Suver A.

 

Dostluq və Qardaşlıq qurultayı

 

Hər bir dövlətin davamlı və sabit inkişafı ona başçılıq edən liderin yeritdiyi siyasətin milli mahiyyətindən asılı olur. Müstəqil Azərbaycan dövləti də məhz qüdrətli liderinin - Prezident İlham Əliyevin ötən 4 ildə uğurla gerçəkləşdirdiyi daxili və xarici siyasət nəticəsində bütövlükdə Güney Qafqaz bölgəsinin öncül dövlətinə çevrilmiş, xüsusən də sosial-iqtisadi sahədə həlledici nailiyyətlərə imza atmışdır. Bölgənin və ümumilikdə Avropanın siyasi taleyinə təsirsiz keçməyən bir sıra nəhəng neft-qaz və kommunikasiya layihələrini qısa zaman kəsiyində gerçəyə çevirən Azərbaycan həm də dünyanın əsas enerji təminatçılarından birinə çevrilmişdir. Kənardan daha qabarıq görünən bu heyrətamiz nəticələr eyni zamanda Azərbaycanın dövlət başçısının xalqın mənafeyi ilə çulğaşan milli siyasət yeritdiyini, xalqına, dövlətinə sıx bağlı olduğunu, çağdaş dünya nizamının tələblərini peşəkarlıqla nəzərə aldığını söyləməyə ciddi əsaslar verir.
Bu uğurlu harmoniya eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmiş, xarici siyasi əlaqələrində yeni mərhələnin əsasını qoymuşdur. Dəyərli dövlət başçısı İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq mərkəzi kimi tanınmağa başlayır və belə bir imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda davamlı olaraq düzənlənən uluslararası toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 2007-cı ildə Bakıda təşkil olunmuş bir sıra mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, Azərbaycanın beynəlxalq əlaqələrinə ciddi təkan vermişdir.
Türk dünyasının böyük öndəri Heydər Əliyevin xarici siyasət kursunu davam etdirən Azərbaycan Prezidenti ötən müddətdə Qərb siyasi yarımkürəsinin aparıcı dövlətləri ilə yanaşı, tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsini də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətə çevirmişdir. Cənab İlham Əliyev bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq onları vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə çalışır. Dövlət başçısının qısa zamanda bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı türk dünyasının konsolidasiya və əməkdaşlıq mərkəzlərindən birinə çevirmək üçün əzmkar fəaliyyət göstərdiyinin təsdiqidir. Prezident İlham Əliyevin hələ ötən ilin sentyabrında Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirakı və oradakı məzmunlu nitqi bunu bir daha təsdiqləyir.
Ötənilki qurultayın sonuncları, ilk növbədə, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini və ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü "bir millət, iki dövlət" tezisinin tam doğrulduğunu deməyə ciddi əsaslar verir. Qurultayın qətnaməsində vurğulandığı kimi, tarixən bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək qardaş köməyini bir-birindən əsirgəməmişlər. İki qardaş ölkənin diasporlarının fəaliyyətinin əlaqələndirilməsi ciddi uğurlara yol açmış, xüsusilə təcavüzkar Ermənistanın Avropa Şurası çərçivəsində ciddi diplomatik uğursuzluqlara düçar olmasına gətirib çıxarmışdır. Dünyadakı türk diaspor təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyən addımlar atılmış, bir sıra məsələlərdə Azərbaycan və türk diasporlarının eyni mövqedən çıxış etməsi, birgə aksiyalar keçirməsi təmin edilmişdir. Qurultayda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə aparılan işlərin davam etdirilməsi, birgə fəaliyyət strategiyasının hazırlanması üçün türk və Azərbaycan diaspor təşkilatlarının müştərək forumunun keçirilməsi təşəbbüsü də irəli sürülmüşdür. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının birinci forumunun keçirilməsi Prezident İlham Əliyevin dövlətlərimiz arasındakı strateji müttəfiqliyə daha bir töhfəsi olmuşdur. Həmin qurultayda Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının daha sıx əməkdaşlıq etməsini, bədnam erməni lobbisinə qarşı fəal mübarizə aparmasını nəzərdə tutan bir sıra razılaşmalar, bəyanatlar qəbul olunmuşdur.
İki qardaş və dost ölkə bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə də yüksək səviyyədə əməkdaşlıq edir. Bir müddət əvvəl Türk Sənayeçi İş adamları Birliyinin (TUSİAB) Bakıda keçirdiyi toplantıda bunun bir daha əyani şahidi olduq. Həmin tədbirdə də böyük məmnunluq hissi ilə vurğulandı ki, Azərbaycanda türk iş adamlarının biznes qurmasına, respublikaya sərmayə yatırmasına hər cür şərait yaradılmışdır. Türkiyənin ünlü iş adamları Azərbaycandakı əlverişli biznes mühitindən lazımi səviyyədə istifadə etməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına hərtərəfli dəstək verirlər. Eyni zamanda Azərbaycanın da bir sıra şirkətlərinin Türkiyədə biznes qurmaq sahəsində ilk uğurlu addımlar atması bizi gerçəkdən çox sevindirir. Bütün bunlar ortaq iqtisadi ilişgiləri gücləndirməklə, iki dövlət arasındakı qardaşlığı, dostluğu, strateji müttəfiqliyi daha da möhkəmləndirir. Azərbaycan və Türkiyə yeni əsrdə regionun əsas güc mərkəzlərindən birinə çevrilmək iddiasını gerçəyə çevirmək niyyəti ilə bütün zəruri addımları atır.
Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. İki ölkənin iqtisadi əməkdaşlığından danışarkən Böyük Atatürkün "yurdda sülh, cahanda sülh" devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi zolaqda əməkdaşlıq imkanları açır. Mərmərə Vəqfi olaraq biz də bu toplantıların keçirilməsinə öz dəstəyimizi veririk.
