Babayeva T.

 

Tamaşaçını pərdə arxasına da aparmaq lazımdır


Həsən Həsənov: "Teatrımızın saytı olmadığından beynəlxalq aləmə çıxmaqda çətinlik çəkirik"


On səkkiz il öncə yerli teatr mühitində yeni bir sənət ocağının adı çəkilməyə başlandı.
Bu gün Dövlət Gənclər Teatrı kimi tanınan bu sənət ocağı milli mədəniyyət aləmində novatorluğu ilə fərqlənirdi. Bu mədəniyyət ocağının inkişafı onun bədii rəhbəri və baş rejissoru Hüseynağa Atakişiyevin adı ilə bağlı idi.
Dünya teatr sənətində baş verən meyl və axınları Teatra gətirən H.Atakişiyevin özünəməxsus rejissor üslubu vardı. Bütün aktyorlarla eyni səviyyədə işləməyi bacaran rejissor həm də səhnə əsərlərinə fərqli baxışı ilə seçilirdi. Amma ötən ilin aprelində qəflətən Teatr öz yaradıcısını itirdi. Bu itki bütövlükdə Azərbaycan teatr aləmi ilə yanaşı, sözsüz ki, Gənclər Teatrı üçün çox ağrılı oldu. H.Atakişiyevin ölümündən sonra Teatrın hazırkı durumu və fəaliyyəti barədə ətraflı məlumat almaq məqsədilə onun yeni direktoru Həsən Həsənovla söhbətləşdik.
- Hüseynağa Atakişiyev rəhmətə gedəndən sonra Teatr xeyli müddət sarsıntı keçirdi. Aktyorlar özlərinə gələ bilmirdilər. Mən onunla 14 il bir yerdə külüng vurmuşam. Onun yoxluğu məni bərk sarsıtmışdı, buna inana bilmirdim. Hərdən mənə elə gəlir ki, indi işə gələcək, yenə qapını açıb içəri keçəcək, qəzet oxuyacaq. Təbii ki, onsuz çox çətindir. Bu Teatrı, truppanı o özü yaradıb. Təsəvvür edin, bizim aktyorlar başqa teatrlarda işləyə bilmirlər. Məsələn, İrəvan Teatrı bizim aktyorları dəvət edir, amma hiss edirəm ki, onlar çətinlik çəkirlər. Çünki Atakişiyevin Azərbaycan teatrında öz yaradıcılıq yolu var idi. Bu yol heç bir rejissorun yoluna bənzəmirdi. Onun öz məktəbi vardı. Bəlkə də indi bunu hələ etiraf etmirlər. Amma gələcəkdə "Atakişiyev məktəbi vardı" deyəcəklər. O, fəaliyyəti dövründə iki yüzdən çox tamaşa hazırlayıb. Elə bizim Teatrda ildə yeddi, bəzən səkkiz-doqquz tamaşaya quruluş verirdi. Yəni, bu insan heç vaxt fasilə etmirdi, müntəzəm işləyirdi. Onun üçün dünyada ailədən də, hər şeydən də vacib yaradıcılıq idi.
- Bəs, sizin bu Teatrla tanışlığınız haradan başlayır?
- Mən Gənclər Teatrına gəlməzdən əvvəl iki il İrəvan Teatrında direktor müavini işləmişəm. Günlərin bir günündə Hüseynağa Atakişiyevlə rastlaşdıq, bilirdim ki, onun Teatrında müavin yeri boşdur. Onunla birgə işləmək arzusunda olduğumu dedim. O da bu istəyimi məmnuniyyətlə qəbul etdi. Beləliklə, 1994-cü ildən birgə işləməyə başladıq. Təbiətcə elə insanam ki, əgər qarşı tərəf işləyirsə, mən heç vaxt onun yanında kölgə kimi dayanmaq istəmirəm, ona qoşuluram. Atakişiyev işinə vurğunluğu ilə məni də Teatra məftun etdi. Elə vaxt olurdu ki, biz gecələr onunla sabahkı tamaşa üçün dekorasiyalar düzəldirdik, gücümüzü əsirgəmirdik. Onun ölümü truppa ilə işləməyi bacaran sənətkar, bir dost, yoldaş, yaxşı insan baxımından böyük itki oldu.
- Teatrın bu gününə qayıdaq. Vaxtilə sizin teatr Teatr Xadimləri İttifaqında məskunlaşmışdı. Bu yaxınlarda isə sizi "Dostluq" kinoteatrında yerləşdirdilər. Amma buranın şəraiti də heç ürəkaçan deyil...
- Teatrımız 18 il binasız qaldı. Buna baxmayaraq, bütün qüvvəsi ilə işlədi. Bu gün də şəraitsizlik içində fəaliyyət göstəririk. Özümüz səhnə, projektorlar qurmuşuq. Amma ümidimizi itirməmişik. Çünki bina yanvar ayında təmirə başlamalıdır. Bura həm kinoteatr, həm də teatr kimi fəaliyyət göstərəcək. İki böyük zaldan biri bizim Teatra veriləcək.
- Hazırda Teatrın yaradıcı heyəti neçə nəfərdən ibarətdir?
