Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu

 

Üç gün davam edən konfransda Azərbaycan və Macarıstanın aparıcı alimlərinin 42 məruzəsi dinlənilmişdi

 

Budapeştdə "Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu" II beynəlxalq elmi konfransı başa çatmışdır. Konfransı Azərbaycan səfirliyi, Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutu, Etveş Lorand və Karoli Qaspar adına universitetlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etmişdir.

Tədbirdə Macarıstanın dövlət strukturlarının, parlamentinin, elmi dairələrinin nümayəndələri, aparıcı universitetlərin professor-müəllim heyəti və tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər. Üç gün davam edən konfransda Azərbaycanın və Macarıstanın aparıcı alimlərinin 42 məruzəsi dinlənilmişdir. Məruzələr tarix və etnologiya, ədəbiyyat və linqvistika, iqtisadiyyat və siyasət məsələlərinə həsr olunmuşdur.

Bakıdan konfransda iştirak etmək üçun gələn nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Tarix institutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA Arxeologiya və Etnoqrafiya institutunun direktoru tarix elmləri doktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü İlyas Babayev daxildir.

Budapeştə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Macarıstan Elmlər Akademiyası Etnologiya institutunun direktoru Mixay Xoppol, Etveş Lorand Universitetinin rektoru, professor Ferents Xudes və Karoli Qaspar Universitetinin rektoru, professor Ferents Syuç, habelə, akademiklər Derdem Xazai və Balint Çanad ilə görüşmüşlər. Görüşlərdə alimlərin ikitərəfli əməkdaşlığı, o cümlədən, birgə tədqiqatların aparılması, aspirant mübadiləsi, hər iki ölkədə arxiv mənbələrinin sərgilərinin keçirilməsi barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov görüşlərdə iştirak etmişdir.

Konfrans Macarıstanın təkcə elmi dairələrinin deyil, bütövlükdə ölkə ictimaiyyətinin ən müxtəlif sahələrdə ikitərəfli əlaqələrin qurulmasına marağının artmasını nümayiş etdirmişdir. Azərbaycanın Budapeştdəki səfirliyi və Macarıstan Elmlər Akademiyası Etnologiya institutunun direktoru Mixay Xoppol əməkdaşlığa dair beynəlxalq konfransların keçirilməsi üçün komitə yaradılması təşəbbüsünü irəli sürmüşdür. Macarıstanın aparıcı telekanalları - MTV dövlət kanalı, Duna TV səfir Həsən Həsənovdan müsahibə almışdır. "Nepszabadsaq", "Nepszava" və "Madyar Nemzeti" kimi nüfuzlu qəzetlər konfrans haqqında informasiyalar dərc etmişdir. Yaxın vaxtlarda "Madyar Nemzeti" qəzetində ölkəmizin səfirinin konfransın yekunlarına və əməkdaşlıq perspektivlərinə həsr olunmuş müsahibəsi dərc olunacaqdır.

 

Səs.- 2007.- 17 noyabr.- S. 12.