Məhərrəmova
T.
Nazirliyin
diqqətindən kənarda qalmışam
Rəqqas Şəhriyar
Cəfərov bu qurumdan o qədər rəncidədir ki,
hətta beynəlxalq festivaldakı uğuru barədə onlara
məlumat verməyə də lüzum görməyib
Hal-hazırda müstəqil
rəqqas kimi fəaliyyət göstərməsini
yaradıcılıq fəaliyyətinə yönəlik
maneələrlə əlaqələndirir. Gənc rəqqas
Şəhriyar Cəfərov müxtəlif peşəkar
səhnələrdə çıxış etməsinə
baxmayaraq, bu gün işsiz qalmasından gileylənir. Arzusu
yenidən peşəkar səhnədə
çalışmaq, Vətəninin adına uğurlar yazmaqdır.
Amma... Maneələr tükənmir ki, tükənmir.
- Necə oldu ki, Mahmud Esembayevin
tələbəsi oldunuz?
- Anam Təhsil
Nazirliyinin işçisi kimi Moskvaya
təkmilləşdirmə kursuna göndərilmişdi. O,
məni Moskvada rəqs məktəbinə yazdırdı.
Mahmud Esembayevin sinfində məşq etmək mənə
qismət oldu. Bir il dörd ay ondan rəqs sənətinin
sirlərini öyrəndim. Bir rəqqas kimi təməlimin
qoyulmasında Mahmud müəllimin böyük xidməti oldu.
Onun dərs dediyi tələbələr arasında yeganə
qafqazlı olduğumdan o, məni "qafqazlı"- deyə
çağırırdı. Mahmud müəllim anama
məsləhət gördü ki, "bu, çox istedadlı
uşaqdır, qoy o, Bakıda xoreqrafiya məktəbində
oxusun". Mən də Bakıya qayıdandan sonra Xoreqrafiya
Məktəbinə qəbul olundum. Xoreoqrafiya Məktəbini
bitirdikdən sonra Mədəniyyət və
İncəsənət Universitetinin dram-kino aktyorluğu
fakültəsində oxudum.
- Bəs baleron kimi
sənətinizdən istifadə etmədiniz?
- Xoreqrafiya
Məktəbini bitirəndən sonra təyinatla məni Opera
və Balet Teatrına göndərdilər. Mən də
həmin ərəfədə institutun qiyabi
şöbəsinə daxil oldum. 1999-cu ilə qədər
Opera Teatrında solist vəzifəsində
çalışdım. Ancaq bəzi problemlər
yarandığından bu teatrdan uzaqlaşıb
işləmək üçün Türkiyəyə getdim.
İki il Atatürk Kültür Mərkəzində -
İstanbul Opera və Balet Teatrında işlədim. Bakıya
qayıdından sonra ikinci dəfə İncəsənət
Universitetinin xoreqrafiya şöbəsinə daxil oldum və
keçən il xoreqrafiya üzrə ali təhsilimi başa
çatdırdım. Hal-hazırda İncəsənət
Gimnaziyasında dərs deyirəm.
- Xoreqrafiya məktəbini
qurtarıb birbaşa peşəkar səhnəyə
qədəm qoyanda sizə hansısa tamaşalarda rol verildimi?
Yoxsa ikinci planda qaldınız?
- Hələ
Xoreqrafiya Məktəbinin üçüncü kursunda
oxuyarkən təcrübələr keçmək
üçün teatra gedib tamaşalarda iştirak edirdim.
Müxtəlif tamaşalarda solo rəqslərim olurdu.
Təyinatla teatra gələndən sonra isə "Min bir
gecə", "Qu gölü", "Romeo və
Cülyetta", "Şelkunçik", "Əlibaba
və 40 quldur", "Qız Qalası"
baletlərində, "Karmen" operasında aparıcı
rollar ifa etmişəm. Demək olar ki, teatrda tamaşaya qoyulan
bütün əsərlərdə solo rəqslərim olurdu.
Paralel olaraq rəhmətlik Hacıbaba Bağırovun
təşəbbüsü ilə Musiqili Komediya
Teatının balet truppasında
məşqçi-müəllim kimi çalışmışam.
