Qocayeva A.

 

Döyüşən teatr inkişaf mərhələsində

Akademik Milli Teatrın səhnəsində onlarla obrazlar yaratmış görkəmli sənətkarımız, Dövlət mükafatları laureatı, xalq artisti Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını (BBT) yaradıcısıdır. A. Pənahova Azərbaycan və dünya klassiklərinin əsərlərində müxtəlif rollar yaradıb, teatr və televiziya rejissoru kimi də nailiyyətləri danılmazdır, 3 kitab və 50-dən artıq monoqrafiyanın müəllifidir. BBT və Amaliya xanım haqqında 5 kitab yazılmış, teatrın hazırladığı tamaşalar və ayrı-ayrı aktyorlar haqqında yüzlərlə resenziya və məqalə çap olunmuşdur. BBT Azərbaycan teatr mədəniyyətini Türkiyə, İran, Rusiya, Almaniya, Yunanıstan kimi ölkələrdə dəfələrlə təmsil edərək Beynəlxalq Teatr Festivalının qalibi və mükafatçısı olub.
A.Pənahovanın bədii rəhbəri və direktoru olduğu BBT yarandığı vaxtdan daim ön cəbhədə olaraq “Döyüşən teatr” adını qazanmışdır. Ətraflı məlumat almaq məqsədilə professor Amaliya Pənahova ilə həmsöhbət olduq.
- Ömrünüzün 43 ilini sənətə həsr etmiş bir aktrisa kimi “teatr” və “artist” sözlərini eşidəndə hansı hissləri keçirirsiniz?
- Daxilimdə bir çırpıntı hiss edirəm. Aktyor sənəti ülvi və müqəddəs bir sənətdir. Teatr sənət evidir, sənətkarlar məskənidir.
- Teatrınızın 15 illik fəaliyyətinin ən yaddaqalan məqamları ilə bağlı məlumat verməyinizi istərdik.
- Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, teatrımızın hər günü, hər ayı və hər ili əlamətdar hadisələrlə zəngin olub. İlk tamaşamız olan J. Anuyun “Medeya” əsərindən başlamış hələlik sonuncu olan “Daşa dönmüş ürəklər” tamaşasına qədər hər bir səhnə yaradıcılığımız yüksək səviyyədə, anşlaqla keçib. Teatr yaranandan cəmi 3 ay sonra Qazax-Ağstafa bölgəsində əsgərlər qarşısında çıxışlar edərək Bakıdan onlara salamlar apardıq və bununla arxalarında möhkəm dayandığımızı bildirdik. Göstərdiyimiz hər bir tamaşa, o cümlədən mübarizliyə, vətənpərvərliyə səsləyən “Tomris” və “Vətənə igidlər gərəkdir” tamaşaları bütün cəbhə boyu əsgərlərə ruh verərək ayağa qaldırmışdı.
- Belə görüşlərin birində hətta bombardmana da məruz qaldınız?
- Bəli, teatr kollektivimiz böyük fədakarlıqlar göstərərək güllə yağışı altında əsgərlər qarşısında çıxışlar edir, hospitallarda yaralılara qan verir, onlara mənəvi dayaq olurdu. Bir dəfə Füzuli rayonunun Balabəhmənli kəndində əsgərlər qarşısında çıxış etdiyimiz vaxt bombardmana düşdük. Bununla teatrımız - “Döyüşən teatr” adını qazandı. Əsgər tamaşaçılarımız tərəfindən bizə verilən bu adı şərəf hesab edirik.
- Amaliya xanım, 1992-ci ildə Azərbaycanda “bələdiyyə” sözü işlənmədiyi halda bu teatrın adını necə qoymuşdunuz?
