Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı öz işini başa çatdırmışdır

 

AzərTAc xəbər verir ki, noyabrın 19-da "Gülüstan" sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının yekun iclası keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbiri açaraq, hər birimizin adından bu gün türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının təşkilinə daim dəstək vermiş xalqlarımız arasında əməkdaşlığın inkişafı sahəsində böyük xidmətləri olan Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəli qurultay iştirakçıları adından salamlamışdır.
Sonra çıxış edən Türkiyənin dövlət naziri Sait Yazıçıoğlu qurultayın yüksək səviyyədə təşkilinə görə, öz adından və iştirakçılar adından Azərbaycan Prezidentinə minnətdarlıq etmişdir. O demişdir ki, qurultayda bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edən çox vacib məsələlər müzakirə olunmuşdur. Qurultayın komissiyalarında türkdilli dövlətlərin iş adamlarının birliyinin, vahid gömrük sisteminin yaradılması, viza rejiminin aradan qaldırılması, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin birgə assosiasiyalarının, qadın təşkilatlarının vahid qurumunun yaradılması barədə təkliflər səslənmişdir. Eyni zamanda, vahid turizm marşrutunun təşkili, turistlər üçün biletlərin qiymətlərində güzəştlərin tətbiqi ilə əlaqədar məsələlər də qaldırılmışdır. Biz əminik ki, çıxışlarda yaradılması təklif olunan qurumlar xalqlarımızın daha sıx birləşməsində mühüm rol oynaya bilər.
Qurultayda Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl çıxış etmişdir. O demişdir ki, Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı ilk dəfə 1993-cü il martın 21-23-də Antalyada keçirilmişdir. Ondan sonra Türkiyədə daha 9 qurultay keçirilmişdir və mən onların hamısında iştirak etmişəm. Bu gün, 15 ildən sonra ilk dəfə Türkiyədən kənarda keçirilən XI qurultayda iştirakımdan böyük qürur duyuram. Bu tədbirə dəvət olunmağıma görə qurultaya ev sahibliyi edən Azərbaycan dövlətinə, Azərbaycanın dəyərli Prezidenti, əziz qardaşım, hörmətli İlham Əliyevin şəxsində bütün dövlət və hökumət adamlarına və Azərbaycan xalqına təşəkkür edirəm.
Müstəqil Azərbaycan Respublikasının dəyərli qurucusu və bu ölkəyə xidmət etmiş əziz qardaşım, böyük dövlət adamı, türk dünyasının ulduz liderlərindən olan və türk dünyasına mənsub olmağın qüruru ilə yaşayan və ona dəstək verən mərhum Heydər Əliyevi və bu toplantıların başlanması və keçirilməsində hər zaman israrlı olan əziz qardaşım, dostum Alparslan Türkeşi də rəhmətlə anıram.
Türk dünyası 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, mən türkəm deyən, əfsanəsi, qəhrəmanı, dili və tarixi bir olan insanların dünyasıdır. Türkə görə türk ismini, türk adını Tanrı vermişdir. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır. Amma hamısı eyni çinarın budaqlarıdır. Tarixin enişi və yoxuşunda bəzən bu çinarın budaqları qurumuş, amma zamanı gəldikdə yenidən yaşıllaşmışdır. 1990-cı illərdən sonrakı hadisələr də belələrindən biridir. Çinar yaşarmışdır və hamınız bu yaşıl çinarın budaqları və yarpaqları olaraq buradasınız. Mənsub olduğumuz bu böyük cəmiyyətin harada yaşayırsa-yaşasın, hansı şərtlər içində olursa-olsun, soylu bir millət olduğu hər kəs tərəfindən qəbul edilir. Burada Attilanın bir sözünü ifadə etmək istəyirəm. Romalı general ondan soruşur ki, sizin əsalətiniz varmı? Yəni sizin əsilzadə mənşəyiniz varmı? O, belə söyləyir: Mən bir əsalətə mənsub deyiləm. Amma mən əsalətli bir dövlətin övladıyam.
Bu toplantının səbəbi də sizlərin kökünüzü saxlamanıza bir səbəbdir. O səbəbdən, bu səbəbdən bir-birindən ayrı düşmüş qardaşlar tarixin enişi-yoxuşunda bir-birini unutmadılar. Keçən 15 il bizim tariximizdə çox parlaq və önəmli bir dövr sayılır. 15 il millətlərin həyatında heç bir şeydir. Keçmiş 15 ilə baxaraq, hər şeyi dəyərləndirmək mümkün deyil, ancaq ötən 15 il gələcək üçün bizə yaxşı müjdələr verir.
