Məhərrəmova
T.
Biz adi həyat tərzi yaşayırıq
İslam İslamov, Əməkdar artist:
"Ən böyük arzularımdan
biri öz balet studiyamın olmasıdır"
Moskva... Böyük Teatrın tələbkar
tamaşaçılarla dolu
möhtəşəm salonu.
Oturmaq üçün yaruslarda da yer tapmaq
müşküldür. Çoxlarının heç olmasa
səhnəsinə bircə
dəfə çıxmaq
həsrətilə yaşadığı
bu məşhur teatrda görkəmli bəstəkarımız Fikrət
Əmirovun "Min bir
gecə" baleti oynanılır. Pərdə arxasında
həyəcanlı anlar,
gərgin dəqiqələr
yaşanır. Budur,
"Min bir gecə"nin əzəmətli
musiqi sədaları eşidilir. Azərbaycan
Opera və Balet Teatrının gənc truppası səhnəyə
çıxır... Tamaşanın
qəhrəmanı - sərt
və zalım Şəhriyar şah səhnədə görünür...
Truppamızın peşəkar oyununun
moskvalıları heyran
etdiyi vaxtdan çox keçməyib. Ancaq teatrın gənc truppasının uğurları
ənənəyə çevrilib.
Teatrın solisti, Əməkdar artist
İslam İslamov da istedadlı kollektivin üzvləri sırasındadır.
- Adətən bizdə oğlan uşaqları baletə o qədər də meyil etmirlər. Onların həvəsi daha çox incəsənətin
başqa sahələrinə
yönəlir. Baleron olmaq
həvəsi sizdə
necə yarandı?
- Milli rəqslərimizi uşaq bağçasında öyrənmişəm.
Sonra bir il "Cücələrim"
ansamblında, iki il də Əhmədli
qəsəbəsindəki 18 saylı məktəbdə
balet dərsləri keçmişəm. Daha sonra
Xoreoqrafiya məktəbinə
daxil olmaq üçün təklif
aldım. Təhsilimi başa
vurandan sonra mənə peşəkar dərəcəyə çata
biləcəyimi başa
saldılar. Ona qədər
yalnız özfəaliyyətdə
rəqslərə getmişdim.
Böyük səhnəyə çıxmaq isə çoxdankı arzum idi. Buna görə də Xoreoqrafiya məktəbinə daxil olub, 8 il
klassik şöbədə
təhsil aldım. Sənətə milli rəqslə
başlayıb baletə
keçdim. İndi milli
rəqsdə də, baletdə də yaxşı oynayıram.
- Maraqlıdır,
seçiminizdə nə
üçün baletə
üstünlük verdiniz?
- Balet daha çox xoşuma gəldi. Demirəm ki, milli rəqslərimizi
bəyənmirəm. Rəqslərimizi çox sevirəm, oynamağa da həvəsim var. Milli baletlərimizdə də ürəklə çıxış
edirəm. Ancaq nədənsə
məni balet daha çox cəlb elədi.
- Adətən aktyorlar, müğənnilər
sənətə gəlməmişdən
kimisə özlərinə
kumir seçirlər.
Bəs siz baleti ən
çox kimin ifasında sevmişdiniz?
- Deyə bilmərəm ki, hansısa sənətkar xoşuma gəldi və onun arxasınca
getməyi qərara aldım. Mənim kumirim olmayıb.
Uşaqlıqda Mahmud Esembayevin
kinosuna baxırdım.
Eyni zamanda, professional kasetlər
əldə etdim.
Xoreoqrafiya məktəbində bunlar çox köməyim oldu. Məktəbin buraxılışında isə opera və balet səhnəsində oynamağa layiq olan tələbələri
seçib götürürdülər.
Məktəbi qurtaranda balet
truppasının rəhbəri
Yulana Əlikişizadə,
Xalq artisti Tamilla Şirəliyeva və başqaları gəlib yaxşı tələbələri seçdilər.
Onların arasında mən
də vardım.
Hal-hazırda iki nəfər qalmışıq. Tələbələrdən biri dözmədi,
o biri isə Azərbaycandan çıxıb
getdi. Onu da deyim ki, gözə girmək qabiliyyəti məndə uşaqlıqdan
vardı. Hamı ilə
dil tapırdım.
İşdə də təkcə
tərbiyəmlə və
münasibətimlə yox,
həm də işimlə layiq olduğumu sübut etdim. Yavaş-yavaş mənə baş
rollar verdilər.
