Yeni mövsümdə

                                                              

Bu günlər teatrlarımız yeni mövsümə başlamış, qapılarını geniş tamaşaçı kütləsinin üzünə açmışdır. Bəs ötən mövsümü teatrlarımız hansı əsərlər ilə başa vurmuş, qarşıda onları hansı işlər gözləyir. Əməkdaşımız bu məqsədlə Respublikanın bir neçə aparıcı teatrında olmuş, səhnə ocaqlarının rəhbərlərindən müsahibələr almışdır. Aşağıda həmin müsahibələri oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyatov:
- Artıq iki ildir ki, mövsümü təntənəli şəkildə açırıq. Yay məzuniyyətindən qayıdan kollektivimiz tamaşaçılar ilə də, bir-biri ilə də bayram əhval-ruhiyyəsi ilə görüşür. Kollektiv sənət olan teatrının yaradıcı heyəti arasında birliyin olması, bir-birinin uğuruna sevinməsi vacib şərtlərdən biridir.
...Son vaxtlar uğurlarımızdan biri də teatrın istirahət günündən — yəni həftənin birinci günündən başqa hər gün qapılarımızı tamaşaçıların üzünə açmasıdır. Sizə məlumdur ki, iki il əvvəl Milli Dram Teatrı hər gün tamaşa göstərə bilmirdi. Biz tamaşaçı problemini də aradan qaldırmışıq. Əlbəttə, onların zövqünə cavab verən, bədii cəhətdən mükəmməl səhnə əsərləri ilə. İndi iki növbədə məşqlər gedir. Bu da kollektivin yaradıcı axtarışları üçün geniş imkanlar açır.
Qarşıda teatrımızın binasını böyük təmir işləri gözləyir. Ona görə bəzi böyük tamaşaları konservatsiya etməli, nisbətən “yüngül” tamaşalara önəm verməliyik. Akustika, səs, işıq, ştangent, aktyorların qrim otağı elə vəziyyətdədir ki, mütləq fundamental təmirə ehtiyac var. Bu təmirə qərar verənlərə təşəkkürümüzü bildiririk                                    

 

Ədəbiyyat qəzeti.- 2007.- 2 noyabr.- S. 6.