Bakı Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayına hazırdır
AzərTAc
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə noyabrın 17-19-da Bakıda
Türk dövlət və cəmiyyətlərinin XI dostluq,
qardaşlıq və əməkdaşlıq qurultayı
keçiriləcəkdir.
Qurultayın məqsədi türkdilli dövlətlər
və cəmiyyətlərin dostluq, qardaşlıq və
əməkdaşlıq əlaqələrini inkişaf
etdirmək, onlar arasında informasiya mübadiləsini və
onların bir-birini daha yaxından tanımalarını
təmin etmək, türkdilli xalqların zəngin
mədəniyyətlərini təbliğ etmək, iqtisadi
inkişaf sahəsində qarşılıqlı
əməkdaşlığı genişləndirən
tədbirlər görmək və ümumi problemlərin
həlli yollarını birlikdə araşdırmaqdır.
Artıq qurultaya hazırlıq işləri tam başa
çatmışdır. Ümumilikdə, qurultayda 1150
nəfərin iştirakı gözlənilir. XI qurultaya
Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Tacikistan və Monqolustan respublikaları ilə yanaşı,
Rusiya Federasiyasının Altay, Başqırdıstan,
Çuvaşıstan, Dağıstan, Kabarda-Balkar,
Tatarıstan, Qaraçay-Çərkəz
respublikalarından, Krım, Rumıniya, Bolqarıstan, Kosovo
və Yunanıstanda yaşayan türkdilli xalqların
nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz,
Axıska türkləri qatılacaqlar. Amerika, İdil-Ural,
Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk
cəmiyyətlərinin nümayəndələri, deputatlar,
ictimai birliklərin və qeyri-hökumət
təşkilatlarının, xarici ölkələrdə
fəaliyyət göstərən nüfuzlu Azərbaycan
və türk icmalarının rəhbərləri,
tanınmış elm və incəsənət xadimləri,
Türkiyə və Rusiyanın Azərbaycandakı
səfirliklərinin nümayəndələri və KİV
təmsilçiləri də qurultaya dəvət
olunmuşlar.
Dünyanın 30 ölkəsinin təmsilçilərinin
iştirak edəcəyi qurultayın
açılışında Azərbaycan Prezidenti İlham
Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan, Türkmənistan Baş nazirinin müavini,
Şimali Kipr türklərinin lideri, habelə digər
türkdilli dövlətlərin yüksək vəzifəli
dövlət və hökumət nümayəndələri
iştirak edəcəklər. Türkiyənin 9-cu prezidenti
Süleyman Dəmirəl qurultayın yekun iclasına
qatılacaqdır.
Qurultay çərçivəsində noyabrın 18-də
beynəlxalq əlaqələr, media və informasiya
texnologiyaları, iqtisadi, ticarət, maliyyə
əlaqələri və turizm, elm, təhsil və texnologiya,
cəmiyyətin idarə olunması və hüquq, dil və
mədəniyyət, gənclik komissiyalarının
iclasları keçiriləcəkdir.
İclaslarda türkdilli xalqlar arasında elm, texnika,
mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm
və maliyyə sahələrində əməkdaşlıq,
türk dünyasının mədəni irsinin təbliği,
gənclərin qarşısında duran vəzifələr,
onların milli ruhda tərbiyə olunması problemləri,
müasir qloballaşma proseslərinin xalqlarımızın
həyatına təsiri ilə bağlı
məsələlər müzakirə ediləcəkdir. Eyni
zamanda, qurultayda türk dünyasını narahat edən
problemlər, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, İraq və
Əfqanıstanda yaşayan türkdilli xalqların
vəziyyəti, Axıska türklərinin öz tarixi
torpaqlarına qayıdışı sahəsində mövcud
olan çətinliklərlə bağlı fikir
mübadiləsi aparılacaqdır.
Tədbirin sonunda qurultayın yekun hesabatının, habelə
1915-ci il hadisələri ilə əlaqədar qondarma
erməni soyqırımı iddiaları ilə bağlı
bəyanatın qəbul edilməsi gözlənilir.
Türk Dövlət və Cəmiyyətləri Dostluq,
Qardaşlıq və Əməkdaşlıq Vəqfi
(TüDEV) Türk dövlət və cəmiyyətlərinin
dostluq, qardaşlıq və əməkdaşlıq
qurultaylarını 1992-ci ildən keçirir. Əvvəlki
10 qurultayın hamısı Türkiyədə təşkil
olunmuşdur. Ötən ilin sentyabrında Antalyada
keçirilmiş X qurultayda Azərbaycan Prezidenti İlham
Əliyevin təklifi ilə növbəti qurultayın
Bakıda keçirilməsi qərara alınmışdır.
Beləliklə, ilk dəfədir ki, qurultay
Türkiyədən kənarda keçiriləcəkdir.
Azərbaycan.- 2007.-17 noyabr.- S. 3.