İlk dəfə olaraq o teatrda baletmeystr kimi rəqslər
qururdum.
- Əgər Opera Teatrının
əksər tamaşalarında sizə kifayət qədər
rollar həvalə olunurdusa, bu səhnədən niyə
uzaqlaşdınız?
- Teatr rəhbərliyi ilə bəzi
problemlərim yarandı. Əsasən rol
bölgüsü ürəyimcə olmurdu. Həmin ərəfədə sanki milli kadrları
sıxışdırırdılar. Rus
truppasının rəhbərliyi öz millətlərinə
daha çox üstünlük verirdi. Mən
də belə münasibəti görəndən sonra teatrdan
uzaqlaşaraq "Cəngi" ansamblında işlədim.
Həmin ansamblda milli rəqslər qururdum.
Bu ansambla məşqə gəldiyim zaman
Əməkdar artist Xanlar Bəşirovdan dərs aldım.
- Opera teatrı
ilə Musiqili Komediya Teatrındakı vəzifələrin
arasında fərq çox idimi?
- Təbii ki. Opera
Teatrında peşəkar balet tamaşaları
oynanılır. Musiqli Komediya Teatrında
isə balet truppası o qədər də aparıcı
funksiya daşımır. Burada
aparıcı qüvvə aktyorlardır. Amma
bununla belə aktyorlarla işləmək həm maraqlı,
həm də məsuliyyətli idi. Bu teatrda dörd il çalışdım.
-
Türkiyəyə gedişinizi "küsüb
getmək" adlandırmaq olar, yoxsa sənətinizi
təkmilləşdirmək məqsədi idi?
- Küsüb getmişdim. Daha doğrusu, gördüm ki, Bakıda mənim
üçün yollar bağlanıb. Opera
və Balet Teatrı Azərbaycanda yeganədir, yəni
çalışmağım üçün ikinci belə
bir teatr yox idi. Mən klassik rəqslər
üzrə ixtisaslaşmışam. Ona
görə də məcbur olub Türkiyəyə
yollandım.
- Türkiyə
səhnəsi yaradıcılığınızda hansı
rolu oynadı? Orada nə qədər
çalışdınız?
- Türkiyədə beş opera və balet teatrı
fəaliyyət göstərir. Oranın
universitetlərində xoreqrafiya şöbələri, balet
truppaları çoxdur. Ancaq
Türkiyədə bəlli bir xoreoqrafiya məktəbi yoxdur.
Hamısı şəxsi studiyalardır. Həmin studiyalara da yalnız xaricdən
müəllimlər dəvət olunur. Ona
görə də Türkiyədə balet sənəti
yaxşı inkişaf edib. İstanbulda
çalışdığım dövrdə
"Xürrəm sultan" baletində sarayın baş
rəqqası obrazı mənə tapşırıldı.
Bu, mənim İstanbul teatrında ilk rolum oldu.
Daha sonra "Çanaqqala" baletində
baş zabiti oynadım. Daha sonra Arif
Məlikovun "Məhəbbət əfsanəsi" baletini
bərpa etdilər. Həmin tamaşada da
mənə rol verdilər. Türkiyədə iki il çalışdıqdan sonra geri
döndüm. Orada müqavilə ilə
işləyirdim. Daha doğrusu, maddi
çətinliklər ucbatından geri qayıtdım.
Buna baxmayaraq,
Türkiyədə uğurlarım çox oldu. İki
dəfə "Şou-TV"də Hülya Avşarın
verilişinin qonağı oldum. O, məni Azərbaycan
sənətçisi kimi təqdim edirdi. Onun
verilişində "Uzundərə" rəqsini ilk
dəfə olaraq duet şəklində ifa etdim. Həmçinin bu rəqsin Qarabağla bağlı
tarixini danışdım. Ancaq Hülya
Avşarın prodüsseri bu çıxışdan sonra daha
məni həmin verilişə dəvət etmədi. Eyni zamanda, Türkiyənin pop-ulduzu Nilufərlə
4-5 konsert işlədim. Onun konsertində
solo rəqsləri ifa edirdim. Hər halda
kiçik də olsa xarici ölkədə bu cür uğurlar
qazanmaq böyük nailiyyətdir.
