Məhərrəmova T.
Publikanın ən çox tələb etdiyi aktyorun
ustalığıdır
Aygün Zeynallı,
vokalist: "Mənə elə gəlir ki, indi düzgün
yolumu tapmışam"
Bu yaxınlarda Opera və
Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın
mal alan" operettası növbəti dəfə
oynanıldı. Tamaşanın əksər
ifaçıları dəyişməsə də,
Gülçöhrə rolunun ifaçısı təzə
idi - Aygün Zeynallı. Bu, həm də
gənc vokalistin opera səhnəsində ilk rolu idi. Aygün
xanım debütant kimi peşəkar səhnədə və
belə bir obrazda çox sərbəst
görünürdü.
-
Necə oldu ki, sizi Gülçöhrə roluna dəvət
etdilər? Belə bir klassik obrazın
məsuliyyətini daşımaq asan idimi?
- Opera Teatrının
rəhbərliyi səsimə qulaq asan kimi bu rolu mənə
həvalə etdi. Belə bir rolu mənə
tapşırdıqlarına görə teatrın direktoru Akif
Məlikova, konsertmeystr Məlahət xanıma və reyissor
Hafis Quliyevə minnətdarlığımı bildirirəm! Ümumiyyətlə, teatrın rəhbərliyi
gənclərə çox kömək edir.
Rolun
məsuliyyətinə gəlincə, özümü opera
səhnəsinə hazırlamışdım. Bu
teatrda çalışmağın çətinliyini də
bilirdim. Amma yenə də bu mənim
üçün imtahan idi. Həyəcan,
nigarançılıq, təlaş təbii ki, vardı.
Bizə auditoriyada öyrədiblər ki, nə
qədər həyəcanlı olsanız da, tamaşa
zamanı onu boğmağa
çalışmalısınız. Mən
Xuraman Qasımovanın sinfini bitirmişəm. Bir pedaqoq kimi onun tələbatları çox
böyükdür. Biz böyük
səhnəyə illərlə
hazırlaşmışıq. Bu
həyəcanları yaşaya-yaşaya müxtəlif
səhnələrdə çıxışlar etmişik.
"Arşın mal alan"da səhnədə peşəkar
tərəf-müqabillərim vardı. Onların
və tamaşaya baxan digər teatr bilicilərinin fikrincə,
rolumun öhdəsindən gələ bildim. Xalq artisti
Azər Zeynalov, Yaşar Nuri tamaşadan sonra: "Səndə
səhnə üçün ən vacib olan
xüsusiyyətlərdən biri sərbəstlikdir" -
deyə qeyd etdilər. Onlar deyirdilər ki, biz
sənə görə çox həyəcanlı idik,
səhnədə özünü itirib çaşa, dayana
bilərdin. Tamaşadan sonra fikirləri bu
oldu ki, birinci çıxış üçün çox
yaxşı idi.
-
Sizcə opera müğənnisinə səhnədə
hansı keyfiyyətlər lazımdır?
- İlk
növbədə opera müğənnisinə səs və
qabiliyyət lazımdır. Bundan
əlavə, səhnədə sərbəstlik,
səhnəni, tamaşaçını ələ almaq
üçün şarm vacibdir. Bu,
təkcə xarici görkəmlə bağlı deyil. Səhnədə yaşadığın
kədəri, sevinci tamaşaçılara
çatdırmağı bacarmalısan. Publikanın
ən çox tələb etdiyi şərt isə aktyorun
ustalığıdır - həm müğənni, həm
də aktrisa kimi.
- Bu sizin
Opera Teatrında ilk çıxışınız idi. Bundan əvvəl hansısa səhnədə
çıxış etmişdinizmi?
- Bundan əvvəl
Filarmoniyanın səhnəsində
çıxışlarım olub. Bu ilin
əvvəlində isə Fransada, Senatda keçirilən
Azərbaycan Mədəniyyət Günlərində mən
də iştirak etmişəm. Bir sıra
sənətçilərimizlə bərabər, mənim
də çıxışım yaxşı
qarşılandı.