- 1990-cı ildə ulu öndərimiz Heydər Əliyev Naxçıvana qayıtmışdı. Mən və yoldaşım, radionun diktoru Yusif Muxtarov Naxçıvanın mədəniyyət naziri Fəttah Heydərovla birlikdə Heydər Əliyevin görüşünə getdik və o, bizim vəziyyətimizlə maraqlandı. Mən teatrların bağlanması ilə bağlı giley-güzar etdim. Mədəniyyətimizin qayğıkeşi belə şəraitdə bizə yeni teatr yaratmağı təklif etdi. İstanbulun Bələdiyyə Teatrının rəhbəri ilə tanış oldum və onun gördüyü işlər çox xoşuma gəldi. Beləliklə, Heydər Əliyevin təklifi ilə yaratdığımız teatrı “Bələdiyyə Teatrı” adlandırdıq və bir neçə ildən sonra respublikamızda bələdiyyələrin yaradılması ideyamızın doğruluğunu təsdiq etdi.
- İllər ötdükcə repertuarınız klassik və tarixi əsərlərlə zənginləşdi...
- Doğrudur, tamaşaçılarımızı daim klassik, tarixi və müasir dövrlə səsləşən tamaşalarla sevindirməyə çalışmışıq. Televiziyanın istedadlı rejissoru Hafiz Fətullayev C. Cabbarlının 100 illik yubileyinə dövlət sifarişi olan “Dönüş”, Oruc Qurbanov C. Məmmədquluzadənin “Ölülər”, Sofoklın “Elektra”, N. Hikmətin 100 illik yubileyinə “Domokl qılıncı”, mənim rejissorluğumla Dədə Qorqudun 1300 illik yubileyinə “Dəli Domrul”, N. Rəfibəylinin “Məhsəti”, A. Qurbaninin “Türk sancağı” və digər tamaşaları hazırlayaraq tamaşaçıların ixtiyarına vermişik. Qarşıdakı yubileyimizə mənim quruluşumda H. Cavidin “İblis” əsəri ilə gedəcəyik. Repertuarımızın zənginliyinə daim diqqət yetiririk.
- Bələdiyyə teatrı Azərbaycanda yeganə teatrdır ki, yaşlı, orta və gənc nəsil aktyorları özündə birləşdirir. Buna necə nail olmusunuz?
- Teatrı yaradarkən mərhum sənətkarlarımız Məhluqə Sadıqova, Sofa Bəsirzadə, Muxtar Afşarov, Mirvari Novruzova, Firudin Mehdiyev və digərləri ilə yanaşı, orta nəslə mənsub, Azad Şükürov, Kazım Abdullayev, Esmiralda Şahbazova, Firəngiz Babayeva, Şahzadə Babayeva, Aydın Əliyev, Vaqif Əliyev, Tofiq Bayramov, Rafiq İbrahimov, Əfqan Soltanov, Mahirə Yaqubova, Gülsabah Quliyeva, Arzu Hüseynov kimi aktyorları da teatra dəvət etdik. Eyni zamanda, gənc və istedadlı aktyor nəslinə mənsub Əhməd Salahov, Zemfira Səidi, Elxan Rzayev, Xəyalə Balayeva, Arzu Şuşanova , İlqar Musayev, Tural Ağayev, İlahə Həsənova kimi gələcəyinə ümid bəslədiyim tələbələrim bu məbədə üz tutdular. Teatrın bugünkü truppası məni qane edir. Daim gözüm istedadlar axtarır.
Teatr yarandığı gündən bütün bu işləri uzun illər respublika radiosunun aparıcı diktoru olmuş, teatrın sərəncamçı direktoru, xalq artisti Yusif Muxtarovla birlikdə həyata keçirmişik.
- Teatrınız dəfələrlə qastrol səfərlərində olaraq müxtəlif mükafatlara layiq görülüb...
- Respublikamızın bütün bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında tamaşalarımızı anşlaqla nümayiş etdirmişik. Qardaş Türkiyədə dəfələrlə səfərdə olmuş, Türkiyə Hərbi Akademiyasının “Qızıl ödül”ünə, İstanbul Böyükşəhər Bələdiyyəsinin fəxri fərmanına, 20-dən artıq “Şah Xətai” fəxri fərmanına və bir sıra mükafatlara layiq görülmüşük. İrana qastrolumuz zamanı I Beynəlxalq Komedi Festivalında və Beynəlxalq Teatr Festivalında iştirak edərək diplom və mükafatlara layiq görülmüşük. Bu il qonşu Gürcüstana səfərimiz əlamətdar hadisəyə çevrildi. 23 ildən artıq idi ki, Azərbaycanın dövlət teatrları bu ölkəyə səfər etmirdilər.

İki sahil.- 2007.- 14 noyabr.- S. 8.