Məhəbbətoğlu Q.

 

 

“Hər bir sənət adamı səhnəyə öz mədəniyyətini gətirir”

İlham Namiq Kamal... Valideynləri onu müəllim, prokuror kimi görmək istəyiblər.

Lakin o, ürəyinin hökmü ilə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram-kino aktyorluğu fakültəsinə üz tutub. Elə qəbul imtahanında tanınmış sənət adamı Adil İsgəndərov: “Get, qadam, Allah köməyin olsun!” sözləri ilə İlham Əhmədova (o, əvvəllər bu soyadla tanınırdı) öz xeyir-duasını verib. Sonradan tale elə gətirib ki, İlham Namiq Kamal bu ustadla birgə “Azərbaycanfilm”də çalışıb. Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Milli Dram Teatrına gələn aktyor bu sənət məbədində 17 il fəaliyyət göstərib. Daha sonra isə Dövlət Gənclər Teatrına üz tutub. Burada çalışmaqla yanaşı, özünün “İlham” Miniatür Teatrını təsis edib. İki ilə yaxındır ki, Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor-rejissor statusundadır. 

- Musiqili Komediya Teatrına tanınmış sənət adamı, dostum Hacıbaba Bağırovun (Allah ona qəni-qəni rəhmət eləsin) dəvəti ilə gəldim. Onu da qeyd edim ki, o zaman o, mənimlə Mədəniyyət və İncəsənət Universitetində eyni kafedrada işləyirdi. Bir gün Hacıbaba müəllim mənə dedi ki, başqa teatrlarda  rollar oynayırsan, amma “Muzkomediya”ya gəlmirsən, halbuki bura sənin öz doğma teatrındır. Gəl, burada işlə. Uzun sözün qısası, onun, necə deyərlər, dırnaqarası tənbehindən sonra bu teatr məbədində Aqşin Babayev və Oqtay Rəcəbovun “Şeytanın yubileyi” tamaşasına quruluş verdim. Bu səhnə əsərində mən həm də baş rolu - Meydanı oynayıram. Daha sonra Marat Haqverdiyev və Ramiz Mirişlinin “Qısqanc ürəklər”ində rol aldım. İndi də Tamara Vəliyevanın və Faiq Sücəddinovun “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç rolu üzərində işləyirəm. Həmin tamaşanın ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. Bundan sonra isə Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən”inə səhnə həyatı verəcəyəm.

- Musiqili Komediya Teatrına uyğunlaşmaq sizin üçün çətin olmadı ki? Axı bu sənət ocağında səs, rəqs də tələb olunur.
- Yox. Mən 1990-91-ci illərdə bu teatrın səhnəsində “Sevgilimin anası”, “Elbrus evlənir”, “Qarğa, məndə qoz var” tamaşalarında oynamışdım. Yəni buranın ab-havası, Hacıbaba müəllim demişkən, mənim üçün doğma idi. O ki, qaldı səsə, rəqsə... Hər halda, səsdə çoxillik səhnə təcrübəm öz sözünü dedi. Belə ki, Milli Dram Teatrının səhnəsində oynadığım rollara aid mahnıları özüm ifa edirdim. Eyni zamanda onu da deyim ki, “İlham” teatrında da musiqili tamaşalar hazırlamağım bu prosesdə əlimdən tutdu. Vaxtilə rəqslə məşğul olmağım isə məni bu problemlə qarşılaşmağıma imkan vermədi.

- Yəni bu teatrın, necə deyərlər, mətbəxinə bələdliyiniz, eyni zamanda peşəkarlığınız sizi burada heç bir çətinliklə qarşılaşdırmadı...
- Elədir, unutmayın ki, peşəkar aktyor üçün bu və ya digər teatr səhnəsinin o qədər də fərqi yoxdur.

Heç bir rolun həsrətində olmamışam

- İndiyədək müxtəlif teatrların səhnələrində onlarla yaddaqalan rol oynamısınız. Gözünüz qalan rol olubmu?
- Xeyr. Səmimi deyirəm, indiyədək heç bir rolun həsrətində olmamışam. Bu mənada mən bu   ya digər rolun həsrəti ilə yaşayan aktyorlardan deyiləm. Bir ürəyimdə o rahatlıq var ki, tanınmış rejissorlar hansı teatrda çalışmalarından asılı olmayaraq, onların tamaşalarında müxtəlif səpkili rollar ifa etmişəm.