- Bakıya
qayıdandan sonra yenidən Opera və Balet Tetrının
qapısını döydünüzmü?
- Yox, döymədim. İnanmırdım
ki, onlar məni işə götürərlər. Çünki mən onlardan, onlar da məndən
incimişdi. Ona görə də
solo-karyera ilə məşğul olmağa başladım.
Əlbəttə, oğlan rəqqas
üçün solo-karyera ilə məşğul olmaq
çox çətindir. Televiziya
verilişlərinə çıxdım. 2003-cü
ildə Qırğızıstanda keçirilən
"İssık-kul" beynəlxalq festivalında iştirak
etdim. İnternet vasitəsi ilə belə
bir festivalın keçirildiyini öyrənib
sənədlərimi yolladım və dəvət aldım.
Həmin festivalda öz xərcimlə
çıxış etdim. Qələbə
qazanacağıma inanmasam da, laureat oldum. Onlar
mənə diplomla bərabər Mədəniyyət və Turizm
Nazirliyinə təqdim etmək üçün
laureatlığım barədə arayış da verdilər.
- Həmin
arayışı nazirliyə təqdim etdinizmi?
- Lazım bilmədim... Çünki bu vaxta qədər nazirliyin
diqqətindən kənarda qalmışam. Baxmayaraq ki, ali savadlı xoreoqrafam, ifaçı kimi çoxlu
uğurlarım var. Tez-tez efirdə çıxış
etsəm də hansısa bir teatrda və ya ansamblda
çalışmağım üçün şərait
yaradılmır. Polad Bülbüloğlunun
nazir olduğu dövrdə mənim üçün heç
bir şərait yaradılmadı. Ancaq
ümid edirəm ki, Əbülfəz Qarayevə
özümü tanıtsam, mənimçün hər
hansı bir şəraiti yaradar. Bir də ki, 2007-ci il prezidentin sərəncamı ilə
Gənclər İli elan olunub. Ona görə
də bir gənc olaraq mənə şərait
yaradılacağına ümid edirəm.
- Bu gün
müəllim kimi dərs demək, səhnəyə olan
istəyinizi az da olsa əvəz edirmi?
-
Müəllim olmaq başqa, ifaçı kimi
çalışmaq tamam başqadır. Mən
məcburiyyət qarşısında müəllim
işləyirəm. Ancaq ifaçı kimi çalışmaq
istərdim. Yaş keçib gedir. Bilirsiniz ki, biz
səhnədən təqaüdə tez
çıxırıq. Ona görə də fərdi
məşğul olmağa məcburam. Formada qalmaq
üçün Mahnı və Rəqs Ansamblının,
Müdafiə Nazirliyinin rəqs ansamblının və
"Cəngi" ansamblının məşqlərində
iştirak edirəm. Tez-tez efirə çıxıram. Onu da
deyim ki, şou-biznes dövründə efir səhnəyə
çıxmaqdan daha perspektivlidir.
- Toylara necə gedirsinizmi?
-
"Sərin" restoranlar şəbəkəsinin
peşəkar rəqqasları ilə işləyirəm. Orada
keçirilən müxtəlif məclislərdə,
təqdimatlarda iştirak edirəm. Restoranlarda
işləməyə pis baxmıram. Bütün böyük
sənətkarlar el şənliklərindən
çıxıb.
- Yenidən Türkiyəyə
qayıtmaq planınız yoxdur ki?
- Demək olar
ki, mən hər yay xarici ölkəyə gedirəm.
Keçən yay Müdafiə Nazirliyinin ansamblı ilə
Odessada oldum. Bir ay Odessa Opera və Balet Tetrında
məşqə getdim. Hətta həmin teatrdan orada qalmaq
üçün təklif aldım. Ancaq "orada qalsam
Azərbaycanda unudularam" deyə düşünüb
qayıtdım. Qırğızıstandakı festivalda
çıxış etdiyim zaman Bişkek teatrından da
təklif almışdım. Ancaq mən öz
vətənimdə işləmək, öz görkəmli
rəqqaslarımızın davamçısı olmaq
istəyirəm.
Kaspi.- 2007.- 28 noyabr.- S. 16.