Operalara yeni səhnə
ömrü bəxş edən istedad
Dahi
Üzeyir Hacıbəyov tərəfindən əsası
qoyulan milli opera sənətimiz möhkəm özülə
malik olduğu üçün öz qiymətli
ənənələrilə bu gün də inkişaf
dövrünü yaşayır. Bu
ənənələr bir çox görkəmli
sənətkarların yetişməsinə və tanınaraq
şöhrət qazanmasına təkan verib. Belə
sənətkarlardan biri də əməkdar
incəsənət xadimi Hafiz Quliyevdir. Hələ İncəsənət
İnstitutunda oxuyarkən Səməd Vurğunun
"Vaqif" dramını səhnələşdirən
gənc H.Quliyev oranı bitirəndən sonra təyinatla Opera
və Balet Teatrına gələrək bir müddət
rejissor assistenti işləyib. Özündən əvvəlki
sənətkarlardan bəhrələnərək fərdi
üslubunu müəyyənləşdirən H.Quliyev bir
çox əsərlərə səhnə həyatı
bəxş edib. Bununla yanaşı, bir neçə
tamaşanı bərpa edərək tamaşaçıların
ixtiyarına buraxan gənc rejissor ustad sənətkar Mehdi
Məmmədovun quruluşunda "Leyli və Məcnun"
tamaşasını da gənclərdən ibarət heyətlə
hazırlayıb. Məcnun rolunda çıxış edən
xalq artisti Mənsum İbrahimov Hafiz Quliyev haqqında
danışarkən bu fikirləri önə çəkir:
"Məcnun rolunu hazırladığımız 8 ay
müddətində hər gün 6 saat məşq edirdik.
Hafiz müəllim bizə əsərin incəliklərini
başa salır və öz fikrini bildirirdi. O,
məşqdə hər bir xırda elementə diqqət verir,
onun mükəmməl olması üçün yorulmadan
çalışırdı". Leyli rolunun
ifaçısı, xalq artisti Nəzakət Teymurova isə
öz düşüncələrini belə ifadə edir:
"Leyli obrazı üzərində işləyərkən
çox çətinliklər çəkdim. Biz aktyor
sənəti fənnini keçməmişdik. Daha çox
musiqiyə fikir verirdik. Səhnə hərəkətlərini
bilmirdik. Aktyor sənətinin incəliklərini bizə Hafiz
Quliyev öyrətdi". Rejissorun ilk müstəqil işi
Süleyman Ələsgərovun "Solğun
çiçəklər" tamaşası olub.
C.Cabbarlının eyniadlı əsəri əsasında
yazılmış bu opera bəstəkar işinin və
rejissor yaradıcılığının vahid ahəngində
tamaşaçıların ixtiyarına verilib. H.Quliyevin
quruluş verdiyi Ü.Hacıbəyovun "Arşın mal
alan" operettasını öz möhtərəm
qonağı İhsan Doğramacı ilə birgə seyr
edən ümummilli liderimiz Heydər Əliyev tamaşa
haqqında rəyini bu cür dilə gətirmişdi:
"Mən daha öncə də "Arşın mal alan"
filminə və tamaşasına baxmışam. Bu tamaşaya
da baxdım, rejissor və aktyorlar gənc olmasına baxmayaraq,
tamaşanın öhdəsindən layiqincə
gəlmişlər". Qonaq İ.Doğramacı da tamaşa
haqqında təəsüratlarını
bölüşmüşdü: "Mən dünyanın bir
çox ölkəsində olmuşam və çox
tamaşalara baxmışam, belə lətif, belə
gözəl, incə bir səhnə işi
görməmişəm". Bundan əlavə rejissor Moskvada
və Türkiyədə də Ü.Hacıbəyovun
"Arşın mal alan" komediyasına quruluş
vermişdi. Sevindirici haldır ki, H.Quliyevin Ankara Dövlət
Teatrında səhnələşdirdiyi "Arşın mal
alan"la teatr bir neçə dəfə xarici qastrollara
çıxıb. Tamaşa yenə də teatrın
repertuarındadır. 1998-ci ildə H.Quliyev F.Əmirovun
"Sevil" operasına müraciət etdi. Bu quruluş
müasirliyi və yenilikləri ilə fərqlənir. Bu
tamaşanı da maraqla izləyən ümummilli liderimiz
H.Əliyev tamaşa haqqında belə demişdi: "Mən
1959-cu ildə Mehdi Məmmədovun quruluş verdiyi
"Sevil" operasına da baxmışam. Hər iki
quruluş yüksək səviyyədədir. Rejissor gənc
olmasına baxmayaraq, əsərin öhdəsindən
layiqincə gəlib. Əminəm ki, teatrımızın
gələcəyi etibarlı əllərdədir".
Sənəti və sənətkarları çox
dəqiqliklə dəyərləndirən ulu öndərin
H.Quliyev yaradıcılığına verdiyi bu yüksək
qiymət həm də böyük məsuliyyət hissi
yaradır. Rejissorun müraciət etdiyi tamaşalardan biri
də Z.Hacıbəyovun "Aşıq Qərib"
operasıdır. H.Quliyev müasir tamaşaçının
həyat dinamikasını nəzərə alaraq 1996-cı ildə
tamaşaya yeni quruluş verdi. Bu tamaşa da özünün
bir sıra müsbət cəhətlərilə diqqəti
çəkdi, maraqla qarşılandı. Bu günə qədər
Ü. Hacıbəyovun "O olmasın, bu olsun"
əsərinə dəfələrlə müxtəlif
quruluşlar verilib. H.Quliyevin quruluşunda "O olmasın, bu
olsun" özünəməxsusluğu ilə seçilir.
Əsərə verilən quruluş hadisələrin
bütövlüyünə xidmət edir və çox
baxımlı təsir bağışlayır. Yorulmadan
çalışan rejissor görkəmli
bəstəkarlarımızdan Müslüm Maqomayevin
"Şah İsmayıl" operasına, Ramiz Mustafayevin
"Vaqif", Şəfiqə Axundovanın "Gəlin
qayası", Üzeyir Hacıbəyovun"Koroğlu"
tamaşalarına yeni səhnə ömrü verib. Rejissorluq
fəaliyyəti ilə yanaşı, H.Quliyev pedaqoji
işlə də ciddi məşğul olur. Ş.Axundovadan,
Ə.Qədirovdan, görkəmli rejissor F.Hacıyevdən
sənətin incəliklərini öyrənən H.Quliyev indi
özü də tələbələr hazırlayır. O,
1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Rejissor sənəti
fakültəsində dərs deyir. Mədəniyyətimizin
inkişafındakı xidmətləri nəzərə
alınaraq 2006-cı ildə ölkə prezidentinin
fərmanı ilə Əməkdar İncəsənət
Xadimi adına layiq görülən H.Quliyev hazırda
Üzeyir Hacıbəyovun "Əsli və Kərəm"
operasının quruluşu üzərində işləyir.
İnanırıq ki, istedadlı rejissor bu
yaradıcılıq işinin də öhdəsindən
layiqincə gələcək.
525-ci qəzet.-2007.- 2
noyabr.- S. 7.