Qaliboğlu E.

 

Əliağa həyatdan gülə-gülə getdi


     Məşhur aktyor Əliağa Ağayevin xatirə gecəsi keçirildi


Srağagün axşam Akademik Milli Dram Teatrında tanınmış aktyor, xalq artisti Əliağa Ağayevin xatirə gecəci keçirildi.
Tədbir məşhur "O olmasın, bu olsun" filmindən bir fraqmentlə başladı. Gecəni Milli Mədəniyyətin Təbliği Mərkəzi təşkil etmişdi. Mərkəzin rəhbəri Arif Mədətov çıxış edərək Azərbaycan teatrı kinosu tarixində Əliağa Ağayevin özünəməxsus sənətkarlıq fəaliyyətindən danışdı. O, bildirdi ki, Əliağa Ağayev bənzərsiz aktyorluğu ilə həmişə diqqəti cəlb edib: "Bu gün onun çəkildiyi filmlərə televiziya səhnəciklərinə, tamaşalara hamı sevə-sevə tamaşa edir. Hər aktyor beləcə ürəklərdə yaşaya bilmir. Əliağa Ağayevin sənəti həmişə Azərbaycan kinosunun, teatrının, incəsənətinin olduqca maraqlı, gərəkli səhifəsi kimi yaşayacaq".
Tanınmış rejissor, xalq artisti Ağakişi Kazımov Əliağa Ağayevlə bağlı xatirələrini ilk öncə danışanlardan oldu. O, Gənc Tamaşaçılar Teatrında uzun müddət çalışan Ə.Ağayevin Milli Dram Teatrına gəlişi ilə sənətkarın yaradıcılığında yeni bir dövr yarandığını bildirdi: "Onun Milli Dram Teatrının səhnəsinə gəlişini yaxşı xatırlayıram. Şıxəli Qurbanov Əliağanı bu teatra inamla dəvət etdi. Onun burada ilk rolu "Əcəb işə düşdük" tamaşasında oldu. Azərbaycan teatrının yüksək inkişafl dövrü idi. Fuad Poladovun, Amaliya Pənahovanın, Rafiq Əzimovun, Səməndər Rzayevin, Kamal Xudaverdiyevin, Eldəniz Zeynalovun başqa gənc sənətkarların içərisində birdən-birə Əliağa Ağayev kimi sənətkarın görünməsi teatrın həyatına tamamilə bir yeniilk gətirdi. Tamaşa böyük müvəffəqiyyətlə keçdi. Onunla uzun müddət müxtəlif ölkələrə qastrollarda yol yoldaşı olmuşam. Bütün səfər boyunca o, baməzəliyi ilə daim adamın dərdini unutdururdu. Onda hər şey təbii idi, qətiyyən özünü uydurmurdu. O dövrdə bizim teatrda indiki komik aktyorlar demək olar, yox idi. Məhz Əliağa kimi fitri təbiətli komik aktyorlara böyük ehtiyacımız var idi. Bu mənada Əliağa Ağayev Azərbaycan teatrı tarixində öz yeri olan sənətkarlardan idi".
A.Kazımov Əfqanıstanda olarkən Ə.Ağayevin fitri aktyorluğunu sübut edən bir xatirə danışdı: "Sovet dövründə burada təmiz dəri paltarlar, kurtkalar demək olar, tapılmırdı, olsa da çox baha idi. Əfqanıstanda qastrol zamanı aktyor dostlarımızla hərəyə bir belə kurtka aldıq. Əliağa əvvəlcə aldıqlarımıza əhəmiyyət vermədi, dedi ki, bunlardan pis iy gəlmir. Aradan bir gün keçdi, dedi ki, Ağakişi, məni o dükana apara bilərsənmi? Ancaq şərtim budur ki, məni orada qoyub gedərsən, iki saatdan sonra qayıdıb yenə oradan götürərsən. Elə etdim. Yol boyunca məni fikir götürmüşdü ki, axı bu, puştuların dilini bilmir, necə onlarla danışacaq? Qayıdanda gördüm ki, içəridə şaqqanaq çəkib ürəkdən gülüşürlər. Əliağada insanları ələ almaq keyfiyyəti vardı. Gördüm, ona bir neçə dəri paltar hədiyyə ediblər. Mən onun sənətkarlıq keyfiyyətini həmişə bir rejissor olaraq yüksək dəyərləndirmişəm. Onun sifətində həmişə gülüş vardı. Əliağa həyatdan gülə-gülə getdi. Bu gün o, böyük sənətiylə ölməyib, Azərbaycan kinosunun, teatrının tarixində əbədi yaşayır".
Xalq artisti Yaşar Nuri Əliağa Ağayevi həm atasının dostu, həm sənətdə ustadı kimi xarakterizə etdi: "Adətən belə tədbirlərdə sənətkar haqqında elmi cümlələrlə danışmaq olmur. Xüsusən Ə.Ağayev haqqında mən heç vaxt standart danışmamışam. Həmişə ona "əmi" deyə müraciət etmişəm. Onda qiymətləndirdiyim ən gözəl cəhət ürəyiaçıqlığı zəhmətsevərliyi idi. Aktyorluğu fitri keyfiyyət kimi daim görünürdü. O səbəbdəndir ki, bundan sonrakı yaradıcı nəsil həmişə onu ustad sənətkarlarımız sırasında daim öyrənəcək, ürəklərdə yaşadacaq. Mən onunla uzun müddət yaradıcılıq ünsiyyətində olduğuma görə özümü xoşbəxt hesab edirəm. Hələ gəncliyimdən içimdə belə bir qibtə vardı ki, kaş mən Əliağa əmi kimi məşhur olaydım. O, ən qısa sürən səhnəciklərdə belə böyük sənətkarlığını göstərə bilirdi, tamaşaçını ovsunlayırdı.