Süleyman Dəmirəl xatırlatmışdır ki, indi totalitar bir sistemdən çıxmış türkdilli ölkələr, cəmiyyətlər var. Böyük əməkləri olmuş dövlət rəhbərləri və onlarla bərabər işləyən dəyərli yoldaşlarımız yeni dünyanı, yeni sistemi anlamaqda uğurlar qazanmışlar. Əgər belə olmasaydı, siz burada olmazdınız. Sizlər keçən illər ərzində dəyişən dünyanın xalqlarımız tərəfindən anlaşıldığını müşahidə edirsiniz. Bu, çətin bir işdir. Amma heç bir ümidsizliyə gərək yoxdur. Bu məsələlərə ömrünün 60 ilini vermiş insan olaraq bunları görmüşəm. Təxminən 85 illik cümhuriyyət olmasına baxmayaraq, Türkiyənin də bir sıra çətinlikləri vardır. Bərqərar olmuş demokratiyanın da çətinlikləri vardır. Ancaq əsas məsələ istiqaməti itirməmək və fəaliyyəti davam etdirməkdir. Əsas istiqamət demokratiyadır, insan haqlarıdır, bazar iqtisadiyyatıdır, xalqlarımızın rifahıdır, təhlükəsizliyidir. Əsas istiqamət işləyən bir dövlətdir, işləyən bir iqtisadiyyatdır, işləyən bir sistemdir. Əsas istiqamət hər şeyi bugünkündən daha yaxşı etməkdir. Sizlərə və gələcək nəsillərə söyləmək istədiyim budur. Səbrinizi tükətməyin. Məcburiyyət qarşısında yorulmayın, yolunuzu, işığı itirməyin.
Hamımızın getdiyi yol doğru yoldur. Sülh içərisində, əməkdaşlıq içərisində yolumuzu davam etdiririk.
Cənab Süleyman Dəmirəl daha sonra demişdir ki, işbirliyi bir-birini anlamaq, bir-birini xoş görmək deməkdir. Bu, bir mədəniyyətdir. Buna demokratiya mədəniyyəti və yaxud da formalaşmış cəmiyyətlərin mədəniyyəti deyirlər. İnsanların bir-biriləri ilə daha yaxşı işləmək imkanı olanda problemləri daha asan həll edə bilərlər. İnsan öz-özünə problem olmur. Əksinə, qarşıya çıxan problemlərin həlli üçün özündə güc tapır.
Bu baxımdan, əvvəlkilər kimi, bu qurultay da qarşıya qoyduğumuz məqsədə çatmaqda bizim üçün böyük əhəmiyyət kəsb edir.
Birləşin, inkişaf edin, onda problemləriniz də həll olunacaqdır. Bu yolda sizlərə və bu birlik üçün sizləri bir yerə yığan dəyərli insanlara minnətdarlıq edir, uğurlar arzulayıram.
* * *
Türkdilli dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafında xidmətlərinə görə Süleyman Dəmirələ "Orxon-Yenisey" mükafatı təqdim olunmuşdur.
Daha sonra qurultayın "Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları", "İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm", "Elm, təhsil və texnologiya", "Cəmiyyətin idarə olunması və hüquq", "Dil və mədəniyyət" və "Gənclik" komissiyalarının hesabatları dinlənilmişdir.
Bildirilmişdir ki, komissiyaların iclaslarında türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, gənclərin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyəsi, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər, eləcə də türk dünyasını narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsindəki çətinliklərlə bağlı fikir mübadiləsi aparılmış, qurultaya tövsiyələr təqdim olunmuşdur.
TÜDEV-in sədri Əbdülxalıq Çay qurultayda qəbul olunmuş Yekun hesabatı, Milli Məclisin deputatı Rafael Hüseynov isə 1915-ci il hadisələri ilə əlaqədar "erməni soyqırımı" iddiaları ilə bağlı qurultay adından hazırlanmış Bəyanat barədə məlumat vermişlər.
Dünya Azərbaycanlıları Konqresinin sədri Qulam Rza Təbrizi və Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış etmişlər.
Qırğızıstanın təhsil və elm naziri Kanibek Osmonaliyevə, komissiyaların sədrlərinə və onların müavinlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.
Nazim İbrahimov qurultaya yekun vurmuş, dəvəti qəbul edib Bakıya gəldikləri üçün iştirakçılara minnətdarlıq etmişdir. O, qurultayın Bakıda təşkilinə görə, bütün iştirakçılar adından Azərbaycan Prezidentinə təşəkkür edərək bildirmişdir ki, Prezident İlham Əliyev bu mötəbər tədbirə hazırlıq işini daim diqqət mərkəzində saxlamışdır. Bu, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə, mütəşəkkilliyinə verdiyi önəmin əyani sübutudur.
N.İbrahimov həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana, qardaş ölkənin 9-cu Prezidenti Süleyman Dəmirələ, Şimali Kipr türk xalqının lideri Mehmet Əli Tələtə, eləcə də digər türkdilli dövlətlərin dövlət, hökumət nümayəndələrinə qurultayda iştiraklarına və söylədikləri dəyərli fikirlərə, verdikləri çox qiymətli tövsiyələrə görə minnətdarlıq etmişdir.
Bununla da qurultay bağlı elan olunmuş, iştirakçılar "Gülüstan" sarayının qarşısında xatirə şəkli çəkdirmişlər.
* * *
Qurultayın Təşkilat komitəsinin Türkiyə tərəfdən həmsədri, TÜDEV-in sədri Əbdülxalıq Çay tədbirin yekunlarına dair qısa brifinq keçirmişdir.

 

Azərbaycan.- 2007.- 20 noyabr.- S. 3-4.