-
Bakı tamaşaçıları ilə fransız
publikası arasında hansısa fərqi hiss etdinizmi?
- Publika arasında elə
bir fərq görmədim. Baxmayaraq ki, Fransada
möhtəşəm bir publika
yığılmışdı. Demək
olar ki, hamısı vəzifəli adamlar idi. Onların xarici görkəmi fərqli idi. Ancaq musiqini duymaqda və sevməkdə eyni
səviyyə gördüm. Təbii ki,
bizdə də Opera Teatrına musiqisevənlər, operadan
başı çıxanlar gəlir. Təkcə
bir fərq var idi ki, orada tamaşa qurtarandan sonra
tamaşaçılar ayağa durmağa
tələsmirlər. Onların
alqışları bir neçə dəqiqə davam edirdi.
Bu mənim çox xoşuma gəldi.
-
Peşəkar səhnədə ilk
çıxışınızdan sonra sizi ilk təbrik
edən kim oldu? Müəlliminiz?
- Təəssüf ki,
Xuraman xanım qastrolda olduğundan tamaşaya gələ
bilməmişdi. Onun gərgin iş qrafiki var. İlk
təbriki anamdan eşitdim. Anam musiqi
sahəsində çalışmasa da, musiqini duyan
qadındır. Musiqiyə sevgi isə
mənə nənəmdən keçib. Onun
yaxşı səsi vardı. Özü də Asəf
Zeynallı adına Musiqi Texnikumunu
bitirmişdi. Nənəm çox gözəl
muğamat oxuyardı. Seyid
Şuşinskidən dərs almışdı. Ancaq nənəm musiqi yolunu sona qədər davam
etdirməyib. Sonradan dilçilik
üzrə ixtisaslaşıb. Mənsə
nənəmdən fərqli olaraq, sənətdə bu yolu
tutdum. Sözün açığı,
musiqi sahəsində olmağım təsadüfün
nəticəsi idi. Çünki
əvvəlcə İqtisad İnstitutuna daxil olmuşdum.
Ancaq uşaq yaşlarımdan həmişə
pianoda çalırdım. Musiqi
Məktəbində oxuyanda pianoda bütün klassiklərin
əsərlərini çalırdım. Musiqi
məni o qədər özünə çəkdi ki, sonradan
xor dərslərində iştirak etməyə
başladım. 1999-cu ildə
yeniyetmələr üçün "Atikva" xoruna
getmişəm. Vaxtilə çox
məşhur olan bu kollektiv hal-hazırda fəaliyyət
göstərmir. Xor müəllimim: "Sənin
səsin, bacarığın və istedadın var" -
deyirdi. Onun sözləri oxumağa
məhəbbətimi daha da artırdı. Ona
görə də Konservatoriyaya - Xuraman xanımın yanına
gəldim. O məni dinlədikdən sonra ikinci ixtisas kimi
birbaşa ikinci kursa qəbul etdi. Sonradan
müxtəlif konsertlərdə, tədbirlərdə
çıxışlarım oldu.
-
Yəqin ki, onda opera səhnəsinə
çıxmağı heç xəyalınızdan da
keçirmirdiniz?
- Bu mənim ən
böyük arzum idi. Bu arzuma çatmağı
qarşıma məqsəd qoymuşdum.
-
Bəs iqtisadçı ixtisasına olan həvəsinizdən
içinizdə heç nə qalmadı?
- Sözün düzü, o
sənətə elə bir məhəbbətim yox idi. Sadəcə, bu sənəti seçəndə
musiqi sənətinin ardınca gedəcəyim ağlıma da
gəlməmişdi. Ailəmizdə anam
həkim, atam iqtisadçıdır. Bəlkə
də atamın iqtisadçı olduğuna görə mən
də o sənətə getmişdim. Mənə
elə gəlir ki, indi düzgün yolumu tapmışam.
-
Həyat yoldaşınız sizi səhnəyə
qısqanmır ki?
- Əksinə, o
məni həvəsləndirir. O özü də
musiqiçidir. Opera və Balet Teatrında
orkestrin solistidir. Onun ayrıca bir
ansamblı da fəaliyyət göstərir.