- Hər bir sənət adamının yaradıcılığının müəyyən mərhələləri olur. Bu mərhələlərdən hansı sizin üçün daha önəmlidir? yaxud  əgər indiyədək oynadığınız rolların kolleksiyasını toplamaq mümkün olsaydı, hansı rola üstünlük verərdiniz?
- Hər mərhələ mənim üçün əzizdir. O cümlədən hər rol da mənə doğmadır.

- İndiyədək İlham Əhmədovun aktyorluq imkanları nəzərə alınmaqla onun üçün məxsusi rol yazılıbmı?
- Bilirsinizmi, mənim fikrimcə, hər bir yazar hadisəni, vəziyyəti yazmalıdır. Rol bölgüsü rejissora məxsusdur. Yəni aktyorun imkanlarını rejissor yazardan daha yaxşı görür. Doğrudur, əvvəllər belə bir ənənə olub. Lakin unutmayaq ki, hazırda bu ya digər teatrın, eləcə aktyorun məharətinə bələd olan elə bir güclü yazarımız yoxdur.

- Heç həyatda aktyorluq məharətinizdən istifadə etmisinizmi?
- Mən yalnız səhnədə aktyoram, həyatda isə çox ciddiyəm.

- SizQayınana”, “Bəyin oğurlanması”, “Qəribə adam başqa filmlərdə yaddaqalan rollar yaratmısınız. Mozalan”da isə, səhv etmirəmsə, 50-dək obraz ifa etmisiniz. Son illər çəkilişlərin olmaması sizi narahat etmir?
- Mənim üçün əsas teatrdır. Bir unutmayın ki, kino, radio, televiziya onun budaqlarıdır. Onu da deyim ki, son illər çəkildiyim kommersiya xarakterli filmdə (söhbət “Adam olfilminin birinci hissəsindən gedir) mənə tapşırılan rolu aktyorluq məktəbinə xələl gətirmədən oynamağa çalışmışam. İşimin çoxluğu ilə əlaqədar həmin filmin sonrakı seriyalarına çəkilmədim.

İlhamBərdədə olub

- İlham müəllim, bəs təşkil etdiyinizİlhamMiniatür Teatrında vəziyyət necədir?
- Bildiyiniz kimi, 1994-cü ildənİlhamMiniatür Teatrı Gənc Tamaşaçılar Teatrının binasında fəaliyyət göstərir. İndi həmin binada təmir aparılır. Belə bir vəziyyətdə kollektivimiz səyyar tamaşalarla çıxış edir. Yeri gəlmişkən, onu da deyim ki, bu yaxınlardaİlhamBərdədə olub.

- Özəl teatrı yaşatmaq çətin deyil?
- Təbii ki, çətindir. Ən əsası binasızlıq. Buna rəğmən, teatrımızı imkan daxilində tanıtmağa cəhd etmişik. Onu da deyim ki, bu gün teatrımızın repertuarında otuzdan çox tamaşa var. 

Kifayət qədər işim var

- Hazırda bəzi aktyorlar televiziya kanallarındakı müxtəlif səpkili verilişlərdə aparıcılığa meyil edirlər. Sizə belə bir təklif olunubmu?
- Mənə belə bir təklif olunmayıb. Sözün düzü, heç bu işə marağım da olmayıb. Bir mənim kifayət qədər işim var da... Yəni mən həm Musiqili Komediya Teatrında, həm Mədəniyyət İnsənət Universitetində çalışıram. Üstəlik, “İlhamMiniatür Teatrında da...

- Bir aktyor, pedaqoq kimi bugünkü gənclərin səviyyəsi sizi qane edirmi?
- Mənə elə gəlir ki, bu sahəyə meyil edən indiki gənclərdə bacarıq yetərincə deyil. Amma əvvəllər belə deyildi. Yeri gəlmişkən, onu da deyim ki, bunun kökünü qəbul prosesində axtarmaq daha doğru olardı. Yəni bizdə belədir ki, bir qisim ali məktəbə, o cümlədən Mədəniyyət İncəsənət Universitetinə daxil olmaq istəyənlər əvvəl qabiliyyət imtahanı verirlər, sonra isə test. Nəticədə, qabiliyyət imtahanından keçənlərin əksəriyyəti bu sənətə qovuşa bilmir. Zənnimcə, bu kimi halların qarşısını almaq məqsədilə Türkiyənin təcrübəsindən yararlanmağın vaxtı çatıb. Bildiyiniz kimi, Türkiyədə əvvəlcə test, sonra isə qabiliuyyət imtahanı tətbiq olunur.

- Bununla bağlı etiraz səsinizi ucaltmısınızmı?
- Əlbəttə. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da bu barədə məlumatlandırılıb. Ümid edirəm ki, vaxtsa bu məsələ öz həllini tapacaq.