O vaxtlar sanki Azərbaycan teatrının doğrudan da romantik bir dövrü idi. Səhnəyə biri-birinin ardınca çoxlu tanınmış imzalar, sənətkarlar çıxırdı".
Bu yerdə Y.Nuri Ə.Ağayevlə bağlı xatirələrindən birini danışdı: "Bir dəfə onunla rayonlara qastrola çıxdıq. O zaman mənim aktyorluğa yenicə başladlığım dövr idi. Rayona çatdıq. Bizdən hansısa kolxoza getməyimizi rəsmiləşdirməkdən ötrü sənəd tələb etdilər. Əliağa əmi həmin adama tərs-tərs baxdı, özünəməxsus şəkildə dedi ki, adə, bəs mənim sifətim sənəd deyil? Bir dəfə onunla növbəti bir qastrola çıxmışdıq. Necə oldusa, raykomun otağında Əliağa əmini bərk yuxu tutdu. Təsəvvür edin ki, raykom bizi kolxozlara yola salmaq üçün maşın məsəlsini həll edir, bu yanda da Əliağa əmi bərk xoruldayır. Bu yerdə katib 5 kolxozda tamaşa olacağı barədə göstəriş verdi. Əliağa əmi ayıldı, dedi ki, 5 yox, 10 kolxozda tamaşa olsun. Elə ki, bir neçə gündən sonra tamaşalar qurtardı, yanına geldim ki, əmi, aktyor dostlarım pullarını istəyirlər. Mənə tərs-tərs baxdı, əsəbiləşdi ki, indi pul verə bilmərəm, Bakıya çatanda verərəm. Çünki birdən burada xərcləyərsiniz, evə pul aparmazsınız. Belə sənətkarlardan həmişə öyrənmək lazımdır. Biz həmişə sağlığında Əliağa əmidən gülə-gülə ayrılırdıq. İndi bilmirəm, bu tədbirdən sonra evə necə gedəcəyəm".
Xalq artisti Firəngiz Mütəllimova da Əliağa Ağayevlə olan xatirələrini tamaşaçılarla bölüşdü: "Mən səhnəyə gələndə Əliağa müəllim artıq yaşlaşmışdı. Mənim xətrimi çox istəyirdi. Xoşbəxtəm ki, onunla bir neçə tamaşada oynamışam. Həmişə üzü gülürdü. Yadımdadır, Lənkəranda qastrolda olarkən camaat Əliağa əmini evinə qonaq aparmaq üçün növbəyə durmuşdu. Mən camaatın ona olan böyük sevgisinin dəfələrlə şahidi olmuşam".
Əməkdar artist Məcnun Hacıbəyov Əliağa Ağayevin ürəkaçıqlığından söz açdı: "O, dəfələrlə rolunu mənə verib. Halbuki özü həmin rolları oynaya bilərdi. Əliağa Ağayevin böyük ürəyi vardı. Məhz belə sənətkarlar həmişə insanların ürəyində yaşayırlar. Həmişə səliqəli geyinərdi, geyiminə ciddi fikir verərdi. Yadımdadır, biz Moskvada qastrolda olarkən tez-tez deyirdi ki, burada çoxlu millətlər var, elə hərəkət edin ki, biabır olmayaq".
Xalq artisti Telman Adıgözəlov çıxışı zamanı həm Əliağa Ağayevin səsini, hərəkətlərini yamsıladı: "Tale elə gətirdi ki, mən onunla gəncliyimin erkən dövründə
tanış oldum. Sonra oğlu da mənə İncəsənət Universitetində dərs dedi. Məhz Əliağa əminin səsini parodiya edəndən sonra populyarlaşmağa başladım. Bir dəfə qəfil mənə qayıtdı ki, adə, o nədir, eşitmişəm, mənim səsimi çıxardırsan? Sözün doğrusu, onun ruhu qarşısında xəcalət çəkirəm ki, mən xalq artistiyəm".
Xalq artisti Canəli Əkbərov Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasında Ə.Ağayevin iştirakından, onunla bağlı xatirələrindən danışdı. Sonda Əliağa Ağayevin qızı nəvəsi çıxış etdilər. Sənətkar haqqında ürək sözlərini dedilər. Çıxışların arasında gənc ifaçılar İlkin Əhmədov, Qoçaq Əsgərov başqaları çıxış etdilər. Həmçinin Əliağa Ağayevin iştirakı ilə çəkilən məşhur kinofilmlərdən, o cümlədən "O olmasın bu olsun", "Əhməd haradadır", "Görüş", habelə "Molla Cəbi" televiziya səhnəciyindən fraqmentlər nümayiş etdirildi

 

Xalq cəbhəsi.- 2007.- 24 noyabr.- S. 14.