Beynəlxalq elmi konfrans
böyük uğurla başa çatmışdır
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, noyabrın 8-də
Budapeştdə "Macarıstan-Azərbaycan:
mədəniyyətlərin dialoqu" II Beynəlxalq elmi
konfransı başa çatmışdır. Konfransı
Azərbaycan səfirliyi, Macarıstan Elmlər
Akademiyasının Etnologiya İnstitutu, Etveş Lorand və
Karoli Qaspar adına universitetlər Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə təşkil etmişdir.
Tədbirdə Macarıstanın dövlət
strukturlarının, parlamentinin, elmi dairələrinin
nümayəndələri, aparıcı universitetlərin
professor-müəllim heyəti və tələbələri,
Azərbaycan diasporunun təmsilçiləri iştirak
etmişlər.
Üç gün davam edən konfransda Azərbaycanın
və Macarıstanın aparıcı alimlərinin 42
məruzəsi dinlənilmişdir. Məruzələr tarix
və etnologiya, ədəbiyyat və linqvistika, iqtisadiyyat
və siyasət məsələlərinə həsr
olunmuşdur.
Bakıdan konfransda iştirak etmək
üçün gələn nümayəndə
heyətinə AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarixi
Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın
müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli
Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova,
AMEA-nın müxbir üzvü İlyas Babayev daxil idilər.
Budapeştə səfər
çərçivəsində Azərbaycan
nümayəndə heyətinin üzvləri Macarıstan
Elmlər Akademiyası Etnologiya İnstitutunun direktoru Mixay
Xoppol, Etveş Lorand Universitetinin rektoru, professor Ferents Xudes
və Karoli Qaspar Universitetinin rektoru, professor Ferents Syuç,
habelə akademiklər Derdem Xazai və Balint Çanad ilə görüşmüşlər.
Görüşlərdə alimlərin
ikitərəfli əməkdaşlığı, o
cümlədən birgə tədqiqatların
aparılması, aspirant mübadiləsi, hər iki ölkədə
arxiv mənbələrinin sərgilərinin
keçirilməsi barədə razılıq əldə
olunmuşdur. Azərbaycanın Macarıstandakı
səfiri Həsən Həsənov
görüşlərdə iştirak etmişdir.
Konfrans Macarıstanın təkcə elmi dairələrinin
deyil, bütövlükdə ölkə ictimaiyyətinin
ən müxtəlif sahələrdə ikitərəfli
əlaqələrin qurulmasına marağının
artmasını nümayiş etdirmişdir. Azərbaycanın
Budapeştdəki səfirliyi və Macarıstan Elmlər
Akademiyası Etnologiya İnstitutunun direktoru Mixay Xoppol
əməkdaşlığa dair beynəlxalq konfransların
keçirilməsi üçün komitə yaradılması
təşəbbüsünü irəli
sürmüşdür.
Macarıstanın aparıcı telekanalları - MTV
dövlət kanalı, Duna TV səfir Həsən
Həsənovdan müsahibə almışdır.
"Nepszabadsaq","Nepszava" və "Madyar
Nemzeti" kimi nüfuzlu qəzetlər konfrans haqqında
informasiyalar dərc etmişdir. Yaxın vaxtlarda "Madyar
Nemzeti" qəzetində ölkəmizin səfirinin
konfransın yekunlarına və əməkdaşlıq perspektivlərinə
həsr olunmuş müsahibəsi dərc olunacaqdır.
Azərbaycan.- 2007.-10 noyabr.- S. 6.