Samirə

 

İlk operamız Rusiya efirində

 

ya "Kultura"nın mədəniyyətimizə birbaşa marağı

 

Rusiyanın ən nüfuzlu və mükəmməl telekanallarından olan "Kultura"nın Azərbaycana marağı yüksələn xətt üzrə inkişaf etməkdədir.
   
   Bir neçə il öncə telekanalın çəkiliş qrupu Bakının milli-mədəni, tarixi-memarlıq ənənələrini əks etdirən filmi ərsəyə gətirməkdən ötrü Bakıya gəlmişdi, bir müddət sonra isə böyük rus şairi Sergey Yeseninin həyatının Bakı mərhələsi haqqında filmin istehsalı rejissor Mirbala Səlimliyə həvalə edilmişdi. Hər iki hadisənin birbaşa iştirakçılarının fikirlərini "Həftə içi" qəzetinin oxucularına çatdırmışdıq.
   Opera və Balet Teatrının mətbuat xidmətindən daxil olan məlumata görə, teatrın rəhbərliyi "Kultura" telekanalının rəhbərliyindən təklif məktubu alıb. Məktubda deyilir: "Biz özünəməxsus ənənələri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə yaxından tanışıq. Onun MDB məkanında ən qabaqcıl teatrlardan biri olduğu bizə məlumdur. Son illərdə Azərbaycan Opera və Balet Teatrının kollektivinin Rusiya Akademik Böyük Teatrı və Mariinsk Teatrının səhnələrindəki peşəkar çıxışlarının şahidi olmuşuq. Bu teatrın uğurlu qastrol siyasəti, teatrınızın səhnəsində azərbaycanlı həmkarları ilə çıxış edən Rusiyanın dünyaşöhrətli opera və balet ustalarının sənətkarlarınız və tamaşaçılarınız barəsindəki yüksək təəssüratları isə deyilənləri bir daha təsdiq edir. Məhz bu səbəblərdən sizinlə belə bir layihəni həyata keçirməkdən şərəf duyuruq".
   Layihə isə Azərbaycan, Ukrayna, Estoniya və Litvanın Opera və Balet teatrları haqqında hər biri 60 dəqiqəlik olmaqla sənədli filmlərin çəkilməsindən ibarətdir. Əldə edilmiş razılığa əsasən, "Kultura"nın nümayəndələri noyabrın 30-da şəhərimizdə olacaq və 5 gün ərzində teatrımızın bugününü əks etdirən filmin çəkilişlərini gerçəkləşdirəcəklər. Konkret olaraq C.Verdinin "Riqoletto", Ü.Hacıbəylinin "Leyli və Məcnun" operalarının, Q.Qarayevin "Don Kixot", "Leyli və Məcnun" biraktlı baletlərinin, F.Əmirovun "Min bir gecə" baletinin tamaşalarından bəzi səhnələri lentə alacaq, teatrın fəaliyyətini, yeni quruluşları, solistlərin yaradıcılığından ən qabarıq məqamları əks etdirən süjetlər hazırlayacaq, teatrın direktoru Akif Məlikov və yaradıcı kollektivlərin rəhbərləri ilə müsahibələr aparacaqlar.
   Məlumat üçün nəzərinizə çatdıraq ki, "Kultura" telekanalı 10 il öncə Mstislav Rostropoviç və Dmitri Lixaçovun təşəbbüsü, Rusiya Federasiyasının ozamankı prezidenti Boris Yeltsinin sərəncamı sayəsində meydana gəlib. Kanalın rəhbərlərindən biri müsahibəsində bildirir ki, son dərəcə qeyri-komfort iş şəraitində, reklama efir vaxtı ayırmamaq kimi başlıca şərtlə fəaliyyətə başlayan "Kultura" telekanalı 2 il ərzində məzmunlu layihələr təqdim etməklə, dünya səhnələrinin yüksəksəviyyəli tamaşa və konsertlərini birbaşa yayımlamaqla 90 milyonluq tamaşaçı auditoriyasına sahib olub. Müsahibədən öyrənirik ki, telekanalın onurğa sütununu sovet dönəmində "Mərkəzi Televiziya" adlandırılan tele-kanalın ədəbi-dram və kino redaksiyalarının püxtələşmiş televizionçularının peşəkarlığı təşkil edir...
   

Həftə içi.- 2007.- 20 noyabr.- S. 8.