Özümüzü kəsən qılınc tamaşası qurultay nümayəndələrində böyük maraq doğurmuşdur

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk dövlət və cəmiyyətlərinin Bakıda keçirilən XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının iştirakçıları noyabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tarixi-faciəvi dramı əsasında hazırlanmış tamaşaya baxmışlar.
Qurultay nümayəndələrinin maraqla izlədikləri tamaşa qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Tamaşada göy türklərin minillik tarixi keçmişindən söhbət açılsa da, B.Vahabzadə əsrləri adlayan hadisələrə yeni təfəkkürlə yanaşaraq, başımıza gələn faciələri və onları doğuran səbəbləri məharətlə açıb göstərə bilmişdir.
Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı, əməkdar rəssam İsmayıl Məmmədov olan tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Rafiq Əzimov, Məleykə Əsədova, əməkdar artistlər Əli Nur, Sabir Məmmədov, Rəşid Səməndər, Telman Əliyev və başqaları ifa etmişlər.
Tamaşa qurultay iştirakçılarında böyük maraq doğurmuşdur.

 

Azərbaycan.- 2007.- 18 noyabr.- S. 5.