Yaradıcı adam olduğumuzdan bir-birimizi
yaxşı başa düşürük. Mən
səhnə ilə ailəm arasında harmoniya yaratmağa
çalışıram. İstəyirəm
ki, onlar bir-birinə mane olmasın. Yoxsa
birinə çox diqqət göstərəndə o biri
zəifləyir.
-
Sənətinizi təkmilləşdirmək üçün
daha hansı planlarınız var?
- Bu sənət elədir
ki, daim irəli getməli, inkişaf etməlisən. Bunun üçün idmanda olduğu kimi daim
hərəkətdə olmalı, məşq etməlisən.
Bu, çox şıltaq sənətdir.
Bir az istirahət edən kimi çox geri
düşürsən. Yaradıcılıq
işləri ilə bağlı planlarım çoxdur.
-
Bəs opera səhnəsində hansı rolları oynamaq,
hansı partiyaları ifa etmək arzusundasınız?
- Bəri başdan bu
barədə danışmaq istəmirəm. Mən
işimi göstərməyi xoşlayıram. Yalnız ondan sonra hamı görsün ki, mən
buna hazıram. Rollar həddindən
artıq çoxdur. Demək olar ki,
hələ heç nə oynamamışam. Elə obrazlar var ki, onları oynamaq istəyirəm
və o obrazlar mənim səsimə də uyğundur. Ancaq təəssüflər olsun ki, o
əsərlər bizim teatrda səhnəyə qoyulmur. Səhnəyə qoyulan elə tamaşalar var ki,
mən orada da oynaya bilərəm. Ancaq buna
da vaxt lazımdır.
-
Necə bilirsiniz, hər hansı ölkənin opera
səhnəsinə çıxmaq və ya orada
keçirilən müsabiqələrdə iştirak etmək
çoxmu çətindir?
- Çox çətindir. İlk
növbədə maliyyə çətinliyi var. Biz
vokalçılar maliyyə cəhətdən çoxlu
maneələrlə qarşılaşırıq. Xaricdə
çıxış etmək üçün maddi
dəstək olmalıdır. İmkan, şərait olsa,
mən özümü Avstriyada Motsartın operalarında
görmək istərdim. Çünki mənə ən
yaxın bəstəkarlar Motsart və Rossinidir. Keçən
il Avstriyada Belveder adına müsabiqə keçirilirdi.
Onların nümayəndəsi Bakıda olarkən o
müsabiqədə iştirak etmək üçün
seçdiyi namizədlər arasında mən də vardım.
Bu, birinci turu keçmək sayılırdı. İkinci turda isə Avstriyada iştirak
etməliydik. Ancaq maddi problemlərlə
rastlaşdığımıza görə heç birimiz
həmin müsabiqəyə gedə bilmədik.
- İlk rolunuz
qarşınızda hansısa qapını
açdımı? Məsələn, hər hansı
yaradıcı təkliflər aldınızmı?
- İlk dəfə səhnəyə milli
operada çıxmağım özüm və ailəm
üçün çox sevindiricidir. Milli obrazlarımız
mənə çox yaxındır. Bəlkə əslən
şuşalı olduğumdan dahi Üzeyir Hacıbəyovun
ilk dəfə Şuşada yazdığı
"Arşın mal alan" mənə belə
yaxındır. Mən bu əsərdə Şuşanın
ab-havasını duyurdum. Ona görə də özümü
operada çox rahat hiss edirdim. Əlbəttə, tamaşadan
sonra təkliflər oldu. Ancaq vokalçıların
Bülbül adına IV beynəlxalq müsabiqəsinə
hazırlaşdığım üçün
müvəqqəti olaraq məşqi dayandırmışam.
Ümid edirəm ki, müsabiqədə nailiyyət
qazanacağam. Arzum sənətdə böyük
nailiyyətlər qazanmaqdır. Xarici operalara dəvət
almağı, qastrollara çıxmağı arzulayıram.
Kaspi.- 2007.- 27 noyabr.- S. 16.