABŞ rəsmi statistikasına görə, ölkənin
ibtidai siniflərində oxuyan şagirdlərin hər beş
nəfərindən birinin ana dili ingilis dili deyil. Təhsil
Nazirliyi belə mədəni müxtəliflikdən
bəhrələnmək üçün
məktəblərdə etnik köklər ilə
tanışlığa həsr olunan tədbirlərin
artırılmasına çağırmışdır.
Mütəxəssislərin fikrincə bu, uşaqlarda
fərqli rəyi, nəzər nöqtəsini qəbul etmək
qabiliyyətini artırır.
Brədli Hill məktəbinin şagirdləri də bir
axşamlıq fərqli mədəniyyətə qonaq oldular.
Hər gün parta arxasında oturan sinif yoldaşlarını
milli geyimlərdə, tanış olmayan musiqi
alətlərində çalan, rəqs edən görmək
təəccüblü olsa da, alqışların
ardı-arası kəsilmirdi.
Musa Seyidzadənin ifa etdiyi Maestro Niyazinin "Arzu"
romansı isə konsert proqramının ən yaxşı
çıxışı hesab edilmişdir. Hətta
məktəbin direktoru heyrətini gizlətməyərək
deyirdi: "Gənc yaşı üçün çox
gözəl səsi var. Biz Musadan gələcəkdə
böyük işlər gözləyirik".
Azərbaycan.- 2007.- 9 noyabr.- S. 6.