Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin 10 illiyi qeyd olunmuşdur

 

Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin yaradılmasının 10 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
Cəmiyyətin həmsədrləri professor Nərgiz Paşayevanın və lord Freyzerin adından banket təşkil edilmişdir. Banketə Azərbaycan hökumətinin üzvləri, deputatlar, paytaxt ictimaiyyətinin nümayəndələri dəvət olunmuşdular.
Əvvəlcə Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin yaradılmasının tarixi barədə sənədli film nümayiş etdirilmişdir.
Sonra professor Nərgiz Paşayeva Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin yaradılmasının 10 illiyi münasibətilə Bakıya gəlmiş qonaqları ürəkdən salamlamış, fəaliyyətinin əsasını humanitar məqsədlər təşkil edən bu qeyri-hökumət təşkilatının işinə kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir.
Cəmiyyətin həmsədri, Böyük Britaniyanın sabiq energetika naziri lord Freyzer demişdir ki, bu təşkilatın əsası 10 il bundan əvvəl Londondakı Edinburq sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə imzalanmış sazişlə qoyulmuşdur.
Lord Freyzer Cəmiyyətin fəaliyyətinin təmin olunmasına kömək göstərən hər iki ölkənin səfirliklərinə təşəkkür etmişdir. O demişdir ki, bu fəaliyyətin əsas hissəsi xeyriyyəçilikdir, indiyə qədər 500 min dollarlıq belə tədbirlər keçirilmişdir.
Yubiley tədbirində Azərbaycan Dövlət Kamera Orkestrinin, "ÜNS" Teatrı artistlərinin, digər incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.

 

Azərbaycan.-2997.- 16 noyabr.- S. 5.