Qətər Əmirinin xanımı: Azərbaycan xalçaçılıq sənətinin gözəlliyi və zənginliyi məni heyran qoydu

 

Azərbaycan xalçalarının Qətərdə satış-sərgisi təşkil ediləcəkdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd noyabrın 1-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.
Hörmətli qonaqlar burada səmimiyyətlə, gül-çiçəklə qarşılandılar.
Məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Hörmətli xanımlar boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Qətər Əmirinin xanımı 2 ay əvvəl toxunuşuna başlanan, dünyanın 8-ci möcüzəsi sayılan "Şeyx Səfi" xalısına bir neçə ilmə də vurdu. Mehriban xanım isə burada xalça ustalarından bu sənətin sirlərini səylə öyrənən, özü də xalçaçı ailəsində dünyaya göz açan, ailə ənənəsini həvəslə davam etdirəcəyini deyən 7 yaşlı Fatimə ilə səmimi söhbət etdi.
Mehriban xanım Əliyevanın və Şeyxa Moza bint Nasir əl-Misnədin qayğıkeşliyi, səmimiyyəti xalçaçı qızlarda xoş ovqat yaratdı. Azərbaycanın birinci xanımı və Qətər Əmirinin xanımı xalçaçı qızlara işlərində uğurlar arzuladılar.
Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd xatirə kitabına yazdığı ürək sözlərində də Azərbaycan xalçalarının gözəlliyinə heyran olduğunu, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, xalça muzeyindən zəngin, unudulmaz təəssürat aldığını bildirdi. Təzəcə toxunub "Azərbaycan xalçası qalereyası"nda nümayiş etdirilən "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı-xəritəsi də yüksək bədii tərtibatı ilə qonaqları məftun etdi.
Mehriban xanım Qətər Əmirinin xanımına bildirdi ki, bu gün dünyanın müxtəlif ölkələrinin muzeylərində digər xalqların əl işi kimi nümayiş etdirilən xalçaların da böyük əksəriyyəti məhz azərbaycanlı sənətkarlar tərəfindən toxunmuşdur.
Xanım Şeyxa Moza bint Nasir əl-Misnəd müəssisənin rəhbəri Vidadi Muradova yaxın zamanlarda Qətərdə Azərbaycan xalçalarının satış-sərgisinin təşkil edilməsi barədə təklif verdi. Bu təklif məmnunluqla qəbul edildi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva xalçaçı qızlarla xatirə şəkli çəkdirdilər.

 

Azərbaycan.- 2007.- 2 noyabr.- S. 2.