Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gül Azərbaycan xalçaçılıq sənəti ilə tanış olmuşdur

 

Türkiyə Respublikasının Prezidentinin xanımı Hayrünnisa Gül və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 6-da "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.
Hörmətli qonaqlar burada səmimiyyətlə, gül-çiçəklə qarşılandılar.
Türkiyə Prezidentinin xanımına məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir. Xalı və xalçalarımız indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür.
Dövlət başçılarının xanımları boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Xanım Hayrünnisa Gül toxunuşu davam edən xalıya bir neçə ilmə də vurdu. Mehriban xanım isə burada xalça ustalarından bu sənətin sirlərini səylə öyrənən, özü də xalçaçı ailəsində dünyaya göz açan, ailə ənənəsini həvəslə davam etdirəcəyini deyən 7 yaşlı Fatimə ilə səmimi söhbət etdi. Bu gün Fatimənin həyatında ikiqat bayrama çevrildi. Onun ad gününü Azərbaycanın və Türkiyənin birinci xanımları təbrik etdilər.
Sonra türkiyəli qonaqlar Mehriban xanımın təşəbbüsü ilə yaradılmış qədim xalçaların nümayiş olunduğu sərgiyə baxdılar. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi türkiyəli qonaqlarda böyük maraq oyatdı. Onlar bir daha inandılar ki, Azərbaycan dünyanın xalçaçılıq mərkəzlərindən biridir.
Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gül xatirə kitabına yazdığı ürək sözlərində də Azərbaycan xalçalarının gözəlliyinə heyran olduğunu, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını bildirdi. O, Azərbaycan xalça sənətinin hamisi Mehriban xanım Əliyevanı təbrik etdi.
Sonra dövlət başçılarının xanımları çay süfrəsi arxasında Azərbaycan-Türkiyə mədəni əlaqələrinə dair söhbət etdilər.

 

Azərbaycan.- 2007.- 7 noyabr.- S. 5.