- Texniki heyəti nəzərə almasaq, truppada 25 nəfər, yaradıcı heyətdə doqquz nəfər çalışır. Hamı düşünürdü ki, H.Atakişiyevdən sonra aktyorlar dağılacaq. Heç bir aktyor yerindən tərpənmədi. Hamı ona sadiq qaldı, onun ənənəsini davam etdirmək üçün heç kəs Teatrdan getmədi. Üstəlik, biz bu yaxınlarda Teatra üç gənc aktyor - universitet tələbələrini qəbul etmişik. Həmin gənclər artıq dörd-beş tamaşada oynayıblar. Bizdə nizam-intizam da çox yüksək səviyyədə qalıb. Truppanın öz iş pinsipi var; məşqə gəlməmək söhbəti yoxdur.
- Yeni mövsümdə Teatrın repertuar siyasəti necə qurulub? Hansı əsərlərə quruluş verəcəksiniz?
- 2008-ci ildə Əziz Nesinin "Bir iş gör, Mete", Antonio Qalanın "Cənnətin çəmənliyi", Suxov Kabrininin "Tarelkinin ölümü", M.Ə.Sabirin "Ayıl, bax, bu dünyaya" əsərlərini səhnələşdirəcəyik. Hazırda H.Cavidin "İblis" tamaşasının məşqləri gedir. Tamaşa Cavidin 125 illiyinə həsr olunub. Çalışacağıq ki, ayın axırına qədər bu tamaşanın premyerasını keçirək. Bir də yeni bir dramaturq kəşf etmişik - Nizami Saraclı. Onun "Sara xatun" əsərini tamaşaya qoyacağıq. Bu tamaşa Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma ithaf olunub. Tarixdən bilirsiniz ki, Uzun Həsənin anası Sara xatun Azərbaycanda ilk diplomat qadındır. Neçə əsrlər sonra bizdə artıq ikinci Sara xatun yetişib. Odur ki, bu tamaşa məhz Mehriban xanıma ithaf ediləcək. Teatrın repertuar siyasətinə gəlincə isə, biz əsasən, klassiklərə daha çox müraciət edirik. 15 il ərzində bizim Teatr dörd dəfə Şekspirə, daha sonra Qorinə, Axundova, Mirzə Cəlilə, Cabbarlıya müraciət edib. Demək olar ki, Teatrda bütün klassik yazarların əsərləri oynanılıb. Gənclər Teatrı dörd-beş müasir dramaturqun yetişməsində də mühüm rol oynayıb. Məsələn, Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəyli kimi dramaturqların əsərlərinə də bizim Teatrda quruluş verilib.
- Demək, sizin Teatrın müasir dramaturq qıtlığı yoxdur...
- Yazanlar çoxdur, bizə də çox əsərlər gəlir. Əgər onlar bizim Teatrın repertuar siyasətinə uyğundursa, onları səhnələşdiririk. Amma əsərlərin əksəriyyəti zəif olur, bu günün tələblərinə cavab vermir, aktyorlar üçün maraqlı olmur. Mənə elə gəlir ki, dramaturqları da istiqamətləndirmək lazımdır. Əvvəllər elə dramaturqlar vardı ki, yalnız bir teatr üçün pyes yazırdı. Bu gün bizim belə dramaturqlarımız çox azdır, demək olar ki, heç yoxdur. Məsələn, Əli Əmirli bizim üçün "Varlı qadın", "Yeddi məhbusə" əsərlərini yazıb. Yəni, o, Teatrın bazasına bələddir və bilir ki, burada necə əsərlər səhnələşdirmək olar.
- Bəs, tamaşaçıları Teatra cəlb edə bilirsinizmi?
- Stanislavskinin məşhur bir sözü var: "Teatr asılqandan başlayır". Bizdə hələ ki teatr elə səhnədən başlayır. Tamaşaçı teatra gəlir, birinci növbədə binaya baxır. Tamaşa başlanana qədər, yarım saat ərzində tamaşaçı boş dayanmamalıdır. Nəyisə seyr etməlidir. Foyedə aktyorların fotoşəkilləri, teatrın yaradıcılıq yolunun əks olunduğu lövhələr asılmalıdır. Tamaşaçının istirahəti üçün bufet olmalıdır. Bütün bunlar tamaşaçı toplamağın əsas şərtləridir. Biz şərait olmadığına görə adamları zala tamaşanın başlamasına 10 dəqiqə qalmış buraxırıq. Əyləşən kimi tamaşa başlasın və qalan hər şey yaddan çıxsın. Amma gələcək üçün mənim bəzi ideyalarım var. Məsələn, tamaşaçıya səhnə arxasında baş verənlər maraqlıdır. Onu pərdə arxasına aparmaq, aktyorların qrimlənmə, hazırlıq prosesini göstərmək pis olmazdı.
- Ehtiyat etmirsiniz ki, belə halda tamaşa öz təsirini itirə bilər?