Türkiyənin sayın cümhurbaşqanı Abdullah Gülün xarici ölkələrə ilk rəsmi səfərini məhz Azərbaycandan başlaması ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" deyiminin mahiyyətindən irəli gələn addım olmaqdan savayı, ikitərəfli əlaqələrə təkan verən mühüm tarixi hadisədir. Bu səfərin yekunları münasibətlərimizin dünəni, bugünü və gələcəyi barədə hər zaman nikbin düşünməyə ciddi əsaslar verir. Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır və onun səmimi dostluq və qardaşlıq münasibətini uca tutur, yüksək dəyərləndirir. Prezident Abdullah Gülün Azərbaycana rəsmi səfərinin yekunları isə iki dost və qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərinin bundan sonra daha sürətlə inkişaf edəcəyini, qırılmaz və dönməz mahiyyət daşıyacağını tam əminliklə söyləməyə imkan verir. Səfər əsnasında hər iki dövlət başçısının yüksək səviyyəli görüşlərində mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin yüksək səviyyəyə qaldırılması, eləcə də hər iki müttəfiq ölkəni maraqlandıran regional və beynəlxalq miqyaslı məsələlər geniş müzakirə mövzusu oldu. Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün başlıca maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüquq normalarının başlıca prinsipləri gözlənilməklə, yəni Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası şərti ilə aradan qaldırılması barədə geniş fikir mübadiləsi aparıldı. Türkiyə Prezidenti cənab Abdullah Gül bir daha bəyan etdi ki, rəsmi Ankara bundan sonra da münaqişənin ədalətli həllində Azərbaycana zəruri dəstəyi verəcək.
Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqedən çıxış etməsi, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması hazırda cənab İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də bu məqsədə xidmət edir. Hələ Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Prezident İlham Əliyev türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqlədi. Həmin toplantıda növbəti qurultayın Bakıda keçirilməsi təşəbbüsünü irəli sürmüş cənab İlham Əliyev bu vədini bu gün əməli işi ilə həyata keçirmək əzmini nümayiş etdirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və ev sahibliyi ilə bu gün işinə başlayan və üç gün davam edəcək Türkdilli dövlətlərin və topluluqların XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütövlükdə türk dünyası üçün əlamətdar tarixi hadisədir. Tədbirin məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək, türk dövlət cəmiyyətlərinin ümumi problemlərinin birlikdə həlli yollarını araşdırmaqdır.
Zənnimcə, türkdilli dövlətlərin və topluluqların 11-ci qurultayının Azərbaycan paytaxtında keçirilməsi vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsi olacaq və bir sıra mühüm sənədlər qəbul ediləcəkdir. Qurultaya müstəqil türkdilli dövlətlərin dövlət və hökumət rəsmiləri, muxtar və federal türkdilli dövlətlərin, muxtar türkdilli vilayətlərin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri dəvət olunmuşlar.
Böyük əhəmiyyət və xüsusi önəm daşıyan bu qurultayda türk dövlət və cəmiyyətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk dünyası mədəni irsinin təbliği, gəncliyin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması, ümumi problemlərin birlikdə həlli yollarının araşdırılması, türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, informasiya mübadiləsi təminatı, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə ediləcəkdir. Qurultayda türk dünyasını narahat edən bir sıra digər problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kirrin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə bağlı fikir mübadiləsi aparılacaq, bir sıra mühüm sənədlər qəbul ediləcəkdir. 30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın, habelə türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Rəsmi açılışdan sonra qurultay işini 6 komissiyada - "Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları", "İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm", "Elm, təhsil və texnologiya" "Cəmiyyətin idarə olunması və hüquq", "Dil və mədəniyyət" və "Gənclik" komissiyalarında davam etdirəcək. Tədbirin sonunda komissiyaların hesabatları dinləniləcək və qurultayın yekun hesabatı qəbul olunacaq. Bundan başqa, qurultayda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi Osmanlı imperiyasında işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi ilə bağlı 1915-ci ildə baş vermiş hadisələrin "soyqırımı" kimi adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsini pisləyən bəyanatın da qəbul edilməsi gözlənilir.
1993-cü ildən Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarını Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfi (TÜDEV) keçirir. Əvvəlki 10 qurultayın hamısı Türkiyədə keçirilib. Beləliklə, ilk dəfədir ki, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Türkiyədən kənarda təşkil olunur. Bu, bir daha Azərbaycanın regionda və türk dünyasında artan nüfuzunun göstəricisidir.


İnanırıq ki, bu toplantı təkcə Azərbaycan və Türkiyə arasında deyil, ümumilikdə böyük türk dünyasının mənafeyinə, məqsədlərinə uyğun olacaq, ortaq maraqları özündə ehtiva edəcəkdir. Eyni dilə, soy-kökə, mədəniyyətə, tarixə, folklora malik türk xalqlarını bu gün iqtisadi həyat birliyi bütövləşdirir, sarsılmaz edir, vahid bir millət halında formalaşdırır. Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması qarşıda duran başlıca məqsədlərdən biridir.
 

Azərbaycan.- 2007.- 17 noyabr.- S. 5.