Əliyev Ə.
Terri Devis:
Azərbaycanın zəngin mədəniyyətindən
həmişə məmnunluq duyuram
Bu fikri Avropa
Şurasının baş katibi Terri Devis rəhbərlik etdiyi
qurumun nəzdində fəaliyyət göstərən “Avropa
Şurası qadınlarının dostluğu”
cəmiyyətinin təşəbbüsü ilə
“Həmrəylik günü” devizi altında keçirilmiş
ənənəvi yarmarkada demişdir.
Avropa Şurasının
iqamətgahında keçirilmiş
yarmarkada Türkiyə,
Bolqarıstan, Rumıniya,
Ukrayna, Almaniya və digər ölkələrlə yanaşı,
Azərbaycanın da zəngin mətbəxinə,
mədəniyyətinə, tarixinə həsr olunmuş guşə var idi. Burada
təqdim olunan paxlava, şəkərbura
və digər şirniyyat növləri,
nəfis şəkildə
toxunmuş kiçik xalçalar, musiqilərimizin
yazıldığı disklər,
müxtəlif içkilər,
suvenirlər və digər əşyalar tamaşaçılarda böyük
maraq doğurmuşdu.
Avropa Şurasının baş
katibi Terri Devis belə tədbirlərin xeyriyyəçilik
baxımından mühüm
hadisə olduğunu vurğulamış, yarmarkada
satış zamanı
əldə edilən vəsaitin üzv ölkələrdə ehtiyacı
olan şəxslərlə
bağlı layihələrin
həyata keçirilməsinə
yönəldildiyini bildirmişdir.
Baş katib Azərbaycan guşəsindən
heyranlığını gizlətməmiş,
ölkəmizin zəngin
mədəniyyətindən həmişə böyük
məmnunluq duyduğunu
söyləmiş, nümayəndəliyimizin
rəhbərinə minnətdarlığını
bildirmişdir. O, Azərbaycan
qadınlarının milli
geyim nümunələrini
də yüksək qiymətləndirmişdir.
Avropa Şurası Nazirlər Komitəsinin AQO qrupunun rəhbəri Per Syirgen Azərbaycan guşəsi ilə tanışlıqdan xüsusi
zövq aldığını,
zərif naxışlarla
toxunmuş xalçalarımızla
artıq tanış olduğunu, milli mətbəx nümunələrinin
və qədim qadın geyiminin onda xüsusi təəssürat oyatdığını, bütün
bunların Azərbaycan
mədəniyyətinin qədim
tarixini və zənginliyini göstərdiyini
bildirmişdir.
Cəmiyyətin sədri xanım
Bernadett Villiger ölkəmizə məxsus
guşənin zövqlə
və gözəl hazırlandığını, Azərbaycanın bu ənənəvi tədbirdə
həmişə yüksək
səviyyədə iştirak
etdiyini, dadlı milli şirniyyatların, xalça nümunələrinin
heyranlıq doğurduğunu
bildirmişdir. O, Azərbaycan nümayəndəliyinin
ölkəmizin təbliği
sahəsində səylərini
yüksək qiymətləndirmiş,
belə tədbirlərdə
əldə edilən vəsaitin həm də Azərbaycanda ehtiyacı olan şəxslərlə bağlı
layihələrin maliyyələşdirilməsinə
yönəldildiyini söyləmişdir.
Azərbaycanın Avropa Şurası
yanındakı daimi nümayəndəliyinin rəhbəri,
səfir Arif Məmmədov guşədə
nümayiş etdirilmiş
milli mətbəx nümunələrimizin, hədiyyələrin
və digər eksponatların avropalılarda
xüsusi maraq doğurduğunu, 3-4 il öncə xalqımızın
tarixini, mədəniyyətini, incəsənətini
əks etdirən hədiyyələri tapmağın
bir problem olduğunu, amma hazırda bu istiqamətdə böyük
işlər görüldüyünü
bildirmişdir. O demişdir
ki, ölkəmizin təbliği sahəsində
belə tədbirlərdə
iştirakın böyük
rolu var və bu iş
gələcəkdə də
davam etdiriləcəkdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi
ilə bağlı silsilə tədbirlər də nəzərdə tutulmuşdur.
Yarmarkada əldə olunmuş vəsait əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın
və məcburi köçkünlərə yardım
məqsədi ilə yaradılmış fondlara
köçürülmüşdür.
Xalq qəzeti.- 2007.- 28 noyabr.- S. 3.