- Yox, belə düşünmürəm. Film çəkiləndə bütün bu prosesləri göstərirlər. Tamaşaçı onsuz da bilir ki, obrazı aktyor ifa edir. Məncə, bundan ehtiyat etmək lazım deyil. Bundan başqa, tamaşalardan sonra müzakirələr keçirmək, tamaşaçı rəyini öyrənmək üçün xüsusi qutu qoymaq olar. Əlbəttə, bunlar gələcəyin işidir.
- Teatrınızın heyəti gənclərdən ibarətdir, bəs, tamaşaçılarınız hansı yaş təbəqəsini əhatə edir?
- Hər tamaşanın özünün tamaşaçısı var. Daha çox gənclər gəlir. Yaşlı nəsil isə klassikləri daha çox sevir. Bizdə C.Məmmədquluzadənin "Qurbanəli bəy", "Ölülər", C.Cabbarlının "Aydın", Axundovun "Lənkəran xanının vəziri" tamaşaları böyük maraqla qarşılanıb. Bir neçə gün bundan qabaq isə Zirə qəsəbəsində məktəblilərin qarşısında çıxış etdik. Uşaqlara
A.Şaiqin "Tülkünün uçuşu" tamaşasını göstərdik. Əvvəllər tez-tez məktəblilər üçün tamaşalar göstərirdik. Amma bir ara məktəblilərə bilet satışı dayandırıldığı üçün uşaqlara tamaşa göstərmək imkanlarımız məhdudlaşdı. Bir növ uşaqlardan ayrı düşdük. İndi isə yenidən qayıtmışıq uşaq tamaşaları hazırlamağa. Öz binamızın təmirindən sonra uşaqlar özləri Teatra gələcəklər. Bu, daha məqsədəuyğundur, çünki insan uşaq vaxtından teatra alışmalıdır.
- Əyalətlərə tez-tez səfər edirsiniz?
- Azərbaycanın demək olar ki, bütün rayonlarında olmuşuq. Bu ayın 21-22-də Xaçmaza ikigünlük qastrol səfərimiz olacaq. Bundan sonra Zaqatala və Qaxa gedəcəyik. Çalışırıq ki, bu binadan az istifadə edək. Çünki artıq soyuqlar düşür, bir müddətdən sonra burada oturmaq çətin olacaq. Ona görə də qastrol səfərlərinə üstünlük veririk. Təbii ki, tamaşanı Teatrın öz binasında oynamaq daha yaxşıdır. Çünki getdiyimiz yerdə səhnənin hansı ölçüdə olduğunu bilmirik, dekorasiyaları daşımaq lazım gəlir. Bu baxımdan, çətinliklər olur. Amma tamaşalarımızın maraqla qarşılanması bizə hər şeyi unutdurur. Keçən il Zaqatalada Əli Əmirlinin "Kişi və qadın" tamaşasını oynadıq. Tamaşadan sonra yaxınlaşanlar oldu, aktyorlarımızdan, aktrisalarımızdan avtoqraf götürdülər. Dedilər ki, son on beş il ərzində belə tamaşanın şahidi olmayıblar. Belə sözlər eşidəndə adam fərəhlənir, daha da yaxşı işləməyə çalışır.
- Həsən müəllim, bəs beynəlxalq teatr festivallarında niyə iştirak etmirsiniz?
- Biz sonuncu dəfə altı il bundan əvvəl Kazanda və Türkiyədə keçirilən festivallarda olmuşuq. Türkiyədə o zaman çox populyar olan "Tıq-tıq xanım" tamaşasını oynadıq. Rəhmətlik H.Atakişiyev tamaşaya gözəl quruluş vermişdi. Onu açıq zalda, 1200 nəfər tamaşaçının qarşısında oynadıq. İndi çox festivallar keçirilir, iştirak etmək istərdik. Amma bizim Teatrın saytı olmadığından beynəlxalq aləmə çıxmaqda çətinlik çəkirik. Bu yaxınlarda Türkiyədə keçirilən iki festivalla əlaqə saxlamışam, artıq məktublaşırıq. Festivallardan biri 2008-ci ilin may ayında baş tutacaq. Onların şərtləri ilə tanış oluruq. Bəlkə, Mədəniyyət Turizm Nazirliyi bizə ora getməkdə kömək edər, ya özümüz öz qazancımızla gedərikTeatr qədər ətrafa çıxsa, bir o qədər inkişaf edər. Festivallarda onlarla teatrlar iştirak edir. Onların hər birinin öz yaradıcılıq üslubu var. Festivallarda teatrlar dünyada gedən teatr proseslərilə tanış olmaq imkanı qazanırlar. Bizi o zaman Türkiyəyə ikinci dəfə dəvət etdilər. Amma maddi imkansızlıq ucbatından gedə bilmədik. Bundan başqa, Ufa Teatrı ilə danışıqlar aparmışdıq ki, qarşılıqlı səfərlər edək. Amma bunun üçün gərək bizim binamız olsun. İnşallah, binamızın təmirindən sonra bütün bu istəklərimizi həyata keçirərik

 

Xəzər.- 2007.- 10 noyabr.- S. 18.