İlk dəfə Qara Qarayevin "Don Kixot" baletində Montasinos rolunu ifa etdim.
Kütləvi rollarda isə
çox oynamışdım.
Tofiq Bakıxanovun
"Xəzər balladası"nda
Od, Aqşin
Əlizadənin "Qafqaza
səyahət" baletində
Xasay xan rolunu oynadım.
- Sizcə baletdə nəzəriyyə,
yoxsa praktikanın rolu daha böyükdür?
- Əlbəttə,
səhnə təcrübəsi
əsasdır. İnstitutun bu baxımdan
köməkliyi var. Amma
mən institutu baletmeyster, yəni rəqs quran kimi qurtarmışam.
Səhnəyə nə qədər
çox çıxıram,
nə qədər tamaşalarda çox oynayıramsa, təcrübəmi
də bir o qədər artırıram.
Biz institutda dünya
xalqlarının rəqslərini
keçmişik. Elə tamaşalar
var ki, orada
müxtəlif xalqların
rəsqlərini oynamalıyıq.
Ona görə də institutda öyrəndiklərimiz
köməyimizə gəlir.
- Nisbətən yaşlı nəsil baleron və balerinaların siz cavanlara münasibəti necədir? Sizi asanlıqla qəbul
edirlərmi?
- Əlbəttə,
Mədinə Əliyeva,
Yuri Lobaçov, Gülağası
Mirzəyev qayğımızı
çəkirlər. Əvvəllər həyat yoldaşım Kamilla xanım da mənə çox kömək edirdi. Ona da "çox sağ ol"
deyirəm. O, üzərimdə
işləyir, səhvlərimi
deyirdi. Onun səhnə təcrübəsi
məndən çoxdur.
Kamilla xanım məndən iki il qabaq
oynamağa başlayıb,
mənsə müəyyən
səbəblərə görə
bir az gecikmişəm.
- İlk
səhnə həyəcanı
yəqin sizi bu gün də
tərk eləmir. Bəlkə həmin
yaşantılarınızdan danışasınız.
- Bu hissi söhbət əsnasında
izah etmək çox çətindir. Həmin anlarda nə olub, hansı
hissləri keçirmisən...
Təbii
ki, bütün tamaşalarda həyəcan
hissi var. Bu hissi hərə bir cür keçirir. Mənsə həmin gün səhərdən heç
nə yeyə bilmirəm. Çox əsəbi oluram.
Xırda
bir şey məni özümdən çıxara bilər.
Evdə-tamaşaya qədər belə
olur. İşə gələndə isə artıq hər şeyi kənara qoyuram. Qrim otağında artıq ifa edəcəyim obraza daxil oluram.
Daxilən özümü buna
hazırlayıram. Çünki hər şeyi - bütün problemləri və qayğıları kənara qoyub tamaşaçı, səhnə
və sən qalırsan. Səhnəyə çıxmamışdan bir müsəlman kimi Allaha dua
edirəm. Tamaşaçının razı qalıb-qalmaması
isə alqışlardan
bilinir. Bu hisslər bütün yaradıcı insanlarda
var. Sadəcə, o hisslərə
səni üstələməyə
imkan verməməlisən.
Əgər qalib gəlsələr,
bu hisslər səni boğacaq. Eyni zamanda, sən öz oyunundan ləzzət almalısan.
Belə olmasa, tamaşaçı
da məmnun qalmaz.
- Hər tamaşadan sonra özünüzdən razı
qalırsınız, yoxsa
narazı?
- Teatrda tamaşaya qoyulan 12-13 baletdə baş rolda oynayıram. Hər dəfə səhnəyə çıxanda
hiss edirəm ki, təcrübəm çoxalır.
Amma özümdən razı olmuram. Mənə elə gəlir
ki, insan özündən razı olsa, mənəvi cəhətdən məhv
olur. Əlbəttə, təriflər, alqışlar
çox gözəldir.
Nəsə əldə etmisənsə,
dayanmamalı, ancaq irəli getməlisən.
Buna da yalnız
gərgin işləməklə,
zəhmət çəkməklə
nail olmaq olar. Bizim truppa çox cavandır. Belə bir truppa ilə Azərbaycanı xaricdə təmsil etmək böyük işdir. Başqa səhnələrdə çalışan balet ustalarının isə ən azı 28-33 yaşları var və onlar böyük
ustalıqları olan insanlardır. Bizim truppa
üçün hələ
hər şey irəlidədir. Həm öz
aramızda inkişaf olacaq, həm də təzə nəsil gələcək.
