Türk xalqlarının mədəniyyətinin birgə araşdırılması mühüm əhəmiyyət kəsb edəcəkdir

 

AzərTAc xəbər verir ki, noyabrın 18-də "Avropa" hotelində Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Dil və mədəniyyət komissiyasının iclasına Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov sədrlik etmişdir.
Müxtəlif türkdilli dövlətlərin dilçi alimlərinin və mədəniyyət xadimlərinin iştirak etdikləri iclasda "Dil və mədəniyyət" mövzusu ətrafında müzakirələr aparılmış, məruzələr dinlənilmiş, təkliflər irəli sürülmüşdür.
İclasda akademik Bəkir Nəbiyev "Türk dünyası bioqrafik ensiklopediyası"nın yaradılması ilə bağlı qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, hazırda bütün türk aləminin son və irihəcmli bioqrafik məlumat toplusu 30 cildlik "Türk dünyasının ortaq ədəbiyyatı" layihəsi çərçivəsində hazırlanmış 8 cildlik ədəbiyyatçılar ensiklopediyasıdır. 2002-2007-ci illər arasında nəşr olunmuş bioqrafik ensiklopediya türk köklü bütün şair, nasir, dramaturq, ədəbiyyat tənqidçisi və nəzəriyyəçilərinin həyatını əks etdirir. Nəşrin 9 cildi isə sırf akademik üslubda işlənmiş ədəbiyyat tarixi səciyyəsi daşıyır və böyük ümumiləşdirici müqəddimədən sonra ayrılıqda hər bir türk xalqının ədəbiyyatının tarixini əks etdirir.
Diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycanda türk dünyasının iki böyük lideri - Heydər Əliyev və Atatürk haqqında bioqrafik ensiklopediya hazırlanır.
Belə tədbirlərin türkdilli dövlətləri daha da yaxınlaşdıracağını deyən Türk Dünyası Yazarlar və Sənətçilər Vəkfinin sədri Yəhya Akengin Dədə Qorqud dövlətlərarası mükafatının yaradılmasını təklif edərək bildirmişdir ki, Dədə Qorqud türk dünyasının böyük ortaq dəyəridir.
Ortaq əlifbanın yaradılması ilə bağlı məsələ müzakirə olunarkən bildirilmişdir ki, Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, türkməncə də, qaqauzca da və başqa adı və tarixi olan neçə-neçə dillər vardır ki, bir kökə, eyni ailəyə bağlıdır. Bu, oğuz türkcəsidir. Amma eyni kökdən qidalanan bu dillərin də sabitləşmiş fərqli özəllikləri vardır. Günün tələbi, zamanın istəyidir ki, bu dillər bir-birinə daha yaxın olsun, daha artıq ortaqlaşsın. Elə olsun ki, aralarındakı ən uzaq məsafələrə baxmayaraq, bu dildə danışanların hər biri digər qardaşının dilində çap olunmuş qəzeti, kitabı oxuyarkən rahat başa düşsün.
İclasda türk dünyası xalqlarının görkəmli xadimlərinin ortaq bioqrafik ensiklopediyasının hazırlanmasının yaşadığımız dövrün çox aktual, qlobal və gərəkli vəzifələrindən biri olduğu vurğulanmışdır.
Dil və mədəniyyət komissiyasının iclasında ortaq türk əlifbasının, dilinin, elektron terminoloji lüğətlərin, təhsil ocağının, televiziya kanalının, mətbu orqanının yaradılması, türkdilli yazılı mədəniyyət abidələrinin müasir elektron informasiya vasitələrinin imkanlarından istifadə etməklə gələcək nəsillərə çatdırılması, ortaq mədəni irsin birgə araşdırılması, sənətşünaslığın mətnşünaslıq, germenevtika, sosiologiya və qnoseologiya, kulturologiya və futurologiya, ontologiya və morfologiya kimi metodoloji aspektlərinin Azərbaycan sənətşünaslığında istifadə olunması və digər məsələlər müzakirə olunmuşdur.
Sonda komissiyanın yekun hesabatı təsdiq edilmişdir.

 

Azərbaycan.- 2007.- 20 noyabr.- S. 5.