AzərTAc
xəbər verir ki, noyabrın 2-də İstanbul
Böyükşəhər Bələdiyyəsi Teatrı Bakıda,
Dövlət Musiqili Komediya Teatrının
səhnəsində Azərbaycanın xalq
yazıçısı Elçinin "Qatil" pyesi
əsasında səhnələşdirilmiş "Ulduzlar
altında cinayət" tamaşasını
göstərmişdir.
Quruluşçu rejissor, hazırda İstanbul
Böyükşəhər Bələdiyyəsi Teatrında
fəaliyyət göstərən həmyerlimiz Məlahət
Abbasova tamaşadan əvvəl müxbirimizlə
söhbətində demişdir: "Rejissor kimi öz
ölkəmə gəlməyimdən qürur duyuram.
"Ulduzlar altında cinayət" tamaşası ilk
dəfə 2006-cı il noyabrın 1-də İstanbul
səhnəsində oynanılmışdır. Elçin
müəllimin bu əsəri aktyorlarımız
tərəfindən olduqca yüksək
qarşılanmışdır. Mən bu əsəri
yazıçının öz istəyi ilə tamaşaya
qoymuşam və inanıram ki, bütün
teatrsevərlərin ürəyincə olacaqdır".
Tamaşa başlanmazdan qabaq çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Azərbaycan-Türkiyə mədəni əlaqələrinin
çox böyük tarixi olduğunu
xatırlatmışdır. Bildirmişdir ki, ölkəmiz
müstəqillik qazandıqdan sonra bu əlaqələr
yüksək səviyyəyə qalxmışdır.
Azərbaycanın bir çox yazıçı və
dramaturqlarının əsərləri qardaş ölkənin
böyük teatrlarının səhnələrində
nümayiş etdirilmişdir. Hazırda Şəki
Dövlət Dram Teatrı Türkiyədə qastrol
səfərindədir və yaxın vaxtlarda bir çox teatr
truppaları da qardaş ölkədə yeni repertuarları
ilə çıxış edəcəklər.
Baş rollarda Elçin Altındağın (Qadın),
Əmrah Özertemin (Dəliqanlı) oynadığı
tamaşa böyük uğurla keçmişdir.
...Qadın - Elçin Altındağ dünyada baş
verən pisliklərlə barışa bilmir. O, bir
müəllim kimi bütün həyatı boyu halal
yaşamağa üstünlük verir. Amma tale elə
gətirir ki, bu təmiz qəlbli insan özü də
bilmədən aldadılır. Bununla da zavallı qadın
həmişə sevdiyi ulduzların işığı
altında sevdiyi Dəliqanlının qatilinə çevrilir.
Yazıçı onu qatilə çevirməklə heç
də qadınlarda həyata nifrət hissi oyatmır,
əksinə, onları daha da diqqətli, ayıq olmağa,
hər deyilən sözə inanmamağa
çağırır.
Əsər öz dərin psixoloji ovqatı ilə
tamaşaçını ələ almaqla yanaşı,
həm də onları paklığa, bütövlüyə,
düz olmağa səsləyir. Bu ideya tamaşanın da
əsas ana xəttini təşkil edir.
Tamaşada digər rolları Ezgi Sümer Yolcu, Radife
Baltaoğlu və Nevzat Çankara oynamışlar. Tamaşanın
rəssamı isə Əmra Albayrak Şahindir.
Tamaşaçıların gurultulu alqışları
altında hamılıqla səhnəyə qayıdan türk
aktyorlarına gül-çiçək dəstələri
təqdim edildi.
Xalq yazıçısı Elçin, quruluşçu
rejissor Məlahət Abbasova səhnəyə dəvət
olundular. Türkiyənin mədəniyyət və turizm naziri
Ərtuğrul Günayın məktubu oxundu. Məktubda xalq
yazıçısı Elçinin əsərlərinin
Türkiyədə uğurla tamaşaya qoyulduğu, bunun
mədəni əlaqələrin inkişafında
əhəmiyyəti vurğulandı, İstanbul
Teatrının Bakıda çıxışının da
müvəffəqiyyətlə keçəcəyinə
əminlik bildirildi.
İstanbul Teatrı truppasının
çıxışı üçün
yaradılmış şəraitə və
ölkələrimiz arasında mədəni
əlaqələrin daha da genişlənməsinə
dəstəyinə görə nazir Əbülfəs
Qarayevə plaket təqdim olundu.
Ə.Qarayev minnətdarlığını bildirdi və
uğurlu tamaşa münasibətilə qardaş
ölkənin sənətçilərini təbrik etdi.
Azərbaycan.- 2007.- 3 noyabr.- S. 6.