- Amma bu heç də o demək deyil ki, bizdə istedadlı aktyorlar yetişmir.
- Elədir. Son bir ildə Musiqili Komediya Teatrına çox maraqlı aktyorlar gəliblər. Ramil Qasımov, Miriş Hüseynov, Gülnarə Əzizova, Gültaç Həsənova... Zənnimcə, onlar teatr aləmində öz sözlərini deyə biləcəklər. Onu da deyim ki, teatrımızın rəhbərliyi də istedadlı  gənclərə qayğı ilə yanaşır. Çünki rəhbərlik yaxşı dərk edir ki, gənclik haradadırsa, teatr da oradadır. Teatrın  75%-ni  gənclər təşkil etməlidir. Teatrın əsas yükü onların  çiynində olmalıdır. Bir sözlə, teatr gəncliyi, emosiyanı, plastikanı sevir. Bütün bunlar da gəncliyin üzərində qurulub. Onları qorumaq, yetişdirmək lazımdır. Onu da deyim ki, mən bu sözlərlə orta, yaxud yaşlı nəslə mənsub aktyorların fəaliyyətinə heç də kölgə salmaq niyyətində deyiləm.

- Bu prosesdə sizin rolunuz?
- Heç kim sənətkar, o cümlədən aktyor kimi dünyaya gəlmir. Yəni sənətkar sonradan öz üzərində işləməklə, eləcə də ustadlarının keçdikləri yola bələd olmaqla sənətin incəliklərinə yiyələnir. Vaxtilə müəllimlərim - Adil İsgəndərov, Rza Təhmasib, eləcə də Milli Dram Teatrında 15 il birgə çalışdığım rejissor Tofiq Kazımov bu sənətin sirlərini mənə əxz ediblər. Bu gün mən də onlardan öyrəndiklərimi, əldə etdiyim təcrübəmi gənclərə məmnuniyyətlə aşılayıram. Etiraf edim ki, məndə formalaşmış bu xüsusiyyətə görə də elə adlarını çəkdiyim müəllimlərimə minnətdaram.

“Aktyorluq əsəb üstündə qurulmuş sənətdir”

- İlham müəllim, sizin fikrinizcə, aktyorluğun digər sənətlərdən fərqi nədir?
- Cilddən-cildə girmək qabiliyyəti sizə heç də asan gəlməsin. Təbii ki, bu, ilk növbədə, sənət adamından bilik, bacarıq, eyni zamanda mədəniyyət, yüksək intellekt, üstəlik, enerji də tələb edir. Saydığım keyfiyyətləri özündə əxz edən bir aktyorun hansısa tamaşada, yaxud məşq prosesində nəyi isə itirməməsinə inanmıram. Yəni tamaşada oynayan səviyyəli aktyorun ya təzyiqi qalxır, ya ürəyində bir problem yaranır. Bu mənada aktyorluq əsəb üstündə qurulmuş sənətdir desəm, yanılmaram. Bütün bunlarla yanaşı, onu da bildirim ki, aktyorluq həm də qüdrətli sənətdir.

- İlham müəllim, bu sualı təsadüfi vermədim. Son vaxtlar televiziya ekranlarında sizin sadaladığınız keyfiyyətləri özündə əxz etməyən aktyorlar peyda olublar...
- Peşəkar olmadıqlarına görə elələrinə qiymət verməyə çalışmayacağam. Heç elələrinin tamaşalarını da izləmirəm. Yeri gəlmişkən, bir də unutmayın ki, şou-biznes başqa, teatr başqa. Yəni şou-bizneslə bu sənət bir tərəziyə sığmır. Amma bu sualınıza Tofiq Kazımovun bir fikri ilə aydınlıq gətirmək istərdim. O deyirdi ki, bir var gülməli adamlar, bir də var gülüş yaradan sənətkarlar. Başqa sözlə, bir var bazar adamının obrazını bazar təbiətli adam oynasın, bir də var həqiqi aktyor. Məncə, tamaşaçı üçün həqiqi aktyorun o rolu oynaması daha maraqlıdır. Bir də unutmayaq ki, hər bir sənət adamı səhnəyə öz mədəniyyətini gətirir.

- İlham müəllim, söhbətimizin sonunda sizin soyadınızla bağlı sual vermək istəyirəm.
- Aydındır, mənim babam Ağacəfər kişi türk şairi Namiq Kamalın vurğunu olub. Elə bu səbəbdən də öz oğluna - mənim atama onun adını verib.

Zaman.- 2007.- 13-14 noyabr.- S. 5.