Hər şey yaxşı olmalıdır.
- Aparıcı solistiniz Mədinə Əliyeva ilə görüşəndə, o, balet
ustalarının bir qədər fərqli yaşam tərzinin olduğundan, həm də çəkini saxlamaq üçün müəyyən qadağalara
riayət etmələrindən
danışdı. Bu baxımdan səhnədə
çalışan qadınları
başa düşmək
çətin deyil - onlar həmişə
" səhnə gözəllik
tələb edir"
- deyə nəfslərini
boğmağa çalışır,
ciddi pəhriz saxlayırlar. Bəs kişilər
buna necə dözür?
- Bizimçün
belə bir sədd qoyulmayıb. Biz adi həyat
tərzi yaşayırıq.
Necə sənət olursa-olsun, kişi
kişidir. Düzdür, görkəmimizə fikir veririk. Bizim bədən quruluşumuz başqadır. Gündəlik fiziki ağırlıq bizə estetik gözəllik verir. Tərəf-müqabillərlə rəqs edəndə
onları qaldırmaq üçün biz daha çox yeməyə çalışırıq ki,
gücümüz olsun.
Həm də daha çox
yatırıq. Biz futbolu çox sevirik, amma futbol
bizə qadağandır.
Çünki iş bir dəfə olur. Belə şeylərdən özümüzü qoruyuruq.
Qalan işlərdə
isə adi insanlar kimiyik...
- Söhbətin əvvəlində həyat
yoldaşınızın sizə
çox kömək etdiyini söylədiniz. Maraqlıdır, Kamilla xanım
sizə kömək etməsəydi də, onu sevərdinizmi?
- Əlbəttə,
sevərdim. Aramızda münasibət təzə-təzə
başlayanda heç qayğı barədə düşünmür, onu
bir insan kimi sevirdim. Kamilla xanımın da mənə qarşı məhəbbəti böyük
idi. Sonra biz evləndik.
- Eyni sənət sahiblərinin
qurduğu ailədə
dil tapmaq daha asandırmı? Ailədə
səhnə münasibətləri rol oynayırmı?
-
Həmişə Azərbaycan ailələrində evin
başçısı kişi olub. Buna baxmayaraq, mən
yoldaşımı çox istəyirəm. Onun hər bir
məsləhətinə, fikrinə hörmətlə
yanaşıram. Bir-birimizi başa düşürük. İnanıram ki,
gözəl seçim etmişəm. Elə olur ki,
günümüzü 24 saat bir keçiririk. Həm işdə, həm də evdə bizə çox rahatdır. Bir-birimizi
nə qədər çox görürüksə, o
qədər də çox istəyirik.
- Bəs
səhnədə necə, həyat yoldaşınzla
tərəf-müqabil olmaq daha yaxşıdırmı?
- Kamilla ilə
"Karmen", "Qız qalası", "Rast",
"Ağ və qara" baletlərində onunla
tərəf-müqabiləm. Mənim üçün
tərəf-müqabilimin kim olmasının fərqi yoxdur.
Hamı ilə oynamaq asandır.
-
Sənətinizlə bağlı ən böyük arzunuz
nədir?
- Arzularım
çoxdur. Bir neçə balet var ki, onlar hələ
teatrımızda tamaşaya qoyulmayıb. Həmin baletlərin
səhnəyə qoyulmasını və o tamaşalarda
oynamağı arzulayıram. Eləcə də "Don
Kixot"da, "Eşq və ölüm"də oynamaq
istəyirəm. Hal-hazırda teatrda Aqşin Əlizadənin
"Ümid valsı" baletinin məşqləri gedir.
Həmin tamaşada da mənə baş rol verilib. Ancaq
tamaşanın məşqlərinin nə zaman başa
çatacağı bəlli deyil. Gələn ilin mayında
teatrımız təmirə dayanır. Ola bilər ki,
həmin tamaşa təmirdən sonra oynanılsın.
Ən
böyük arzularımdan biri öz balet studiyamın
olması ilə bağlıdır. Bu cür studiyalar
xaricdə çoxdur. Xoreoqrafiya təhsili alan
yeniyetmələr peşəkar səhnəyə
çıxana qədər bu studiyada təhsillərini davam
etdirirlər. Mən də belə bir studiya açmaq arzusu
ilə yaşayıram.
Kaspi.- 2007.- 1 noyabr.- S. 16.